Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
5373
10 Jul 2024 | 10:02

“Nə polisi vətəndaşlara, nə də vətəndaşları polisə qarşı aqressivləşdirmək olmaz!..”

“...Bu tarazlaşdırma, balanslaşdırmanın bünövrəsi Qanunun Aliliyi prinsipinə ciddi və sərt şəkildə riayət edilməsi olmalıdır. Yəni kimliyinə rəğmən cinayət törədən hər kəs; adi vətəndaş da, polis də layiqli cəzasını almalıdır...”  
 
“Hər bir vətəndaşın konstitusyon haqq və hüquqları, o cümlədən şəxsiyyət, mülkiyyət toxunulmazlığı, əqidə, vicdan azadlığı hüquqları mütləq şəkildə qorunmalıdır...”
 
“Belə olarsa, yol polisi, yaxud patrul tərəfindən saxlanılan hansısa nazir, başçı, deputat övladı, yaxud şou-biznes nümayəndəsi və ya iş adamı vəzifə başında olanların qanuni əmrlərinə tabe olmamaq, onları təhqir etmək cəsarətində bulunmaz...”
 
-FİKİR SAVAŞI...-
 
Son iki ay boyu xüsusən sosial şəbəkələrin, “you-tube”-kanalların gündəmini zəbt etmiş mövzulardan biri də ölkənin müxtəlif ərazilərində müxtəlif günlərdə keçirilmiş əməliyyatlar zamanı 4 polis əməkdaşının qətlə yetirilməsi və bir neçə vətəndaşın polis əməliyyatları nəticəsində həyatını itirməsi iddiaları oldu...
 
Rəsmi və qeyri-rəsmi informasiya və şayiələri təhlil etdikdən sonra belə nəticəyə gəlmək olur ki, son dövrlərdə cəmiyyətdə aqressivliyin, kriminallaşmanın artmasıyla paralel polisin fəaliyyətindən narazılıqlar da var...
 
Dünən- iyulun 9-da Daxili İşlər Nazirliyinin  Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, istefada olan polkovnik, saytımızın dəyərli və fəal oxucusu Mehman Mehmanov da özünün cavan yaşlarında polis əməkdaşı kimi yaşadığı ibrətamiz bir olay əsasında Moderator.az-a təqdim etdiyi yazısında qeyd etdiyi kimi, bəzi tanınmış şəxslərin qanuni əməliyyat zamanı polisə silah tətbiq edənlərə qarşı cəzaları daha da sərtləşdirməsi də məsələnin həlli deyil...  Hansısa karyerist, konyuktur maraqlar xatirinə edilən belə təkliflər polisin vətəndaşlara qarşı aqressivləşdirilməsinə gətirib çıxara bilər. Əlbəttə, doğrudan da cinayətlər törətmiş, axtarışda olan, residivist şəxslərin qanuni əməliyyat zamanı polisə silahlı müqavimət göstərməsinin qarşısını almaq üçün öncədən profilaktik tədbirlər görməli, polis əməkdaşları belə hallarda müvafiq təlimatlara uyğun maksimum ehtiyatlı davranmalıdır. Polislər təqib olunan, silahlı müqavimət göstərməsi ehtimal edilən şəxsin dərhal, maksimum qısa zaman kəsiyində və özlərinin də, onun da sağlamlığına ciddi zərər vurmadan yaxalanması yollarını yaxşı bilirlər(məsələn, elektroşok)... Bir sözlə, hesab edirik ki, polis maksimum ehtiyatla, təlimatlara uyğun davransa, heç bir qanunu sərtləşdirməyə-filana ehtiyac yoxdur...
 
Sözümüzün canı ondadır ki, məsələyə birtərəfli yox, obyektiv və balanslı yanaşmaq gərəkdir. Yəni bəzən polislərin vətəndaşlara qarşı qeyri-adekvat, ağır nəticələrə, onların insani haqqlarının tapdanmasına səbəb olan davranışlarını əsas götürərək vətəndaşları, xalqı, cəmiyyəti də bütövlükdə polisə qarşı aqressivləşdirmək olmaz. Belə davranışlar xalqımıza, dövlətimizə və dövlətçiliyimizə zərərdən başqa heç bir fayda gətirməz...
 
Çıxış yolu son illərdə vətəndaş-polis, polis-vətəndaş münasibətlərində, ümumiyyətlə, polis-cəmiyyət münasibətlərində qeydə alınmış bütün neqativ halları obyektiv şəkildə təhlil edərək ciddi tədbirlər görməkdə, həm cəmiyyət, həm polis arasında mütəmadi olaraq müvafiq maarifləndirmə işləri aparmaqdadır...
 
Hörmətli Mehman müəllimin qeyd etdiyi kimi,  “cəmiyyətdə polis-vətəndaş münasibətlərini normallaşdırmaq üçün yeganə yol, qanunvericiliyin tələbləri ilə insani duyğuları heç birinə xələl gətirmədən, heç birini tapdamadan tarazlaşdırmaqdadır”... Və hesab edirik ki, bu tarazlaşdırma, balanslaşdırmanın bünövrəsi Qanunun Aliliyi prinsipinə ciddi və sərt şəkildə riayət edilməsi prinsipi olmalıdır. Yəni kimliyinə rəğmən adi vətəndaş da, polis də, həmçinin hər hansı ən yüksək vəzifəli şəxs də, nazir də, başçı da, deputat da istənilən qanunu pozubsa, cinayət törədibsə, layiqli cəzasını almalıdır...  Hər bir vətəndaşın konstitusyon haqq və hüquqları, o cümlədən şəxsiyyət, mülkiyyət toxunulmazlığı, əqidə, vicdan azadlığı hüquqları mütləq şəkildə qorunmalıdır...
 
Qanunun Aliliyi, yəni kimliyindən asılı olmayaraq qanun qarşısında hər kəsin, hər bir vətəndaşın bərabərliyi prinsipi aşağı təbəqədən olan vətəndaşlarla yanaşı, bütövlükdə hüquq-mühafizə orqanlarının, xüsusən də hər gün, hər saat asayişimizin keşiyində durmalı olan hörmətli polislərin işini yetərincə asanlaşdırar. Belə olarsa, yol polisi, yaxud patrul tərəfindən saxlanılan hansısa nazir, başçı, deputat övladı, yaxud şou-biznes nümayəndəsi və ya iş adamı vəzifə başında olanların qanuni əmrlərinə tabe olmamaq, onları təhqir etmək cəsarətində bulunmaz...
 
İnsani duyğulara gəldikdə, dəyərli Mehman müəllimin təbirincə desək, doğrudan da biz hər şeydən əvvəl insanıq, Azərbaycan vətəndaşıyıq, Allah bəndəsiyik... Bu mənada həm də istər polis, istər hərbçi, yaxud prokuror, müstəntiq, istərsə də, kiçik, orta, yüksək vəzifəli məmurlarla cəmiyyət arasında keçilməz bir sədd çəkmək, uçurum yaratmaq doğru deyil. O səbəbdən ki, Azərbaycandakı polis də, hərbçi də, məmur da, prokuror da, müstəntiq də və s. Marsdan, Veneradan, yaxud Ermənistandan, Rusiyadan, Hindistandan gətirilməyib, onlar da bu ölkənin vətəndaşıdır, onlar da bu xalqın ya kasıb, ya orta, ya da varlı təbəqəsinin övladları, yetirməsidir, birimizin övladı, o birimizin atası, digərimizin qardaşı, qohumu, dostudur... Əgər, məsələn, polis daim öz vəzifələrini qanuna, etikaya, milli adət-ənənəmizə uyğun şəkildə yerinə yetirməyə çalışırsa, bu, xalq, cəmiyyət, ata-ana olaraq bizim uğurumuzdur, yox əgər bunun əksini edirsə, deməli,  biz ata-ana, qardaş-bacı, qohum, cəmiyyət, xalq olaraq  nə vaxtsa, hardasa, nəyisə səhv etmişik, övladlarımıza, kiçiklərimizə düzgün tərbiyə aşılamamışıq, yaxud özümüz də onlar kimi Azərbaycana, insanlığa layiq olmayan düşüncə, əqidə, həyat tərzi sahibi olmuşuq... Odur ki, biri-birimizə nifrət yağdırmaqdan öncə, öz içimizə, öz nəfsimizə baxmalı, istər adi vətəndaş, istər məmur, istər polis olaraq qüsurlarımızı, nöqsanlarımızı, xətalarımızı korrektə etməli, düzəltməli, bir-birimizə, öz soydaşımıza, vətəndaşımıza, dindaşımıza qarşı günah, cinayət törətməkdən qəti şəkildə çəkinməliyik...
 
Allah-Təala Qurani-Kərimdə əbəs yerə buyurmur ki, bir xalq, cəmiyyət özü-özünü dəyişmək istəyində olmazsa, Allah da onu dəyişməz...
 
P.S. Son dövrlərdə cəmiyyətimizin aqressivləşmə, kriminallaşmanın səbəbləri barədə daha geniş yazılarımızla yaxın gələcəkdə tanış ola biləcəksiniz...
 
P.P.S. Moderator.az-ı izləyən hörmətli oxuculardan, o cümlədən polislərdən, yaxud onların ailə üzvləri və yaxınlarından hörmətli Mehman Mehmanovun xatırlatdığımız bu yazısını(burada:)diqqətlə oxuyub lazımi nəticələr çıxarmağı tövsiyə edərdik...
  
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər