"Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin 15 km dərinliyinədək irəliləyib, 11 yaşayış məntəqəsini ələ keçirilib..."
Rusiya diktatoru Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə irəliləməsi fonunda Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə "tass.ru" nəşri məlumat verib.
Məlumatda deyilir ki, iclas saat 13:00-da başlayıb. Bundan öncə Putin hökumət üzvləri ilə müşavirə keçirib.
Putin Təhlükəsizlik Şuraının üzvlərilə adətən cümə günləri görüşlər keçirir. Kremlin rəsmi saytında Təhlükəsizlik Şurası və hökumətin iclası barədə məlumatlar yoxdur.
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olması dünən səhərdən başlayıb.
Gün ərzində Rusiyanın Z-blogerləri və Kremlin hərbi müxbirləri ağır döyüşlərin getdiyi, bu zaman hərbi əməliyyatlarda böyük sayda qruplar, zirehli texnika, müxtəlif istiqamətlərdən hücum edən dəstələrin əlaqəli hərəkətləri barədə məlumat verib.
Z-kanallarının bu gün səhərə olan məlumatına görə, Ukraynanın hərbi birləşmələri regionun ən azı 15 km dərinliyinədək irəliləyib və 11 yaşayış məntəqəsini ələ keçirib.
Bundan başqa, "İki mayor" kanalı məlumat verib ki, hazırda "düşmən Avropaya qaz tranziti həyata keçirilən "Suca" qazölçən stansiyasını ələ keçirib".
Rusiya Müdafiə Nazirliyi bəyan edir ki, "aviasiya, raket qoşunları, artilleriya atəşi və sərhəddin qorunması üzrə bölmələrin fəal tədbirləri ilə" Kursk istiqamətində "düşmənin Rusiya ərazisinin dərinliyinə irəliləməsinə imkan verilməyib".
Bu arada isə Kursk vilayətinin qubernatoru Aleksey Smirnov deyib ki, Putin regionda vəziyyəti öz şəxsi nəzarətinə götürüb.
Onun sözlərinə görə, "vilayətdə vəziyyət nəzarətdədir, sakinlərin təxliyəsi təşkil edilib, müvəqqəti yerləşdirmə məntəqələri hazırlanıb, psixoloqlar işləyir, regiona Moskva və Sankt-Peterburqdan tibb işçiləri göndərilib.
Xatırladaq ki, Rusiyanın rəsmi şəxsləri dəfələrlə bəyan edib ki, üzdəniraq "xüsusi hərbi əməliyyat" plan üzrə gedir və onun bütün məqsədlərinə nail olunacaq.
Yeri gəlmişkən, son zamanlar Rusiyanın Ukraynada can atdığı məqsədlər səsləndirilmir. Yeganə istisna Putinin Ukraynanın Rusiya ordusu tərəfindən qismən işğal etdiyi dörd vilayətinə iddia etməsidir.