Vahid Əhmədov: “İlham Əliyevin türk dünyasının birliyi və bütövlüyü uğrundakı xidmətləri olduqca böyükdür”
“İrandakı prezident seçkilərinin nəticəsi qonşu dövlətlə əməkdaşlıq üçün yeni perspektivlər vəd edir”
“Azərbaycanın dövlət başçısının Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət etməsi iki dövlət arasındakı yeni münasibətlər dönəmindən xəbər verir”
Son günlər Azərbaycanın liderliyi və bilavasitə iştirakı ilə regionda çox mühüm siyasi olaylar baş verməkdə, ciddi yeniliklər müşahidə edilməkdədir.
Moderator.az olaraq millət vəkili Vahid Əhmədovla söhbətimizdə bu yenilikləri şərh etməyə çalışdıq:
-Vahid müəllim, öncə Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü ilə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə bu görüş və məlum görüş əsnasında qəbul edilən Qarabağ bəyannaməsi türk dünyasının gələcəyi baxımından nə dərəcədə əhəmiyyətlidir?
-İyulun 6-da Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada TDT-nin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi hər şeydən öncə Azərbaycanın regional güc mərkəzi kimi siyasi önəmindən xəbər verir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan bütün türk dünyası üçün hər mənada mühüm önəm kəsb edən bir dövlətdir. Ölkəmiz türk dünyası üçün birləşdirici faktor rolunda çıxış edir ki, TDT-nin Şuşa Zirvə görüşü bu həqiqəti bir kəs sübut etdi.
Görüş əsnasında təşkilatın gələcəyi, inkişaf strategiyası və qlobal tendensiyalara münasibətdə birgə, koordinasiyalı mövqe nümayişi ilə bağlı mühüm qərarlar alındı ki, bu da TDT-nin yaxın gələcəkdə daha qüdrətli təşkilata çevriləcəyindən xəbər verir. Bu isə o deməkdir ki, türk dövlətləri yaxın dönəmdə beynəlxalq aləmdəki siyasi-iqtisadi proseslərdə daha aktiv iştirak edəcək, öz nüfuzları, güc və imkanları ilə beynəlxalq miqyaslı bir sıra hadisə və proseslərə yön verəcəklər. Bu baxımdan TDT-nin dövlət başçılarının Şuşadakı Zirvə görüşü çox mühüm tarixi-siyasi əhəmiyyətə malikdir.
Bir faktı da qeyd etmək lazımdır ki, türk dünyasının bugünkü birliyi, TDT-nin sürətli inkişafı daha çox Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Məhz bu iki liderin səyi və siyasi səriştəsi nəticəsində bütün türk dünyası TDT-nin timsalında bir araya gələrək nəhəng güc mərkəzinə çevrilmişdir. Hansı ki, artıq bütün dünya bu böyük, qüdrətli təşkilatın qərarları ilə razılaşmağa, onun mövqeyini nəzərə almağa məcburdur.
-Vahid müəllim, son günlərin ən çox müzakirə edilən məsələlərindən biri də İrandakı prezident seçkiləridir. Seçkilərdə azərbaycanlı namizədin qalib gəlməsi faktının İran-Azərbaycan münasibətlərinə müsbət mənada təsir göstərəcəyi ehtimal olunur. Sizcə bu ehtimalda reallıq payı varmı?
-İrandakı seçkilərdə Məsud Pezeşkianın qalib gəlməsi yalnız ölkəmizdə deyil, dünyanın bir çox siyasi mərkəzində fərqli müzakirələrə səbəb olmaqdadır.
Hər şeydən öncə qeyd edim ki, seçkilərdə Məsud Pereşkianın qələbəsi İran cəmiyyətinin yeniliklər və dəyişikliklərlə bağlı istəyini əks etdirir. Seçkilərin məlum nəticəsi göstərir ki, İran cəmiyyəti sivil dünyaya müəyyən mənada açılmaq, yeni azadlıqlar əldə etmək, özünü daha yaxşı ifadə etmək niyyətindədir. Məsud Pereşkianın qələbəsi onu göstərir ki, cəmiyyət yeni prezidentə, onun cəmiyyətin iradəsinə hörmət edəcəyinə inanır və bu səbəbdən də onun namizədliyini müdafiə edib.
İranın Azərbaycanla münasibətinə gəlincə, ölkəmiz hər zaman bütün qonşu dövlətlərlə dostluq və mehriban qonşuluq siyasəti yürüdüb. İran-Azərbaycan münasibətlərində zaman-zaman meydana çıxan narahatlıqlara səbəb isə bəzi İran məmurlarının məsuliyyətsiz açıqlamaları olub. Lakin hətta belə məqamlarda belə Azərbaycan İranla dostluq siyasətinə sadiq qalib və İranın maraqlarına zidd olan hər hansı addım atmayıb. Ölkəmizin qlobal güclərin İrana yönəlik sanksiyalarına qoşulmaması, Tehran hökumətinə qarşı hər hansı layihə və proyektdə yer almaması bu həqiqətin ən böyük isbatıdır.
Məsud Pezeşkianın azərbaycanlı olması, Azərbaycan dilinə, mədəniyyətinə sevgi və ehtiramını ortaya qoyması təbii ki, bizim tərəfimizdən diqqətdən kənarda qala bilməz. Bu baxımdan şübhəsiz ki, İranın yeni prezidenti ilə yanaşı, sadəcə İranda deyil, Azərbaycanda da bəzi gözləntilər mövcuddur.
Mən də bir çoxları kimi ümid edirəm ki, Məsud Pezeşkianın prezidentliyi dönəmində İranın Azərbaycanla bağlı siyasətində müsbət mənada ciddi yeniliklərə şahid ola biləcəyik. Ümid edirəm ki, Məsud Pezeşkian Azərbaycanın ölkəsinə dost siyasətini lazımınca qiymətləndirəcək, iki dövlət arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün ciddi səy ortaya qoyacaq.
Xatırladım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də prezident seçilməsi münasibətilə Məsud Pezeşkianı təbrik edib, onu ölkəmizə dəvət edib. Bu faktın özü ölkəmizin İran dövlətinə, onun yeni prezidentinə olan hörmət və ehtiramın göstəricisidir. Bu mənada ümid etmək olar ki, Məsud Pezeşkianın prezidentliyi Azərbaycan-İran dövlətləri arasındakı dostluğun daha da möhkəmlənməsinə gətirib çıxaracaq.
- Məsud Pezeşkianın İran prezidenti seçilməsi bu ölkədəki soydaşlarımızın həyatına, ilk növbədə mədəni azadlığına nə vəd edir?
-Aydındır ki, İranda on milyonlarala azərbaycanlı yaşayır ki, bu seçkilərin nəticəsi onların da həyatına öz təsirini göstərəcək.
Nəzərinizə çatdırım ki, Azərbaycan dövləti hər zaman xaricdəki soydaşlarımızın taleyinə həssaslıqla yanaşıb, onlarla bağlı hər bir situasiyanı diqqətlə izləyib. Təsadüfi deyil ki, hörmətli Prezidentimiz də bildirib ki, o, təkcə ölkəmizdəki azərbaycanlıların deyil, dünyadakı hər bir azərbaycanlının prezidentidir və onların taleyi ilə bağlı məsuliyyət daşıyır. Bu mənada bizim Məsud Pezeşkiandan gözləntimiz Cənubi Azərbaycandakı on milyonlarla azərbaycanlının mədəni azadlıqlarını təmin etməsi, soydaşlarımızın doğma ana dilində təhsil almasına imkan yaratmasıdır. Cənubi Azərbaycanda azərbaycanlıların ana dilində təhsil alması, bu dildə mətbuatın nəşri uzun müddətdir mövcud olan bir sıra problemin həlli istiqamətində irəliyə doğru atılan çox mühüm bir adım olardı. Bu, milyonlarla soydaşımızın rəğbətinə səbəb olmaqla yanaşı, İranın dünyadakı nüfuzuna da müsbət təsir göstərər, onun demokratik dəyərlərə hörmət göstərən dövlət imicini formakaşdırar.
Təbii ki, bütün bunlar hələ ki, bizim gözləntilərimiz, ümid və ehtimallarımızdır. Nəyin necə olacağını zaman göstərəcək. Lakin istənilən halda Məsud Pezeşkianın prezidentlik dönəminin Azərbaycan-İran münasibətlərinə fayda verəcəyi, ikitərəfli əalqələrin inkişafına şərait yaradacağı ehtimalı böyükdür. Ümid edirəm ki, İran dövləti yeni prezidentinin timsalında Azərbaycanın İrana dost siyasətini lazımınca qiymətləndirəcək və Prezident İlham Əliyevin ikitərəfli əlaqələri inkişaf etdirmək təşəbbüsünü dəstəkləyəcəkdir. Çünki iki dövlət arasındakı əməkdaşlığın genişlənməsi, dostluq əlaqələrinin dərinləşməsi Azərbaycanla yanaşı, həm də İran dövlətinin mənafeyinə uyğundur. Belə bir əməkdaşlıq İslam həmrəyliyi baxımından da önəmli bir addım olar.
Seymur ƏLİYEV