“Mən bu sualın cavabını bilirəm. Ancaq qərarı ölkə başçısı verməlidir...”
Ekskluziv
2485
05 Aug 2024 | 12:37

“Mən bu sualın cavabını bilirəm. Ancaq qərarı ölkə başçısı verməlidir...”

“Həmin arxivləri bu saat açsalar, içindən AXC liderləri çıxar, bir də sovet dövründə yüksək vəzifə tutmuş DTK zabitləri...”
 
2018-ci ildən, yəni hazırkı baş nazir Nikol Paşinyan baş nazir olandan bəri rəsmi İrəvanın Kremllə bağlı üzdə görünən siyasətinə, həmçinin bir sıra yerli və xarici siyasi şərhçilərin iddialarına görə Ermənistan Rusiya forpostluğundan uzaqlaşıb Qərblə, ABŞ ilə yaxınlaşmaq, müstəqil olmağa çalışır.  Amma  bu, Azərbaycanın tərəfdən çox vaxt Ermənistanın müstəqilliyini əldən verməsi kimi yozulur. Bu halda sual yaranır; axı biz də müttəfiqlik haqda saziş bağladığı Rusiya ilə həddindən artıq yaxınlaşırıq, onun agenturası, "5-ci kalon"u burada sərbəst fəaliyyət göstərir. Bütün bunlar da bu gün olmasa da, gələcəkdə bizim müstəqilliyimiz, dövlətçiliyimiz üçün  təhlükə deyilmi? Xüsusən də Rusiyanın Ukraynada qalib olaraq keçmiş imperiya sərhədlərini ardıcıllıqla bərpa etməyə çalışacağı halda...
 
Siyasi analitik, “Geosiyasi Tədqiqatlar Mərkəzi” adlanan qurumun rəhbəri kimi təqdim edilən Tahir Cəfərli Moderator.az-a açıqlamasında mövzu ilə bağlı gözlənilməz fikir və iddialarla çıxış edib. 
 
“Ermənistanın ABŞ-a yaxınlaşması Türkiyənin əldən çıxması deməkdir. Biz indiyə qədər anlamırıq ki, Türkiyə ABŞ-nin forpostudur. Əmr alsa ki, Ermənini qoru, o, ermənilərə day-day olacaq. Şuşadakı sonuncu Türk Dövlətləri sammitinə Ərdoğanın gəlməməsi, əvəzində Almaniyaya futbola getməsi, şəxsən mənim üçün təhqir idi. Bütün türk dövlətləri orada idi... 
 
Məsələ ondadır ki, dünya iki  düşərgəyə bölünür. Bu o deməkdir ki, dünyanın bölünməsi tarazlığı təmin etməsə, dağılmalıdır. Rusiya Azərbaycana müttəfiq dövlətdir. İranın qarşısını alan da Moskvadır. Bizim üçün üç təhlükə var: ABŞ, İran və Avropa Birliyi. Rusiya Ermənistan münasibətlərində əsas amil 1998-ci ildə bağlanmış Hərbi sazişdir. O sazişə görə Rusiya istədiyi vaxt bu ölkəyə girə bilər. Görün, iki gündən bir Kremlə qarşı çıxış edən Paşinyan həmin sazişin ləğvindən danışır? Haçan danışsa, yalnız onda inanmaq olar ki, Ermənistan Qərbi seçir…
 
-Bəs bütün hallarda imperiya xislətini itirməyən Rusiyanın "5-ci kalon"u, sovet dövründən qalma arxivləri açılmamış agentura şəbəkələri Azərbaycanın müstəqilliyi üçün təhlükə törətmirmi?
 
-Bilirsiz, bütün ölkələrdə digər dövlətlərin agentura şəbəkələri olur. Məgər Türkiyənin  Azərbaycanda agentura şəbəkələri yoxdur. Yadınıza  1995-ci ilin “OMON” qiyamını salın. Məgər onu Türkiyə  agenturasu təşkil etməmişdi?..
 
Keçək “KQB” arxivlərinə… Həmin arxivləri bu saat açsalar, içindən AXC liderləri çıxar, bir də sovet dövründə yüksək vəzifə tutmuş DTK zabitləri... Amma indi belələri ortaya düşüb ləyaqətli azərbaycanlıları agent adlandırır. Bax, arxivlər açılsa biz birinci belələrini görəcəyik. Çünki bu cür məxluqlar maskalanmış fahişələrdir…
 
-Bu arada o günləri “Facebook”da bir maraqlı sual paylaşmışdınız: "Ruslar və türklər deyir: Zəngəzura gir. ABŞ və İran deyir: girmə! Qazaxıstan və Çin deyir: İranla sərhədlərini aç! Rusiya, Türkiyə, ABŞ deyir: açma! Belə dilemma qarşısında qalmış siyasətçi necə qərar çıxartmalıdır ki, bu dövlətlər Azərbaycana düşmən olmasınlar?.." Bəs həmin sualın cavabı nədir?
 
-Mən bu sualın cavabını bilirəm. Ancaq qərarı ölkə başçısı verməlidir.
Hələ Geo-siyasi Tədqiqatlar Mərkəzi bundan sonra maraqlı məsələlər qoyacaq...
 
Sultan Laçın
 
 
 
Link kopyalandı!
Son xəbərlər