“Rusiya Türkiyəyə hücum etməyə hazırlaşanda erməni diviziyası yaradıldı...” 
Ekskluziv
2313
06 Aug 2024 | 12:41

“Rusiya Türkiyəyə hücum etməyə hazırlaşanda erməni diviziyası yaradıldı...” 

 
“Mən o vaxt sağalaram ki, erməni diviziyası Türkiyəyə hücum etsin. Onda mən bu yataqdan hoppanıb komandir olmasam da, sıravi əsgər kimi vuruşaram...”

 

Bu gün bir sıra orta yaşlı və yaşlı nəsil nümayəndələri  SSRİ imperiyasının boyunduruğu altında yaşadığımız dövrü tərifləyir, hətta bəzi telekanallar və nəşrlər insanlarımızda o dövr üçün nostalji, həsrət hissləri yaşatmağa çalışılan verilişlər nümayiş etdirir, materillar dərc edir. Təəssüf ki, belə hisslərə qapılan müstəqil(!) Azərbaycan vətəndaşlarının çoxu həmin sovet dönəmində xalqımızın başına gətirilmiş faciələri ya xatırlamır, ya da bilərəkdən gözardı edirlər...
 
Məsələn, hələ də çoxları bilmir ki, sovet dövründə bir müddət Azərbaycanın rəhbəri, eləcə də daxili işlər naziri və s. aparıcı vəzifələrdə daşnak xislətli ermənilər olub və onlar xalqımızın, onun ziyalılarının başına hansı oyunları açıblar, onları necə şərlədib, həbs etditrib güllələdiblər...
 
Sovet dövründə Ermənistanda müxtəlif vəzifələrdə çalışmış, görkəmli ictimai-siyasi xadim Talıb Musayevin 2008-ci ildə nəşr edilmiş  “Ermənilər və faciələrimiz” kitabının “Azərbaycan Daxili İşlər Nazirliyində çalışan maskalanmış erməni generalları Azərbaycanda yüksək vəzifəli rəhbər işçiləri, məşhur ziyalıları məhv edir, öz qanlı əməllərini Ermənistanda davam etdirirdilər” başlıqlı bölməsində məhz bu mövzudan bəhs edir. Gələcəyimizi Rusiyada görən, qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birgə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və onun əvəzində ölkəmizi işğal edən bolşevik-kommunistlərin şura hökumətinin qurulması üçün əlindən gələni edən  məşhur Azərbaycan qadın inqilabçısı Ayna Sultanovanın acı sonluğu da bölmənin başlıca və ibrətamiz epizodlarındandır...

Beləliklə, aktuallığını nəzərə alaraq sözügedən materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

(Əvvəli burada: )

1945-ci ildə ABŞ ilə müttəfiq olan Rusiya(o vaxt SSRİ-S.L.)  Yaponiyaya hücum edib onu məğlub edəndən sonra belə söz-söhbət gəzdi ki, yaxın günlərdə Türkiyəyə də hücum olacaq. Bu hadisədən çox şadlanan ermənilər o müharibəni rus ordusunun köməyi ilə ermənilərin aparmasını, komandirlərin ermənilər olmasını Zaqafqaziya hərbi komandanlığı qarşısında qaldırıb müsbət həll etmişdilər. Böyük Vətən müharibəsindən sonra “erməni diviziyası”na  komandir Ayvazyan təyin olunubmuş. Bunu mən belə müfəssəl haradan bildim?.. 
 
Ayvazyan paraliç olmuşdu. Evində müalicə edilirdi. Bir gün onun ad günü münasibətilə kampaniya təşkil olunmuşdu. Ayvazyanın arvadının qardaşı mən işlədiyim Basarkeçər rayonunda zootexnik işləyirdi. Baş zootexnik olmaq niyyətində idi. Ayvazyanın ad günü keçirilən gün mən İrəvanda idim.  Onun qaynı olan zootexnik də paytaxtda idi. Fürsəti əldən verməyən erməni hörmətli yeznəsinin təntənəli ad gününə məni də  dəvət etmək üçün Ayvazyanın bacısını, yəni öz arvadını götürüb mehmanxanaya gəlmişdi.  Dəvət üçün öz razılığımı bildirib məni bağışlamalarını, işlə bağlı gələ bilməyəcəyimi söyləsəm də, əl çəkmədilər. Və ertəsi gün gəlib məni  Ayvazyanın ad gününə apardılar... 
 
Məclisdə Ermənistanda çox hörmətli olan generallar, nazirlər iştirak edirdi. Onlardan bəzilərinin yadımda qalan çıxışlarını qeyd etmək istərdim...
 
General Ayvazyan öz çıxışında göstərdi ki, 4 il mütəmadi cəbhədə olmuşam. Cəbhdəki fəaliyyətimə görə neçə dəfə mükafat almışam. Bunu xalq, elə sizlər də yaxşı bilirsiniz... Yaponiyanın məğlubiyyətindən sonra Türkiyəyə hücum olacağını da eşidən kimi biz, erməni generallar – mən, Martirosyan və başqaları Zaqfrontdan(Cənubi Qafqazdakı SSRİ hərbi rəhbərliyi-S.L.) xahiş etdik ki, rusların köməkliyi ilə türklərə qarşı erməni diviziyası da vuruşsun və komandanlığı da biz edək. Xahişimiz yerinə yetirildi. Bizim diviziyanın mənim komandanlığımla türklərə qarşı vuruşmasına icazə verildi. Bunu eşidən bütün diviziya heyəti sanki toy-bayram içində şadlıq edirdi...
 
Biz müəyyən olunmuş döyüş mövqelərində tam hazır vəziyyətdə əmr gözləyirdik. Əmr çox gecikdi. Düzü, istədim ki, partizanlıq edib diviziyaya “hücum” əmri verim. Mən bu fikirdə olduğum ərəfədə əmr gəldi ki, gözətçilərdən başqa qalan diviziya geri çəkilsin və şəxsi heyətə istirahət verilsin. Həmin əmri alan saatdan  mən paraliç oldum. Və beş ildi ki, o geriçəkilmə əmrini yada saldıqca daha da pisləşirəm. Mən o vaxt sağalaram ki, erməni diviziyası Türkiyəyə hücum etsin. Onda mən bu yataqdan hoppanıb komandir olmasam da, sıravi əsgər kimi vuruşaram... 
 
Əzizlərim, siz həkimləri günahlandırırsız ki, bu beş ildə məni niyə müalicə etmirlər. Ancaq yazıq həkimlərdə nə günah var? Mən sizə dedim, nə vaxt müalicə olunmuş olaram. Qoy Allah o günü bizə qismət eləsin! Sizin sağlığınıza, düşmənlə vuruşmaq arzusunda olan erməni oğullarımızın sağlığına!”..
 
Ayvazyandan sonra Azərbaycanda uzun illər daxili işlər orqanlarında işləmiş Xoren Qriqoryan çıxış etdi. O dedi: “General Ayvazyan çox haqlı olaraq bildirdi ki, türklərə qarşı mübarizəni daha da gücləndirmək lazımdır. Mən uzun illər Azərbaycanda işləyərkən türkpərəst müsavatist-trotskistlər –hansılar ki, gizlənmişdilər, rəhbər işlərdə işləyirdilər, yazıçılar idilər, mən onalrdan çoxlarını tapıb lazım olan divanları tutmuşam... Xoren divan tutduğu bir çox azərbaycanlıların adını çəkdi. Ancaq ikisinin adını xüsusilə qeyd etdi...”
 
(Davamı var)
 
Təqdim etdi: 
 
Sultan Laçın                       
 
Link kopyalandı!
Son xəbərlər