Tezliklə təqdim olunacaq yerli məhsul “Pozğun” psixoloji trilleri insanlarda böyük maraq doğurur. Trillerdə göstərilənlər, tamaşaçıların gözünün öyrəşmədiyi kadrlar daha çox səs salır.
Biz də mövzu haqqında trillerin müəllifi, tanınmış rejissor Elvin Abdulla ilə əlaqə saxladıq. O, film haqqında əsas məqamları
Moderator.az-a danışdı.
“Pozğun” psixoloji trilleri bir narkomanın həyatından bəhs edir. O gecə ki, həmin bir gecədə onun bütün həyatı dəyişir, o, həyatının səhvini edir. Yanlış anlama, təsəvvürə görə öz həyat yoldaşını çəkiclə başından vuraraq, qəddarcasına qətlə yetirir. Qardaşı ilə birlikdə doğrayıb, kisələrə yığır. Biz belə bir qəddarlığı özündə əks etdirən film çəkmişik. Bu film (21+ )-dur. 21 yaşdan aşağı yaşdakılara baxmağı məsləhət görmürük. Eyni zamanda filmin əvvəlində “ürəyi zəif, əsəbi, xəstə olanlar və həssas olan insanlar bu filmə baxmasınlar” yazısını qeyd edəcəyik. Çünki filmdə olan görüntülərə görə həqiqətən də bu insanların izləmələrini tövsiyə etmirik.
Biz niyə belə bir addım atmışıq? Belə qəddarcasına bir filmi çəkməyə nə ehtiyac var idi? -sualları yaranır.
Hansı ki, içində erotik kadrlar, iyrəncliklər də var. Müəllif olaraq şəxsi fikrimdir ki, narkotika aləmində filmdə göstərdiyimiz hər şey var. İzləsəniz görəcəksiniz ki, filmdə erotika, gecə həyatının rəngli işıqları hansı ki, kənardan çox əyləncəli və cəlbedici görünür. Bunlarla yanaşı qaranlıq ev də var. Filmi 2 hissəyə bölsək, başlanğıcı kafe, rəngli dünyadan ibarətdir. Evə gəldikdən sonra işıqların rəngi də artıq solur, solğun rənglərə bürünmüş kasıb bir ev göstərilir. Evin içində tarakanlar da var və xüsusilə istifadə etmişik evin içində. Treylərə də diqqət etsəniz sonunda “Pozğun” sözünün yanında tarakanı görəcəksiniz. Mən tarakanı məhz narkomana bənzədirəm. Demirəm ki, bütün narkomanlar tarakandır və ya bütün narkomanlar pisdir. Ancaq ümumiyyətlə, narkomaniyanı tarakana bənzədirəm. Onlar da parazit kimi kimdənsə, nədənsə qidalanırlar. Bir tarakan kimi kiminsə qalıqları ilə yaşayırlar. Filmdə də görəcəksiniz ki, baş qəhrəman- narkoman da belədir. Hətta, həyat yoldaşının ona xəyanət etdiyini, fahişəliklə məşğul olduğunu düşünür. O məqamda belə, qardaşından kömək istəyir. Özü qərar verib, tək addım ata bilmir. Kömək istəyir. Daim kimdənsə nəsə istəyir. Buna görə də tarakana xas olan bir xüsusiyyət, metafora işarəsini vermişəm. Düşünürəm ki, bu hekayəni məhz belə qəddarlıqla, iyrəncliklərlə, erotika ilə çəkmək lazım idi. Yəni o narkomanın dünyasını olduğu kimi yaratmaq lazımdır ki, insanlar başa düşsünlər ki, narkomaniyanın hansı dünya olduğunu başa düşsünlər. Belə düşünərək, belə qərar verib, çəkmişik.
Mənfi rəylərə qaldıqda isə biz onlara açıq və hazırıq. Bəli, biz də sizin kimi düşünürük ki, tamaşaçıların çox hissəsi hələ ki buna hazır deyil.
Bizim məqsədimiz tamaşaçıların zövqünü, intellektual səviyyəsini dəyişmək deyil. Nə də ki, qoy onlar da bilsinlər ki, biz də belə bir şey çəkirik və s.
Bizim çox sadə bir səbəbimiz var. Bu hekayəni bu cür çəkmək lazım idi. Bu hekayənin dünyası budur. Ona görə də belə çəkmişik.
Mənfi rəylər də insanların şəxsi fikirləridir. Biz buna hazırıq. “Milli-mənəvi dəyərlərimizə ziddirmi?” sualına cavab verməyim çətindir. Bəli, əlbəttə ki, milli dəyərlərimizə zidd kimi görünür ilk baxışda. Amma bu bir sənətdir, incəsənətdir və əlbəttə ki, bu hamı üçün deyil. Bayaq qeyd etdiyim kimi 21 yaşdan aşağı insanların baxmağı məsləhət görülmür deyə, necə lazımdırsa, elə çəkmişik. İstəyirlərsə, filmdə olan xəbərdarlığı görüb, baxmasınlar. Yox, əgər baxırlarsa, mənfi rəy yazmasınlar. Bu da mənim fikrimdir.
Qısacası, ictimaiyyət bilsin ki, məqsədimiz narkomaniyanın hər bir tərəfini ekstrimist dərəcədə göstərməyə çalışmışıq ki, insanlar narkomaniya dünyasının tamamilə bədənlərində, ruhlarında hiss etsinlər və bu əməldən uzaqlaşsınlar. Onlarda bu maddəyə qarşı antipatiya yaransın”.
Nərminə Kamal