Hər zaman köhnə Azərbaycan filmlərini böyük maraqla izləmişik. Həmin filmlərdə qadın problemi qabarıq şəkildə qoyulub. Hətta böyük aktrisamız Nəsibə Zeynalova üçün məxsusi “Qaynana” filmi çəkilib. O dövrlərdə aktrisalarımız üçün məxsusi rollar yazılırdı, lentə alınırdı. Rejissorlar, ssenaristlər də bu mövzuda maraqlı idilər. Azərbaycan kinematoqrafiyasında qadın mövzusu hər zaman önəmli yer tutub. Amma son illərdə qadın aktrisalar yazılan ssenarilərdən geridə qaldıqlarını bildiriblər.
Moderator.az-a açıqlama verən aktrisa, əməkdar artist Suğra Bağırzadə kamera üçün çox darıxdığını bildirib.
“Həqiqətən çox darıxmışam. Son illərdə yazılan ssenarilərdə qəhrəmanlar hamısı kişi cinsinə aiddir, qadınlar çox az olurlar. Hər bir uğurlu kişinin arxasında bir qadın var. Mən çox istərdim ki, elə ssenarilər yazılsın və qadınlar önə çəkilsin ki, o uğurlu kişinin həyatını nümayiş etdirsin. Camaat həqiqətən də başa düşməlidir ki, qadın böyük qüvvədir” deyə aktrisa bildirib.
Xalq artisti Xalidə Quliyeva da bildirib ki, aktrisalarımız üçün yeni ssenarilər yazılmalıdır.
“Baş rollar yenə kişi aktyorlarındır. Ona yüklənir film. Bəlkə kinonu kişilər çəkir, ona görədir bu? Dəqiq deyə bilmərəm. Hər bir rejissor bilməlidir ki, niyə çəkir və nə üçün çəkir. Niyə görə çəkirsən sən bunu? Əksər rejissorlar mövzuya səthi yanaşırlar” deyə o bildirib.
Bakı Bələdiyyə Teatrının aparıcı aktrisalarından biri Zülfiyyə Nəzər Məmmədova da bildirib ki, bu mövzu haqda illər əvvəl sosial şəbəkədə bir status yazıb.
“Mən bir status paylaşdım ki, niyə hərbçi kişilər haqda filmlər çəkilir, hərbçi qadınlar haqqında film çəkilmir? Ondan bir müddət sonra istedadlı rejissorumuz Səidə Haqverdiyevadan mənə təklif gəldi və 1-ci Qarabağ müharibəsində iştirak etmiş hərbçi qadınlar haqda filmə çəkildim. Mən deyərdim ki, son illərdə qadınlar haqqında çəkilmiş yeganə film odur ki, aktrisalar baş rollardadır. Nədənsə sırf kişi mövzularına, dominant, aparıcı obrazlarda kişilərə üstünlük verirlər” deyə o bildirib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov da filmlərimizdə qadın kino ulduzlarının yetişmədiyini bildirib.
“Müstəqillik illərində, son 30 ildə parlaq qadın obrazları kinomuza gəlmir. Qadın kino ulduzları da azdır. Bunlar əsasən Sovet dövründə formalaşmış bizim gözəl xanımlarımızdır. Onlar yaddaqalan obrazlar yaradıblar. Amma yeni nəsil qadın ulduzlar formalaşmır. Filmlərimizdə bir qayda olaraq qadın personajları ikinci dərəcəli personajlardır, baş qəhrəmanlar bir qayda olaraq kişi aktyorlardır” deyə bildirib.