Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
6031
07 Aug 2024 | 11:31

“Məni niyə zindana atdınız- günahım, cinayətim nə idi?.- Gücünüz zəiflərə çatır?..”

“Deyir, neçə illərdir mavi Xəzəri də hasarlayıb yoxsul insanlara bu dənizi görməyi belə, çox görən varlılarımız, vəzifəlilərimiz, oliqarxlarımız da var... Nə var məni kimisinin boynuna istənilən cinayəti yükləyib zindana atmağa!.. Belələrini cəzalandırmaq lazımdır e!...”
 
"Amma heç kəs darıxmasın, bir gün mən də bütün kükürdümlə, qazımla, zəhərimlə, əzabımla, qəzəbimlə yerimdən vulkan kimi püskürəcəm, elə  Kəlbəcərdə, Laçında ətraflarındakı yaşıllıqlar məhv edilən Ağanus turşsuyu da, digərləri də,  Tutquçay da, Zabuxçay da, Şəlvəçay da, Həkəri də, Bərgüşad da, Tərtər də, ana Kür də, Araz da coşub qoca Xəzəri də kükrədəcək və o daşıb belə zalımların hamısını Fironlar kimi sularına qərq edib öz qoynunda gəbərdəcək..."
 
...Bir vaxtlar, lap keçmişlərdə Zəngəzur, Laçın, Minkənd camaatı mənim onlar üçün faydalı olduğumu anlayıb ətrafıma daş divar hörüb hovuz düzəldəndə, düzü bir az sıxıldım, incidim. Amma sonra düşündüm ki, məni Allah insanlara şəfa vermək üçün yaradıb, eybi yoxdur, hər şeyə səbir edərəm. Bu minvalla 1992-1993-cü illərdə ermənilər Laçını, Kəlbəcəri işğal edənədək o insanlar qoynumda dincəlir, bir çox xəstəliklərdən şəfa tapırdılar. Elə ki, haylar başladı qoynuma girməyə, elə bil, məni zorladılar. Çünki onların əksəriyyəti haram yeyib-içəndi, arağın, çaxırın, donuz ətinin, kolbasanın qoxusundan iyrənirdim. Hətta bir dəfə bezib 5-6 sərxoş dığanı qoynumda kükürd qazıyla boğub gəbərtdim...
 
Azərbaycan əsgərinin 2020-ci ilin Vətən savaşından sonra şükür etdim ki, nəhayət, bu yağıların əlindən qurtulub azadlığa çıxdım. Yenə əvvəlki doğma Azərbaycan, Laçın, Minkənd sakinləri qoynumda dincəlməyə başladı. Düzdü, onların da arasında araqdan, çaxırdan, pivədən içib qucağıma atılanlar vardı, bəziləri də ətrafımı zibilləyir, içdikləri içkilərin butulkalarını,  yedikləri qarpız-yemişin qabıqlarını, sellofan torbaları və s. qoynuma tökürdülər... Buna rəğmən onlar bu torpaqların gerçək sahibləri kimi mənim üçün doğmadırlar deyə, səbir edirdim və ümumiyyətlə, azad şəkildə insanlara xidmət edə bildiyimə görə sevinirdim... 
 
O gün qəfildən ayıldım ki, ağır texnika, dəmir-dümür səsi gəlir. Elə bildim ki, ətrafıma çəkilmiş divarları söküb yenidən genişləndirmək istəyirlər... Amma bir də baxdım ki, üstümü dəmir şəbəkə ilə örtürlər... Beləcə dəmir barmaqlıqlar arxasında qaldım.... Heç nə anlamadım. Nəhayət, eşitdim, danışırlar ki, guya bu günlərdə  4 insan qoynumda çimərkən zəhərlənərək həlak olub... 
 
...Yenə deyirəm, Allah məni insanlara şəfa vermək üçün yaradıb. Kimsə səhlənkarlıq və ya digər səbəbdən qoynumda həlak olacaqsa, bunun suçu məndədirmi? Axı ta ki ermənilər boğulanadək mənim yadıma gəlmir ki, hansısa azərbaycanlı qoynumda zəhərlənsin, boğulsun... Niyə adamların suçunu boynuma yükləyib məni zindana, həbsə atırsız? Niyə səmanı, günəşi sərbəst, azad şəkildə görməyimizin qarşısını alırsız? Eşitmişəm, Zabuxda da Zabuxçayın sahillərini hasarlamısız... Öz aramızdı, deyəsən, gücünüz bizə -zəiflərə  çatır... Bəs yay aylarında iki gündən bir neçə adamı qoynunda boğan Kürü, Xəzəri niyə həbsə, zindana ata bilmirsiz?..
 
Amma yox, heç bir təbii su axarını, hövzəsini həbsə, dəmir barmaqlıqlar arasına atmayın, hasarlamayın... Öncə biz suların, bütövlükdə təbiətin ekologiyasını korlayan, Gədəbəydəki, Daşkəsəndəki qızıl, filiz mədənlərindən, Bakıdakı, Sumqayıtdakı, Gəncədəki  və s. zavod-fabriklərdən ətrafa, sularımıza, göllərimizə, çaylarımıza zəhər tökən, işğaldan azad edilmiş Laçında, Kəlbəcərdə, Qubadlıda və s. mənasız yerə meşələrimizi qıran, sakinlərin biçənək, otlaq, örüş yerlərini, yaylaqlarımızı qazıq-qazıq edib sıradan çıxaran yekə, pullu, vəzifəli məxluqları cəzalandırın... Deyir, neçə illərdir mavi Xəzəri də hasarlayıb yoxsul insanlara bu dənizi görməyi belə, çox görən varlılarımız, vəzifəlilərimiz, oliqarxlarımız da var... Onlar da qanunsuz olaraq düz sahildə haram pullarla tikdikləri, heç bir vergi, işıqpulu, qazpulu-filan ödəmədikləri villalarının çirkab sularını birbaşa dənizə axıdırlar... Belələrini cəzalandırmaq lazımdır e!.. Nə var məni kimisinin boynuna istənilən cinayəti yükləyib zindana atmağa!.. 
 
Amma heç kəs darıxmasın, bir gün mən də bütün kükürdümlə, qazımla, zəhərimlə, əzabımla, qəzəbimlə yerimdən vulkan kimi püskürəcəm, elə  Kəlbəcərdə, Laçında ətraflarındakı yaşıllıqlar məhv edilən Ağanus turşsuyu da, digərləri də,  Tutquçay da, Zabuxçay da, Şəlvəçay da, Həkəri də, Bərgüşad da, Tərtər də, ana Kür də, Araz da coşub qoca Xəzəri də kükrədəcək və o daşıb belə zalımların hamısını öz qoynunda gəbərdəcək...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər