Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
Ekskluziv
3523
28 Jul 2024 | 10:11

Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...

Rəsmi Paris Bakının zəngin təşkilatçılıq təcrübəsini öyrənməlidir, yoxsa...

 

Azərbaycanın dünya miqyasında ən böyük güc mərkəzlərindən biri sayılan Fransanı diplomatik cəbhədə dəfələrlə ağır məğlubiyyətə uğratdığı, onun anti-demokratik və anti-bəşəri mahiyyətini ifşa etdiyi birmənalıdır. Vətən müharibəsindən bugünə qədər keçən müddətdə bütün dünyaya, eləcə də Fransaya bir çox məsələlərdə demokratiya və ədalət dərsi keçən Azərbaycan, beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili sahəsində də bənzərsiz nümunələr ortaya qoymaqdadır.

 

Böyük idman yarışlarından tutmuş beynəlxalq əhəmiyyəti siyasi konfranslara qədər ev sahibi olduğu hər bir tədbiri yüksək peşəkarlıqla təşkil edən ölkəmiz, bu sahədə bütün dünyaya əvəzsiz təcrübə “ixrac etməkdədir”. Ötən gün  açılışı olan Paris-2024 Olimpiya Oyunlarının təşkilində yol verilən ciddi səhvlər, çoxsaylı nöqsanlar bu cür tədbirləri zərgər dəqiqliyi ilə hazırlayan Azərbaycanın Fransadan təşkilatçılıq bacarığı baxımından da müqayisəolunmaz dərəcədə üstün olduğunu sübut etdi.

 

Uğursuz təşkilatçılığı ilə açılışı mərasimi zamanı tamaşaçıları saatlarla leysan altında qalmağa məcbur edən rəsmi Paris, tədbir iştirakçılarının fiziki və mənəvi təhlükəsizliyinin təmini məsələsində də tam bir rüsvayçılıq sərgilədi. Açılış mərasimindən bir neçə saat öncə çempionatın bürünc mükafatçısı Zikonun taksidə yarım milyon avro məbləğində qarət olunması, Argentina futbol yığmasının şəxsi əşyalarının oğurlanması, oyunlardan bir neçə gün öncə Avstraliyadan olan 25 yaşlı gənc xanımın 5 nəfər tərəfindən Paris küçələrində zorlanması və digər cinayətlər Paris-2024 Olimpiya Oyunlarına damğa vuran əsas olaylar oldu. Bütün bu hadisələr göstərdi ki, Fransa Olimpiya Oyunlarının nə iştirakçılarının, nə də tamaşaçıların təhlükəsizliyi təmin etmək iqtisadında deyil. Fransa prezidenti Emmanuel Makronun iştirakçılar tərəfindən fitə basılması  bu reallığın tamaşaçılar tərəfindən də aydın dərk edildiyini göstərdi.

 

Paris-2024 Olimpiya Oyunları ərəfəsində, habelə açılış mərasimində xristianların dini hislərinin təhqir olunması, cinsi azlıqların təbliği, ümumbəşəri dəyərlərə açıq hörmətsizlik mərasim iştirakçılarına qarşı həm də mənəvi terrorun həyata keçirildiyini göstərdi. Təsadüfi deyil ki, Macarıstanın baş naziri Viktor Orban Beile Tuşnad şəhərində çıxışı zamanı Paris-2024 Olimpiya Oyunları ilə bağlı təəssüratlarından danışarkən demişdir: “Olimpiadanın açılışı Qərbin mədəniyyət və əxlaq təsəvvürlərinin olmadığını göstərdi”.

 

Yaşanan olaylar sübut etdi ki, əslində proseslərin idarə olunmasında rəsmi Parisin iştirakçılığı məhduddur və olayların gedişatına kütlələr, müxtəlif qriplaşmalar tədbir təşkilatçılarından heç də az təsir göstərmir.

 

Bir sözlə, Paris-2024 Olimpiya Oyunları Fransa hökumətinin təşkilati səriştəsizliyini isbatlamaqla yanaşı, həm də Fransanın rəsmi Bakıdan öyrənməsi gərəkən çox şey olduğunu göstərdi. Proseslərin gedişatı göstərdi ki, rəsmi Paris növbəti dəfə eyni rüsvayçılığa yol verməmək üçün Bakının zəngin təşkilatçılıq təcrübəsindən faydalanmalı, bu təcrübəni qismən də olsa mənimsəmək üçün böyük zaman və enerji sərf etməlidir. Əks təqdirdə, rəsmi Paris Makron hökumətinin bacarıqsızlığına etiraz əlaməti olaraq kütlə tərəfindən səsləndirilən fit səslərini növbəti tədbirlərdə də təkrar-təkrar eşitməli olacaq.  

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər