Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
5795
01 Jul 2024 | 14:06

"Rüşvətin kökünü kəsmək istəyiriksə, vəzifə-filan üçün rüşvət verənlər niyə  tutulmur?.."

“Belə davam etdiyi halda isə heç vaxt rüşvətxorluq kökü kəsilməz. Yəni rüşvətlə varlanmaq istəyən məmur da olacaq, pulunu verib işini aşırmaq istəyən, vəzifəyə-filana keçmək istəyən də...”
 
"Rüşvət verənlər olmadığı və ya buna cəsarət etmədiyi halda rüşvətxorluğun kökü doğrudan kəsilər..."
 
“Alan razı, verən razı – neyləsin qazı?..
 
-FİKİR SAVAŞI...-
 
On illərdir ki, mediada, sosial şəbəkələrdə rüşvətxorluqdan, korrupsiyadan narazılıqlar davam e: filan nazir, filan başçı, filan məmur ölkəni, bölgəni basıb yeyir, talayır...
Amma maraqlıdır ki,  sanki Darvinin “təbii seçim” formuluna uyğun olaraq neçə icra başçısı, nazir tutulsa da, rüşvətin, korrupsiyanın kökü kəsilmir ki, kəsilmir...
 
Bunun bir əsas səbəbi bilrisiz nədədir? Rüşvət alanlar tutulsa da, rüşvət verənlər tutulmur... Axı Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən rüşvət alanla yanaşı, verən də qanun qarşısında məsuliyyət daşımalıdır... Özü də söhbət  vəzifə-filan üçün, başqa sözlə desək, məcburən yox, kefindən rüşvət verənlərdən gedir... Bilmirəm, bəlkə də rüşvət verənin həbs edildiyi hadisə olub? Xatırlamıram... Və belə çıxır ki, məmləkətdə hansısa güc rüşvətin kökünün kəsilməsini istəmir. Sanki yalnız artıq qələmi qırılmış rüşvətxorlar həbs edilir. Eyni rüşvət verən həmin rüşvəti tutulan icra başçısına yox, təzə gələnə versəydi, o tutulmazdı... Yəni sadəcə, rüşvətin ünvanı səhv salındığı üçün batıb... Lakin axı rüşvət təklif edən, verən olmasa, alan da olmaz... Tutaq ki, bir nazirə, yaxud icra başçısına vəzifəyə keçmək, torpaq zəbt etmək və s. üçün o rüşvəti alanla yanaşı, rüşvət vermək istəyən  bir 10 məxluq da tutulub layiqli cəzasını alsa, daha heç kəs qələt edib rüşvət verməyə cəhd göstərməz...( Düzdü, bəzi hallarda rüşvət alan onu verməyə hədə-qorxu ilə-filanla məcbur edilir; məsələn, özünün, yaxud övladını ölümdən, haqsız həbsdən xilas etmək üçün... Rüşvət verən şəxs hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət verdiyini könüllü dövlət orqanına məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir...) Yox, bu həmin gücə sərf eləmir... O halda, yəni rüşvət verənlər olmadığı və ya buna cəsarət etmədiyi halda rüşvətxorluğun kökü doğrudan kəsilər... O gücün məntiqi ilə, rüşvət verənlər olmalıdır, sadəcə, arada rüşvətin ünvanları dəyişilə bilər... Rüşvət verənlərin, vermək istəyənlərin sayı isə almaq istəyənlərdən dəfələrlə çoxdur axı... Belə davam etdiyi halda isə heç vaxt rüşvətxorluğun kökü kəsilməz.  Yəni rüşvətlə varlanmaq istəyən məmur da olacaq, pulunu verib işini aşırmaq istəyən, vəzifəyə-filana keçmək istəyən də... Necə deyərlər, alan razı, verən razı – neyləsin qazı(keçmişdə hakim)?.. 
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər