II Şuşa Qlobal Media Forumu dezinformasiyalara qarşı mübarizədə yeni mərhələnin başlanğıcı olacaq
Ekskluziv
2457
21 Jul 2024 | 16:32

II Şuşa Qlobal Media Forumu dezinformasiyalara qarşı mübarizədə yeni mərhələnin başlanğıcı olacaq

Məlum olduğu kimi, bu gün II Şuşa Qlobal Media Forumu çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” adlı birinci panel sessiya keçirilib. Sessiyada çıxış edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək dezinformasiyanın cəmiyyətdə yeni olmadığına toxunaraq deyib: “Dezinformasiya yeni fenomen deyil. İnformasiya çox güclü vasitədir. Lakin onun necə istifadə edildiyi böyük sual altındadır. Ən təhlükəlisi isə odur ki, dezinformasiya manipulyasiyaya və Azərbaycan xalqına qarşı psixoloji müharibəyə çevrilib”.

 

Hikmət Hacıyev milli medianın dezinformasiyalara qarşı mübarizədəki rolunu da yüksək qiymətləndirib: “Bəzi xarici media orqanları bildirirdi ki, guya biz Ermənistana qarşı cinayət törətmişik, işğala məruz qalan onlardır. Lakin biz cidd-cəhdlə təkzib vasitələrini işə salmışdıq. Rəsmi bəyanatlar və mətbuat konfransları vasitəsilə düzgün məlumatı və həqiqəti dünyaya çatdırırdıq. Bizim media bu işdə çox böyük rol oynayıb”.

 

Hikmət Hacıyevin sözlərindən məlum olduğu kimi, dezinformasiyalar nəticə olaraq ölkəmizə qarşı psixoloji müharibə vasitəsinə çevrilib. Bu isə o deməkdir ki, 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində düşməni hərbi müstəvidə darmadağın edən Azərbaycan üçün media və psixoloji müstəvidə müharibə hələ də davam edir.  Bu isə milli mediamızın informasiya müstəvisindəki qlobal təhdidlərə qarşı mübarizədə daim ayıq-sayıq olması, məlum hücumlara adekvat səviyyədə cavab verməsi zərurətini yaradır.

 

II Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” adlı birinci panel sessiyasının digər önəmi, dezinformasiyaların qlobal miqyasda ciddi problemə çevrilməsi həqiqətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. II Şuşa Qlobal Media Forumunda dezinformasiyalarlar bağlı ortaya qoyulan fikir və  faktlar sübut etdi ki, məlum problem əksər ölkələri, xüsusilə də dezinformasiyalardan əziyyət çəkən ölkələri narahat etməli, problemin effektiv həlli üçün beynəlxalq əməkdaşlıq təmin olunmalıdır. Çünki dezinformasiyaların genşlənməsi beynəlxalq ictimai rəyi aldatmaqla yanaşı, yanlış siyasi qərarların verlməsinə də səbəb olur ki, bu da, haqqı, hüququ pozulan xalqlara qarşı münasibətdə yeni ədalətsizliklərin baş verməsini stimullaşdırır. Uzun illərdir ki, Ermənistan və onların himayədalarının timsalında dezinformasiyaya məruz qalan Azərbaycana qarşı beynəlxalq aləmdə formalaşan yanlış təəssürat buna nümunədir.

 

Qeyd edək ki, Azərbaycan Vətən müharibəsi və post-müharibə dönəmində yürütdüyü aktiv diplomatiya və media siyasəti sayəsində bu təəssüratı əsaslı şəkildə dəyişə bilsə də, ölkəmizə qarşı informasiya müharibəsi davam edir. Bəzi beynəlxalq güclərin ölkəmizə qarşı qərəzli münasibətini nəzərə alsaq, media və psixoloji müstəvidəki mübarizənin hələ uzun müddət davam edəcəyini söyləmək mümkündür.

 

Ümumilikdə isə, əminliklə demək olar ki, II Şuşa Qlobal Media Forumu dezinformasiyalara qarşı mübarizədə yeni mərhələnin başlanğıcı olacaq və bu problemə qarşı beynəlxalq miqyaslı əməkdaşlığa töhfə verəcək.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər