Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
4585
22 Jul 2024 | 17:44

“Mənim üçün ən böyük mükafat - sözümü azad demək, yazmaq imkanı olardı...”

"33 ildən çox qələm çaldığım müddətdə nə dövlətdən, nə də hansısa bir qurumdan heç bir mükafat-filan ummamışam, ev, vəzifə və s. istəməmişəm və almamışam..."
 
“Dəfələrlə sovet dövründən “qlavlit” deyilən senzuranın rəhbəri, kabineti də, özü də “37-ci il” qoxusu verən Cahangir İldırımzadə ilə, həmçinin müstəntiqlərlə üzbəüz oturub haqqımı, sözümü isbatlamaq üçün saatlarla çənə döymüşəm...”
 
“Sözüm düz olsun... Özümlə sözüm bir olsun, özümə xəyanət etməyim, sözümə xəyanət etməyim...”
 
-FİKİR SAVAŞI...-
 
Milli(!) Mətbuat Günüdür...  Əslində bu hər əlinə qələm alanın, hər bilgisayar önündə əyləşib xəbər, yazı yazanın, hər jurnalist, müxbir vəsiqəsi daşıyanın günü, bayramı deyil. Əgər bu Gün rəhmətlik Həsən bəy Zərdabi ilə, onun “Əkinçi”si ilə bağlıdırsa, yalnız o ada, o milliliyə, mənəviyyata layiq jurnalist, yazar adı daşıyanlara aid edilməlidir. Yoxsa əlinə qələm, mikrofon alandan tərifdən və yalandan başqa heç nə demək, yazmaq bilməyən, az-maz tənqidi də qərəzli, “nəsə qoparmaq” məqsədli olanları təbrik etmək, mükafatlandırmaq nə qədər məntiqlidir, doğrudur?... Və belələri milli(!) mətbuat, jurnalistika adına verilən həmin mükafatları hansı vicdanla qəbul edir, anlaya bilmirəm...
 
Bu mənalarda əslində bəndənizi bu gün Milli Mətbuat günü yox, millətin və mətbuatın günü maraqlandırır...
 
Özünütərif kimi yox, fakt kimi deyirəm; ölkə mətbuatında 33 ildən çox qələm çaldığım müddətdə nə dövlətdən, nə də hansısa bir qurumdan heç bir mükafat-filan ummamışam, ev, vəzifə və s. istəməmişəm və almamışam... Yalnız bircə dəfə, səhv etmirəmsə, 1994-cü ildə jurnalistlərin o vaxtkı həmkarlar ittifaqı kimi tanınan bir hakimiyyətyönlü qurum mənə jurnalist fəaliyyətimə görə rəsmən bir diplom verib, amma hətta AZTV-də də adım səslənsə də, həmin sənəd nədənsə bu günədək gəlib özümə çatmayıb... 
 
Daim hər yazımda, hər müsahibəmdə, hər köşəmdə, hər xəbərimdə mümkün qədər gerçəyi deməyə çalışmışam... Başqa sözlə, bütün hakimiyyətlərə də, müxalifətlərə də müxalifətdə olmuşam, yəni onların da gördüyü işlərə tənqidi mövqedən yanaşmışam... Həm hərbi, həm siyasi senzuralar dövründə, həm də rəsmən senzuranın olmadığı dövrlərdə yüzlərlə yazımı bağrımı yandıra-yandıra ya doğram-doğram ediblər, ya da bütövlükdə sildiriblər... Dəfələrlə sovet dövründən “qlavlit” deyilən senzuranın rəhbəri, kabineti də, özü də “37”-ci il qoxusu verən Cahangir İldırımzadə ilə, həmçinin müstəntiqlərlə üzbəüz oturub haqqımı, sözümü isbatlamaq üçün saatlarla çənə döymüşəm...   Bu minvalla ata, baba olmuşam... İndən belə də hər bir işdə olduğu kimi, bu media işində də mükafatımı yalnız Allahdan umuram... Bu dünyadakı iqtidar sahiblərindən isə artıq umacağım yeganə nəsnə Sözümü öz düşündüyüm kimi, yəni Azad demək, yazmaq imkanıdır... Bu, mənim üçün ən böyük mükafat olardı... 
 
18 kvadrat metrlik yataqxana otağımda masanın küncündə qələmim, bilgisyarım, bir neçə vacib kitabım, dəftərçım üçün bir yer, bir də oturmaq üçün stul bəsimdir... Təki ruhum, düşüncəm azad olsun, onların uçmaq, cövlan etmək məkanı geniş olsun...  
 
Ən vacibi ruhən azadlıqdır... Kimsə nə iləsə, hansısa maddi nemətlə, vəzifə-filanla ruhumu, düşüncəmi həbs etməyə cəhd göstərməsin... 
 
Sözüm düz olsun... Özümlə sözüm bir olsun, özümə xəyanət etməyim, sözümə xəyanət etməyim...
 
İşlədiyim media qurumu istər hökumət qurumundan, istərsə də hansısa oliqarxdan, şirkətdən, iş adamının xəsisliklə, yüz şərtlə, yüz minnətlə ayıracağı vəsaitdən asılı olmasın... Öz dürüst, obyektiv, maraqlı, düşündürücü xəbərləri, yazıları, şirkətlərin reklamları və s. özü-özünü dolandırsın...
 
Çörəyimi özüm alım, duzumu özüm alım, evimi özüm alım, maşınımı özüm alım... 
 
Bir obyektiv, faktlara, gerçəkliyə söykənən, heç bir təhqir-filan olmayan tənqidi yazını yazandan beş dəqiqə sonra hansısa məmur, yaxud iş adamı zəng edib hədə-qorxu ilə “O yazını dərhal silin” deməsin, ümumiyyətlə, deyə bilməsin, buna cəsarət etməsin, dövlət, qanunlar buna imkan verməsin...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər