“Qəzzadakı hadisələr Yaxın Şərqdə uzun illər formalaşmış İsrail mifinin puç bir şey olduğunu göstərdi. Amma bu, İsraillə “soyuq müharibə” anlamına gəlməz...”
Türkiyədə yaşayıb fəaliyyət göstərən jurnalist, professor Qafar Çaxmaqlı ilə Moderator.az üçün budəfəki söhbətimizdə – Ərdoğan hökumətinin İsrailin Netanyahu hökuməti ilə faktiki “soyuq müharibə” şəraitində olması, Türkiyənin Rusiyanın aparıcı rol oynadığı “BRİKS” təşkilatına üzv olmaq arzusunun xarici işlər naziri səviyyəsində bəyan olunması, həmin quruma üzv olmağın qardaş ölkəyə verə biləcəyi mümkün iqtisadi, yaxud siyasi faydalar və rəsmi Ankaranın bu addımının NATO tərəfindən necə qarşılanacağı haqda danışdıq.
-Qafar bəy, “HƏMAS”-ın ötən il oktyabrın 7-də İsrailə 2 minə yaxın dinc insanın qətli ilə nəticələnmiş gözlənilməz hücumandan sonra İsrailin Qəzzada artıq 9-cu aydır davam edən soyqırımı başlayandan Ərdoğan və Netanyahu hökumətləri faktiki “soyuq müharibə” şəraitindədir. Bu qarşıdurmanın sonu necə görünür?
– İsrailin davranışları ilə bağlı Türkiyənin siyasəti dəyişilməzdir. Harada bir zülm varsa, Türkiyənin orada olması bu dövlətin ənənələrindən gələn bir tutumdur. Qəzzadakı hadisələr Yaxın Şərqdə uzun illər formalaşmış İsrail mifinin puç bir şey olduğunu göstərdi. Amma bu, İsraillə “soyuq müharibə” anlamına gəlməz. Məncə, bu, ədalətin bərpa olunması mənasını ifadə edər. Dünyanın 140-a yaxın ölkəsi Fələstin dövlətini rəsmən tanıdı. Həm də Türkiyənin yaxın Şərqdə “PKK” dövləti qurmağa yardım edən qüvvələrə qarşı kart blanşıdır...
-Bu günlərdə Türkiyə XİN başçısı Hakan Fidanın Çində də, Rusiyada da ölkəsinin “BRİKS”ə daxilolma arzusunu ifadə etməsi, həmin qurumun Rusiyadakı tədbirinə qatılması, hətta “BRİKS”i “Avropa Birliyinə alternativ” adlandırması Ərdoğan iqtidarının doğrudanmı Moskvanın aparıcı rol oynadığı quruma üzvlükdə maraqlı olmasını ifadə edir, yoxsa bu, rəsmi Ankaranın növbəti özünəməxsus siyasi gedişi, manevridir?
– Nəzərə almaq lazımdır ki, Türkiyə artıq regional yox, qlobal gücdür və onun üçün dividend gətirəcək istənilən ittifaqa daxilolma və orada söz sahibinə çevrilmə imkanlarını dəyərləndirə bilər. “BRİKS” də belə qurumlardan biridir. Türkiyənin NATO üzvü olmasının buna əngəl törədəcəyini düşünmək yanlışlıqdır. Bu ittifaqa maraq göstərmək, həm də ona daxil olmaq anlamına gəlmir, diplomatiyada manevrlər də məqbul gedişlərdir...
– “BRİKS”ə daxil olmaq Türkiyəyə gerçəkdən hansısa iqtisadi, yaxud siyasi fayda verə bilərmi?
– Bu quruma maraq göstərməklə Türkiyə hər zaman öz dövləti maraqlarını hesablayacaq. Avropa Birliyi ilə bağlı Türkiyənin uzun illərdən bəri sərgilədiyi açıq siyasət ortadadır. Heç bir iqtisadi potensialı olmayan, Avropa Birliyi çərçivəsindən uzaq bəzi ölkələr bu quruma alındılar, Türkiyə isə yox. Məcbur alternativlər axtarılmalıdır. Bunlardan biri Türk Birliyi ola bilər. Bu sahədə də Türkiyənın qərarlı addımlarını yaxında görə biləcəyik...
– Türkiyə belə bir addım atarsa, yəni “BRİKS”ə daxil olarsa, üzvü olduğu NATO-nun, Qərbin, ABŞ-nin buna reaksiyası necə olar?
– Türkiyə indi elə dövlət deyil ki, siyasətini kiminsə iradəsinə uyğunlaşdırsın. Ötən illərin təcrübəsi də göstərir ki, Türkiyə kimin reaksiyasının necəliyindən asılı olmayaraq, doğru bildiyi addımları atıb...
Sultan Laçın