“Modinin Zelenski ilə görüşü mümkün ABŞ sanksiyalarını neytrallaşdırmaq cəhdidir...”
Ekskluziv
2405
29 Jul 2024 | 11:19

“Modinin Zelenski ilə görüşü mümkün ABŞ sanksiyalarını neytrallaşdırmaq cəhdidir...”

“Çünki öncə dediyimiz kimi, Hindistan Rusiyanı sanksiyalardan qorumağa çalışan dövlətlərdən biridir...”
 
“Hindistan baş naziri Modinin Rusiyaya səfəri və Putinlə görüşünün əsas, bir nömrəli səbəbi Rusiya-Çin əlaqələrinin daha da sıxlaşmasıdır. Çünki milli maraqlarına zidd olduğundan Hindistan bundan narahatdır. Çox güman ki, görüşdə Hindistan lideri bu narahatçılığını dilə gətirib”.
 
Bunu Moderator.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı Hindistan baş naziri  Narendra Modinin Putinlə qucaqlaşıb görüşməsinin ardından Ukraynaya səfərini şərh edərkən söyləyib.
 
“Bu səfərin ikinci səbəbi Rusiyanı sanksiyalardan qoruyan əsas dövlətlərdən birinin də Hindistan olmasıyla bağlıdır. Hindistan Ukraynanı işğalını dəstəkləmədiyini bildirsə də, bitərəf mövqedədir. Amma Rusiyaya silah və digər məsələlərdə yardım da etmir. Eyni zamanda iqtisadi məsələlərdə dəstək olur.  O da maraqlıdır ki, son illər Rusiya tərəfindən Hindistanın “Kalaşnikov” avtomatıyla təmin edilməsinin miqyası artıb”, -deyə davamında şərhçi diqqətə çatdırıb.
 
“Məsələ ondadır ki, artıq Rusiya və müttəfiqləri ətrafında həlqə daralır.  Bunun göstəricilərindən biri də odur ki, ABŞ Ticarət Nazirliyi rəsmisi(nazirin müavini) tərəfindən Hindistanın mərkəzi bankına məktub yollanıb.  ABŞ hökuməti adından ünvanlanan məktubda bildirilir ki, Rusiyaya valyuta əməliyyatlarında və s. dəstək olacağı halda Hindistan dövlətinə qarşı ciddi sanksiyalar tətbiq ediləcək. Məhz həm də belə sanksiyalardan qorunmaq məqsədi ilə Hindistan baş naziri Moskvaya səfər etdi. Hindistanın Moskvaya qarşı dəstəvuzlarından biri, qeyd etdiyimiz kimi, Rusiya-Çin əlaqələrinin getdikcə sıxlaşmasıdır”, - həmsöhbətimiz izah edib.
 
Şərhçi hesab edir ki, Modinin Kiyevə səfərinin əsas məqsədi Rusiya ilə yaxın əlaqələrə görə ABŞ-dən gələ biləcək sanksiyaları neytrallaşdırmaq cəhdi ilə bağlıdır.
 
“Konkret olaraq Hindistan baş nazirinin Ukraynaya səfərinə gəldikdə, bilirsiz ki, hazırda bu dövlət Ukraynaya humanitar baxımdan az da olsa, dəstək verir. Odur ki, Modi-Zelenski görüşündə humanitar məsələlər də müzakirə oluna bilər. Digər tərəfdən, Hindistan Kiyevə Putinin hansısa təklifini aparmaqla Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamağa da çalışa bilər. Bununla belə, hesab edirəm ki, Modinin Ukraynaya səfəri məhz Rusiya ilə yaxın əlaqələrə görə ABŞ-dən gələ biləcək sanksiyaları neytrallaşdırmaq cəhdidir, bir növ siyasi-diplomatik bir manevrdir.  Bu səfərin nə dərəcədə uğurlu-uğursuz olacağı məsələsinə gəldikdə, birincisi, artıq rəsmi Dehliyə inam itib. Çünki öncə dediyimiz kimi, Hindistan Rusiyanı sanksiyalardan qorumağa çalışan dövlətlərdən biridir. Əlbəttə, Ukrayna tərəfi də bundan çox narahat və narazıdır. Onu da diqqətə çatdırmaq lazımdır ki, Hindistan dövləti hələ SSRİ ilə ABŞ arasında da daim praqmatik bir siyasət aparan dövlət olub. Bununla belə, rəsmi Dehli Rusiyanın Ukraynaya təcavüzü başlayandan daim bu savaşın əleyhinə olub. Rəsmi Moskvaya dəfələrlə bu narahatçılıq çatdırılıb. Bu həm də ondan irəli gəlir ki, savaşın davam etməsi Hindistanın da siyasi və iqtisadi maraqlarına uyğun deyil.  Ümumiyyətlə, Rusiyanın Ukraynaya qarşı təcavüzünün davam etməsi əksər dünya ölkələri üçün həm siyasi, həm də iqtisadi baxımdan təhlükə yaradır”- deyə analitik vurğulayıb. 
 
Sultan Laçın 
 
Link kopyalandı!
Son xəbərlər