Rusiyanı gözləyən strateji dalan...
Ekskluziv
2044
02 Aug 2024 | 11:59

Rusiyanı gözləyən strateji dalan...

Rusiyada adamlar müharibədən yorulublar, hətta beziblər. “ Xaxolları cəzalandırmaq lazımdır” eyforiyasının ayılma mərhələsi başlayır.  Müharibənin ölkəni strateji çıxılmaz vəziyyətə saldığını dərketmə prosesinin başlandığı zəif də olsa Rusiyada hiss olunur. Müharibə qurbanlarının sayı artır və bu müharibəni bitirməyin zərurətini Kreml dilinə almasa da, şüuraltı olaraq dərk etməməsi mümkün deyil. 
 
İyul ayının ortalarından Rusiya üçün xoşagəlməz siqnallar daha intensiv xarakter almağa başlayıb. “The Economist” bu günlərdə geniş analitik material dərc edib. Nəşrin gəldiyi nəticə belədir:” sovet silahlarının ehtiyatı tükənir, Rusiya hərbi sənaye kompleksi ordunun ehtiyaclarını ödəməyi çatdırmır və nəhayət Rusiya bu ilin payızından müdafiəyə keçməyə məcbur olacaq”. Rusiya Avropada və ABŞ-da keçirilən seçkilərdən maraqlarına cavab verə biləcək dəyişikliklər gözləyirdi, amma artıq hiss olunur ki, bu ümidi də boşa çıxıb. Trampın belə seçkidə qalib gəlməsi Putini qane edəsi deyil. Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Trampla görüşdən sonra Trampın mövqeyi barədə verdiyi açıqlamalar Rusiyanın müharibəni sonlandırmaq şərtlərinin tam əksidir. 
 
Rusiyanın başqa bir ümid yeri olan Çinin də mövqeyində bəzi transformasiyalar baş verir. Məsələn, Ukrayna XİN rəhbəri Dmitri Kulebanın Pekinə səfəri bu dəyişikliyə bir nümunədir. Buna səbəb yalnız Kulebanın səfəri deyil,  eyni zamanda Putinin Şimali Koreya və Vyetnama səfərinin Pekində müəyyən narazılıq yaratmasıdır. Bu cür dəyişikliklər Kremlə də, bütövlükdə cəmiyyətə də ciddi təsir edir.
 
Hətta Rusiya daxilində aparılan sosioloji sorğuların nəticələri də göstərir ki, Rusiya əhalisinin az qala yarısı müharibənin “dəyərini” dərk etməyə başlayır. Əgər bu ilin fevral, mart aylarında “itkilərin nailiyyətdən çox olduğunu” düşünənlər 31 % idisə, iyul ayında bu 36 % təşkil edib. 28% isə hesab edir ki, RF tərəfdən ölən hərbiçilərin sayı 100.000 keçib. Bu onu göstərir ki, Rusiya cəmiyyəti ənənəvi” ət müharibəsi”ni daha qəbul etmək istəmir, amma Putinin yaxın zamanlara müharibəni bitirmək niyyətinin olmadığını da bilirlər. Rusiya teletəbliğatı nə qədər Qərbin uğursuz siyasətindən danışsa da, “xüsusi əməliyyatın” planlaşdırıldığı kimi getmədiyi faktdır.
   
Niderlandan verilən F-16-lar artıq cəbhədə Rusiya üçün ciddi narahatlıq yaradır. Rusiya vətəndaşlarının xaricə gedib gəlişindəki narahatlığı isə gizlətmək mümkün deyil. 
 
Rusiya elitasında “ayılma” mərhələli şəkildə baş verməsi bəzi faktorları formalaşdırır. Məsələn, Qərb Putinin şərtlərini qəbul etməyəcək. Belə olanda, ya sülh Qərbin şərtləri ilə yaranacaq, ya da tezliklə bitməsinin perspektivi olmayan müharibə davam edəcək.
 
Bütün bu baş verən proseslər Qərbin diqqətindədir və təbii ki, Ukraynanı hərtərəfli müdafiə etməkdə davam edəcək. Böhran anının yetişəcəyi tezliklə baş verməsə də, tədricən buna yaxınlaşılır. Sanksiyalar yalnız ordunun texniki təchizatında problemlər yaratmır, eyni zamanda arxa cəbhədə sosial gərginlik və kütləvi etirazlara səbəb ola bilər və onun ilk elementləri bir çox bölgələrdə özünü göstərməyə başlayıb.
 
Rusiya prezidenti indiki vəziyyətdə müharibəyə hakimiyyətini qorumaq aləti kimi baxır və ölkədə situasiyanı sərt nəzarətdə saxlayır, amma adətən vintlərin çox sıxılması onun qopması ilə də nəticələnə bilər. Rusiyanın seçimi də böyük deyil- ya Qərbin şərtləri ilə sülh, ya da məğlub olma riski ilə müharibəyə davam. Yəni, Ukrayna təslim olmur və heç kim də təslim edə bilməz. Bu isə, Rusiyanın strateji dalana dirənməsi və məğlubiyyəti deməkdir.
 
 Moderator.az
Link kopyalandı!
Son xəbərlər