Paşinyan “ikinci Münxen faciəsi” yaşamaq istəmədi
Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Prezident İlham Əliyevlə görüşdən imtina edib. Paşinyanın bu addımı haqlı olaraq Azərbaycan və bir çox əcnəbi siyasi ekspert tərəfindən Ermənistanın sülhpərvər niyyətdə olmaması kimi dəyərləndirilib. Lakin Paşinyanın belə bir addım atmasının ikinci bir səbəbi də var ki, bu da Ermənistan baş nazirinin bütün dünyanın gözü qarşısında Prezident İlham Əliyevlə təkbətək debata hazır olmamasıdır.
Məhdud dünyagörüşlü Paşinyanın nəhəng siyasi intellektə və dəmir məntiqə malik İlham Əliyevlə belə bir polemikaya hazır olmadığı 2020-ci ilin 15 fevral tarixində keçirilən Münxen Təhlükəsizlik Konfransında da özünü göstərdi. Bu konfrans əsnasında təşkil edilən debatda İlham Əliyev sözün həqiqi mənasında Nikol Paşinyana siyasi dərs keçdi və Ermənistanın işğalçı dövlət olduğunu, onun baş nazirinin irəli sürdüyü iddiaların tamamilə əsassız və gülünc olduğunu bütün dünyaya sübut etdi.
Münxen darmadağını sadəcə Paşinyanın deyil, bütün dünyanın yaddaşında Ermənistanın diplomatik cəbhədə ağır məğlubiyyəti kimi yadda qaldı. Londonda baş verənlər göstərdi ki, bu rüsvaçılığın üzərindən 4 ildən çox zaman keçməsinə baxmayaraq, Paşinyan Münxen biabırçılığını bu gün də unutmuş deyil. Onun Avropa Siyasi İcmasının Londonda keçirilən görüşündə Prezident İlham Əliyevlə görüşdən imtinasının əsas səbəblərindən biri də budur.
Paşinyan İlham Əliyevlə görüşdən imtina etməklə özünün texniki məğlubiyyətini elan etdi. Ermənistanın baş naziri bu dəfə də uduzdu. Lakin Münxen debatından fərqli olaraq, bu kəs bəşəriyyətin gülüş hədəfinə çevrilməkdən yayına bildi.
Baş verənlər göstərdi ki, Paşinyanın daha bir biabırçılığa dözməyə gücü qalmayıb. Bu isə o deməkdir ki, London görüşü Paşinyanın qaçdığı yeganə siyasi döyüş meydanı olmayacaq.
Seymur ƏLİYEV