Sabiq Maliyyə naziri hökümət və parlament üzvlərindən XAHİŞ ETDİ:
Ekskluziv
4082
04 Jun 2024 | 11:48

Sabiq Maliyyə naziri hökümət və parlament üzvlərindən XAHİŞ ETDİ: "İndi o kimin əlindədirsə dünyaya meydan oxuyur"

 
"//aiindex.stanford.edu/wp-content/uploads/2023/04/HAI_AI-Index-Report_2023.pdf"
 
 
Bu material Stenford universitetinin dünya miqyasında süni intellektin inkişafı indeksi təhlilinin hesabatıdır (2023). Çox maraqlı və müasir inkişaf üçün olduqca vacib bir sənəddir. 
Bizim ölkəmiz üçün isə beş qat daha əhəmiyyətlidir. Çünki, bu ölkədə süni intellekt əsasən şeytan əməli kimi dəyərləndirilir və ümumiyyətlə, bu sahə tamamilə nəzərdən qaçırılmışdır. Birinci növbədə əli qələm tutanın, xüsusilə, ölkənin inkişafına məsul olan bütün şəxslərin, millət vəkillərinin, məmurların, alimlərin hamısının bu hesabatı oxumasını və dərin təhlil etmələrini çox təkidlə xahiş edirəm. Biz böyük dünya inqilabi dəyilişiklərindən ölkəni təcrid etməklə gələcək nəslə, övladlarımıza, nəvələrimizə, nəticələrimizə ağır iztirablı günlər yaşatmağın təməlini qoyuruq. Bu tarixi məsuliyyətin nəticələri haqqında düşünməliyik. Dünya ölkələrinin əksəriyyətində Süni intellektin inkişafı üzrə geniş miqyaslı işlər aparılır, investisiyalar yatırılır, möcüzə kəşflər edilir, hər gün yeni kəşflər, yeni alqoritmlər, sistemlər yaradılır, bütün mərhələlərdə kadrlar hazırlanır. Bu proses 25-30 ildir ki, intensiv başladılmış, həndəsi silsilə sürətilə artırılır.  
Ən böyük resurslara, imkanlara  malik olmasına baxmayaraq, Azərbaycanda süni intellekt adı ilə nə kadr hazırlığı var, nə elmi araşdırmalar var, nə də praktiki tətbiq. Üstəlik, antitəbliğat, süni intelektin sanki, cəmiyyəti dağıdacağı haqqında molla, mövhumat proqnozları, insanları din qorxusu ilə hədələmək, allah cəzası kimi qiymətləndirmək kimi tam əks təbliğat... və s. baş alıb gedir. Bu günkü qaragüruh-qalstuklu mollaların elmə, texnologiyaya, süni intellektə (süni intellekt 100 faizli elmi məhsuldur, elmdir) qarşı revanşı 1880-ci illərdə Azərbaycan dilində təhsilin təşkilinə qarşı molla üsyanına bənzəyir, hətta bu günkü qalstuklu molla üsyanı daha təhlükəli nəticələrə gətirib çıxaracaq, nəinki, ana dilində təhsilə qarşı 1880-ci illərin molla üsyanı... O vaxt Rus imperiyası var idi, molla üsyanını yatırtdı və ana dilində tədris təşkil olundu, təhsil quruldu və Azərbaycan dili dərsliyi yazıldı (buna da başqa millətin nümayəndəsi nail olmuşdu - ruhu şad olsun, Aleksey O. Çernyayevskiy, ilk Azərbaycan dili dərsliyinin müəllifi). Sonralar həmin ilk qrupun tələbələri milli azadlıq hərəkatının əsasını qoyan şəxslər oldu. 
Təəssüflər olsun ki, bu gün ölkə tam müsılmalaşandan sonra proseslər tam əks istiqamətdə gedir. 400 səhifəlik bu hesabatda  Azərbaycan axtarışı verdim, cəmi bir yerdə ölkənin adı görsəndi, o da Süni intellekt qanunu olmayan ölkələr siyahasında. 
Ümumiyyətlə, bütün müsəlman ölkələrində vəziyyət təqribən eynidir, Azərbaycan isə müsəlman ölkələri içərisində  də geridə qalmışların siyahasındadır. Bu gün bütün dünya bu istiqamətdə inkişaf edirsə, necə olsa da dünya ilə ayaqlaşmayan hər bir xalq növbəti əsarətə məhkumdur. Bir halda ki, süni intellektin yaradıcısı insandı, bu yenidən insana qarşı necə çevrilə bilər? Bu iddianın sahiblərinin nə proqramlaşma elmindən, nə neyron elmindən, nə modelləşmə elmindən xəbəri belə yoxdur. Bir çox ilahiyyat alimləri xəbərdarlıq etmişdir ki, artıq 2020-ci ildə süni intellekt təbii intellekti üstələyəcək və dünya "dağılacaq". Nə oldu? İnsan beynində 100 milyard neyron varsa, ən mükəmməl neyron şəbəkəsində neyron sayı hələ bir milyarda çatmır. Belə hallar həmişə olub, yenə də olacaqdır. Amma nədənsə, belə proqnozlar adətən, həmişə tarix boyu inkişafda buxova çevrilən dindarlar tərəfindən edilir. 1860-cı illərdə bir mühəndis təyyarəni icad edən Rayts qardaşlarının atası ruhaniyə deyir ki, uçmaq üçün təyyarə hazırlamağa başlayırıq. O buna qəti etiraz edir ki, yalnız mələklər uça bilər, siz bu fikirinizdən daşının. Amma həmin ruhaninin oğlanları 30-40 il sonra təyyarəni icad etdilər. 
 
Tutaq ki, bu qalstuklu mollaların təkidi ilə biz süni intellekt üzrə işi inkar etdik və dayandırdıq. Bəyəm bununla 8 milyardı, hətta bəlkə başqa planetlərdə yaşama ehtimalı olan 100 milyardlarala canlını dayandıra biləcəksinizmi? Atom bombası çıxanda nə qədər insan etiraz etdi, qarşısını ala bildimi? İndi o kimin əlində varsa dünyaya meydan oxuyur. Elmi, süni intellekti dayandırmaqla gələcək nəsil qarşısında böyük qəbahətə yol veririk, milləti bir neçə əsr arxaya atırıq. Bu arqumentləri nəzərə alaraq Hökümət və parlament üzvlərindən xahiş edirəm:
 
1. Süni intellekt inkişaf proqramının hazırlanması və müzakirəyə (2024-2030-cu illər üçün) çıxarılması.
2. Süni intellekt qanunun hazırlanması və qəbulu
3. Süni intellekt üzrə orta məktəbdən başlayaraq kadr hazırlığına başlanması, bütün səviyyələrdə bu elm sahəsinin müxtəlif predmetlərinin tədris proqramına salınması (orta məktəb, bakalavr, magistr. doktorluq). Bütün ölkə boyu süni intellekt kurslarının keçirilməsi, əhalinin bütün təbəqələri üzrə kütləvi rəqəmsal savadsızlığın aradan qaldırılması tədbirlərinin, təhsilin həyata keçirilməsi.
4. Süni intellekt üzrə bir neçə elmi tədqiqat institutlarının və startap hərəkatının yaradılması.
5. Süni intellekt proqramlarının maliyyələşdirilməsi üçün ciddi maliyyələşmə mənbəələrinin formalaşması, cəmiyyətin bütün təbəqələrini və özəl sektorun bu sahəyə yönəldilməsi.Elm xərclərinin payının ÜDM-də payının 5%-ə yüksəldilməsi (hazırda 0,2%), elm və süni intellekt investisiyalarına yönəldilən vəsaitlərin vergidən tam azad olunması 
6. Süni intellekt qeyri neft sektoru kimi ən çox gəlir verən sahədir. Bu sahəyə qoyulan hər dollar 100 dollardan 1000 dollara qədər əlavə gəlir verir. 
Bu tədbirlərin həyata keçirilməsi qısa zaman ərzində süni intellekt  üzrə qabaqcıl dünya ölkələri səviyyəsinə çıxmağa imkan verəcək. 
 
 
Dərin hörmətlə, prof. Saleh Məmmədov 
Link kopyalandı!
Son xəbərlər