"SSRİ və Avropa ölkələrində amerikalı astronavtların Aya uçuşlarını heç vaxt şübhə altına alınmayıb..."
"Roskosmos"un direktoru Yuri Borisov Dövlət Dumasının plenar iclasında deputatlara amerikalıların Ayda həqiqətən olub-olmaması barədə danışıb.
Moderator.az xəbər verir ki, bu barədə "hi-tech.mail" nəşri yazıb.
Deputatlardan birinin sualını cavablandıran Borisov deyib ki, "Apollon" kosmik gəmilərində Aya ekspedisiyalardan sonra ABŞ Kosmik Agentliyi (NASA) Rusiya Elmlər Akademiyasına astronavtların götürdüyü Ay süxurlarının nümunələrini verib.
Bu nümunələrin təhlili zamanı sovet alimləri onların həqiqətən Aya məxsus olduğunu təsdiq edib. Bunu ölkənin kosmik sahəsini idarə edən Rusiya korporasiyasının rəhbəri qeyd edib.
İlk dəfə "Apollon-11" gəmisində uçuşu həyata keçirən Amerikanın kosmik ekspedisiyası 1969-cu il iyulun 20-də Aya eniş edib. Sonradan amerikalı astronavtlar daha beş dəfə Ayda olub, Yerə ümumilikdə 180 kq süxur gətirilib.
Geniş yayılmış "Ay sui-qəsd nəzəriyyəsi"nə görə, amerikalılar gerçəkdə Aya eniş etməyib, onların Ay səthinə səyahətləri isə studiyada çəkilən şəkillərdir.
Qeyd edək ki, bu nəzəriyyə əsasən amerikalılar arasında yayılıb. SSRİ və Avropa ölkələrində amerikalı astronavtların Aya uçuşları heç vaxt şübhə altına alınmayıb.
1969-cu ildə ilk missiyanın uçuşunu bir çox ölkələrdə, o cümlədən SSRİ-də astronomlar və radiohəvəskarlar izləyib. Gəminin eniş yeri bütün dünyanın, o cümlədən sovet radioastronomları tərəfindən təsdiq edilib.
Yerə çatdırılan nümunələr bütün dünya alimləri tərəfindən öyrənilib və Ayın digər süxurları, o cümlədən "Luna" sovet avtomat stansiyaları tərəfindən alınan süxur nümunələri ilə müqayisə edilib.
Amerikalı astronavtların Ayda olduğunun digər sübutları da var. Eniş yerləri digər kosmik aparatlarla da çəkilib.
Amerikalılar həmçinin eniş yerlərində bucaq əksetdiriciləri yerləşdirib, onlardan sonralar lazer şüaları ilə Ay səthini tədqiq edən Yer laboratoriyalarında istifadə edilib.