Son vaxtlar İranla İsrail arasında pik həddə çatan siyasi gərginlik iki dövlət arasında birbaşa hərbi qarşıdurma ehtimalını gücləndirib. Bəs bu ehtimal nə dərəcədə yüksəkdir? Uzun onilliklərdir ki, yalnız sözdə yaşanan bu qarşıdurma hərbi müstəviyə sıçraya bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva belə bir qarşıdurmanı real hesab etmədiyini vurğulayıb:
“İran hələ ki, İsraillə açıq qarşıdurmadan yayınır. Çünki son aylarda İranın Livan və Suriyadakı proksi gücləri ciddi zərərlər görüb. Üstəlik, Tehrandakı rejimin xalq sarıdan beli bərk deyil. İranın daxilindəki sosial-iqtisadi problemlər xalqı hakimiyyətdən uzaq salmaqdadır. Üstəlik, İran nüvə silahını hazırlamaq yolunda son mərhələyə qədəm qoyur. Tehran hökuməti nüvə silahını əldə etdikdən sonra İsraillə nüvə dövləti kimi danışmaq istəyir.
Düşünürəm ki, İran yaxın günlərdə İsrailə iki-üç günlük “başağrısı” yarada bilər, amma bu uzunmüddətli müharibə olmayacaq. Faktiki olaraq İranın bu müharibə üçün gücü yoxdur. Tehran hökuməti ancaq təhdid etməyi bacarır. Əgər belə bir müharibə olarsa, İrandakı 40 milyon soydaşımızın həyatı təhlükə altında olacaq. İran İsraili Təbrizdən və Azərbaycan türklərinin sıx yaşadığı ərazilərdən vurmağa çalışacaq ki, İsrail də həmin ərazilərə cavab zərbələri endirsin. Nəticədə Tehrandakı molla rejimi yeni animasiya videoları hazırlayacaq ki, baxın, İsrail rejimi farsları yox, azərbaycanlıları hədəf alır, siz öz soydaşlarınızın qatilləri ilə dostluq edirsiniz.
Düşünürəm ki, İsrail ordusu bu kimi hərbi ritorikalara daha hazırlıqlıdır. Biz İran -İsrail savaşı baş verərsə, güneyli qardaşlarımıza öz sərhədlərimizi açmaq məcburiyyətində qalacağıq. Bu da ölkəmizə əlavə iqtisadi çətinliklər yarada bilər”.
Seymur ƏLİYEV