“Onu nə qədər döyüb, söyüb, saçlarını yolub-yoluşdurdumsa, ona qarşı irəli sürmüş olduğum cinayətlərin, günahların yazıldığı izahata imza atmadı...”
Bu gün bir sıra orta yaşlı və yaşlı nəsil nümayəndələri SSRİ imperiyasının boyunduruğu altında yaşadığımız dövrü tərifləyir, hətta bəzi telekanallar və nəşrlər insanlarımızda o dövr üçün nostalji, həsrət hissləri yaşatmağa çalışılan verilişlər nümayiş etdirir, materillar dərc edir. Təəssüf ki, belə hisslərə qapılan müstəqil(!) Azərbaycan vətəndaşlarının çoxu həmin sovet dönəmində xalqımızın başına gətirilmiş faciələri ya xatırlamır, ya da bilərəkdən gözardı edirlər...
Məsələn, hələ də çoxları bilmir ki, sovet dövründə bir müddət Azərbaycanın rəhbəri, eləcə də daxili işlər naziri və s. aparıcı vəzifələrdə daşnak xislətli ermənilər olub və onlar xalqımızın, onun ziyalılarının başına hansı oyunları açıblar, onları necə şərlədib, həbs etditrib güllələdiblər...
Sovet dövründə Ermənistanda müxtəlif vəzifələrdə çalışmış, görkəmli ictimai-siyasi xadim Talıb Musayevin 2008-ci ildə nəşr edilmiş “Ermənilər və faciələrimiz” kitabının “Azərbaycan Daxili İşlər Nazirliyində çalışan maskalanmış erməni generalları Azərbaycanda yüksək vəzifəli rəhbər işçiləri, məşhur ziyalıları məhv edir, öz qanlı əməllərini Ermənistanda davam etdirirdilər” başlıqlı bölməsində məhz bu mövzudan bəhs edir. Gələcəyimizi Rusiyada görən, qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birgə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və onun əvəzində ölkəmizi işğal edən bolşevik-kommunistlərin şura hökumətinin qurulması üçün əlindən gələni edən məşhur Azərbaycan qadın inqilabçısı Ayna Sultanovanın acı sonluğu da bölmənin başlıca və ibrətamiz epizodlarındandır...
Beləliklə, aktuallığını nəzərə alaraq sözügedən materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:
Ayna bu 6 erməninin işinə baxdı; onlardan hər birinə 8-10 il həbs cəzası verdi, xalamın əri Hamayaqa isə 10 il... Həmin hadisədən bir az keçəndən sonra Ayna Sultanovanı həbs etdim... Onu nə qədər döyüb, söyüb, saçlarını yolub-yoluşdurdumsa, ona qarşı irəli sürmüş olduğum cinayətlərin, günahların yazıldığı izahata imza atmadı. Hey “Bu, mənə qarşı şər-böhtandır”, -deyə çığırırdı. Əliheydər Qarayevi dağlayıb, dağlama zamanı lazımi sənədlərə imza etdirdiyim yadıma düşdü...
Aynanı bir daha çağırıb imza atmasını təklif etdim, nə qədər cəzalar verdimsə, yazılara imza atmadı. Bu dəfə canlı, yekəpər bir adam çağırtdırıb onun döşlərinə nazik kəndir bağlayıb nisbətən uzadıb iki qapı arasına qoyub sıxdırdım. Çığırtısı göyə qalxdı və çığıra-çığıra dedi: “Ay əclaf, gətir qol çəkim, apar güllələt!..”
Bu minvalla Aynaya uç izahata imza atdırdım, sonra da güllələndi. Bax, biz Azərbaycanda millətçi, müsavatçılara qarşı belə mübarizə aparmışıq...”
Bəli, Stalin daxili işlər orqanlarına o qədər inanıb meydan vermişdi ki, onlar heç kəslə hesablaşmadan kimi istəsələr, “millətçi”, “müsavatçı”, “kolxoz əleyhinə danışan” və s. adlarıyla damğalayıb həbs edirdilər. Və həmin günahsız insanları “NKVD” nə vaxt istəsə, həbsə alıb məhv etmişdi. Xüsusilə, 1937-ci ildə... Xorenlər tərəfindən də yüzlərlə belə hadisələr törədilmişdir...
Qayıdaq Xoren Qriqoryanla rastlaşmağıma... Bilirdim ki, o, mənimlə yolda görüşəndən sonra rəhbəri olduğum rayonda mənsiz əleyhimə iş aparıb materiallar toplamaq üçün gedir. 4 gün rayonda qalıb gecələr içdən çıxarılmış narazı adamları toplayıb izahatlar almışdı. Rayona gələn kimi hamısını mənə dedilər. Mən də Mərkəzi Komitəyə məruzə etdim. Dedilər, nə vaxt materialları təqdim edərsə, onda səni çağırarıq...
Xoren barəmdə topladığı qondarma materiallarda inandırıcı bir şey olmadığını başa düşərək MK-ya heç bir şey demir və material təqdim etmir. Lakin rayon partiya konfransına iki gün qalmış materialları MK-ya təqdim edir ki, MK faktları yoxlamağa vaxt tapmadan konfransda mənim seçilməyimə mane olsun. Onun bu fırıldaq hərəkətini başa düşən MK katibi deyir:
“Sən istəyirsən, bizi məcburiyyyət qarşısında qoyasan ki, Musayevin namizədliyini irəli sürməyək. Amma biz Musayevi müdafiə edəcəyik. Lakin konfransı keçirmək üçün büro üzvlərindən üç nəfər Ümumittifaq Kommunist partiyası mərkəzi komitəsinin məsul işçisini göndərib onlara tapşırarıq ki, bu material haqqında konfransa məlumat versinlər və çıxış edənlərə desinlər ki, həmin material barədə öz fikirlərini bildirsinlər”...
Beləcə qeyd olunan məsul şəxslər gəldilər. Konfrans başladı və mən məruzə etdim. MK nümayəndəsi S. Qazaryan material haqda konfransa məlumat verdi. Çıxış edənlər həmin sənədlərin yalan olduğunu, X.Qriqoryanın rayonda olarkən gecələr narazı adamları toplayıb onlara müxtəlif vədlər verərək bu materilları topladığını bildirdilər. Bu minvalla mən təkrar olaraq öz vəzifəmə seçildim. 120 konfrans nümayəndəsindən bir nəfər belə, məni qaralamadı. Mərkəzi Komitənin nümayəndələri İrəvana qayıdıb konfransda nümayəndələrin mənə qarşı olan münasibətləri haqda danışıb, hətta çıxış edən nümayəndələrin də mənimlə bağlı heç bir iradlarının olmadığını söylədilər. X.Qriqoryanın yaramaz siyasəti MK-ya tam aydın olandan sonra MK bu məsələni büroda müzakirə etdi. Büronun qərarlarında deyilirdi:
“Basarkeçər rayon partiya komitəsininn 1-ci katibi T. Musayev haqqında süni, saxta, qəsdedici materiallar toplayıb onu işdən götürtmək üçün konfransın keçirilməsinə iki gün qalmış həmin materialları MK-ya təqdim edən, bu yolla istədiyinə nail olmağa çalışan X.Qriqoryan ciddi və ağır cəzaya layiqdir”.
Büro onun respublikada yenicə işə başladığını nəzərə alıb sadalanan nöqsanlarını qeydə almaqla ona ciddi xəbərdarlıq etdi. Və daxili işlər nazirinə bildirildi ki, özünü şöhrətləndirmək üşün rəhbər partiya işçiləri haqqında bir də belə şər-bıhtan yazmaqla məşğul olarsa, haqqında daha ciddi tədbir görüləcəkdir...
(Davamı var)
Xüsusi qeyd:
Araşdırmamızdan bəlli oldu ki, hörmətli Talıb Musayevin, yəqin ki, yaşlı çağında, bir az yaddaş zəifliyi ucbatından Azərbaycan SSR daxili işlər naziri kimi təqdim etdiyi Xoren Qriqoryan Ayna Sultanovanın həbs edilərək güllələndiyi 1937-1938-ci illərdə Azərbaycan SSR Daxili İşlər Komissarlığının Dövlət Təhlükəsizliyi (DİK DTİ) İdarəsinin Məxfi Siyasi Şöbəsinin rəisi və DİK DTİ –nin 11-ci bölməsinin rəisi işləyib. Və yalnız 1943-1947-ci illərdə DİK xalq komissarının müavini olub...
Təqdim etdi:
Sultan Laçın