Sülh Fondundan sülhə xidmət etməyən addım: Qərb iki əsrin cəlladını kimdən qoruyur?
Ekskluziv
2161
23 Jul 2024 | 13:12

Sülh Fondundan sülhə xidmət etməyən addım: Qərb iki əsrin cəlladını kimdən qoruyur?

Xəbər verdiyimiz kimi, Avropa Sülh Fondu Ermənistana 10 milyon avro məbləğində yardım ayırıb. Adıçəkilən qurum bəyan edib ki, yardımda məqsəd “Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq və böhran və fövqəladə vəziyyətlərdə mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir”.

 

Avropa Sülh Fondunun Azərbaycanın sülh səylərini dəstəkləmək, İrəvanı sülhə dəvət etmək əvəzinə Ermənistanı silahlandırması, habelə bunu hansısa təhlükə və böhranla əlaqələndirməsi absurddur. Hər şeydən öncə ona görə ki, nə bu gün, nə də dünən Ermənistanı heç bir dövlət təhdid etməyib. Ermənistanın sabahı ilə bağlı da belə bir risk yoxdur. Başqa sözlə desək, regionda Ermənistanın varlığı, yaxud təhlükəsizliyi üçün təhdid doğuran heç bir təhdid mövcud deyil. Bu isə o deməkdir ki, Ermənistanın Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmağa heç bir ehtiyac yoxdur. Həmçinin, unutmaq olmaz ki, Ermənistan ordusu üçün bu xidməti Fransa və Hindistan könüllü şəkildə, həm də Avropa Sülh Fondundan daha əhatəli şəkildə yerinə yetirməkdədir.

 

İkincisi, həm yaxın, həm də uzaq tarixin təhlili göstərir ki, Ermənistan özü hər zaman mövcud olduğu regionda bütün qonşu dövlətlər üçün təhlükə mənbəyi olub, qonşularına qarşı silsilə soyqırımları, qanlı cinayətlər törədib. Son iki əsr ərzində Ermənistanın Azərbaycan xalqının başına gətirdiyi müsibətlər buna nümuədir. Belə olan halda iki əsrin cəlladını qorumaq, qatili qurban kimi qələmə vermək sülh və ədalət anlayışına xəyanətdən başqa bir şey deyil. Bu, həm də insanlığa qarşı cinayətdir.

 

Üçüncüsü, adında “sülh” sözünü ehtiva edən beynəlxalq bir qurumun özündən min kilometrlərlə uzaqdakı 200 yaşlı qatili silahlandırması, sülhü silah-sursat hesabına təmin etməyə cəhd etməsi bu qurumun adı ilə əməli arasındakı ziddiyyətdən xəbər verir. Avropa Sülh Fondunun bu addımı bu gün Azərbaycana qarşı mina terrorunu davam etdirən Ermənistanı yeni təxribatlara həvəsləndirmək cəhdindən başqa bir şey deyil.

 

Ümid edirik ki, Avropa Sülh Fondu nə vaxtsa qatillə qurban arasındakı fərqi müəyyən edə biləcək və sülh üçün yığılan milyonları yeni qırğınlar törətməyə sərf etməyəcək.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər