“Ermənistan cəmiyyətində, Ermənistan siyasətində Azərbaycana qarşı aqressiv münasibət sərgiləyən şəxslərin üzə çıxması təsadüfi deyil”.
Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəıyli bildirb . Ekspert qeyd edib ki, bu qüvvələr hələ də keçmiş xatirələrlə yaşayır, mövcud reallıqları görə bilmir, yaxud görmək istəmirlər:
“Onlar sülh istəmirlər, onlar daim müharibə istəyirlər. Köhnə fikirdə, köhnə düşüncədə olan bu insanlar hələ də ölkəmizi 90-cı illərin Azərbaycanı kimi təsəvvür edirlər. Halbuki, 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü bütün dünyaya göstərdi.
Hesab edirəm ki, Ermənistan cəmiyyətində Azərbaycanla sülh istəyən, sülhün vacibliyini dərk edən qüvvələr daha çoxdur. Əgər belə olmasaydı, onlar müharibədən dərhal sonra seçkilərdə indiki baş nazir Paşinyanın xeyrinə səs verməzdilər. Bu fakt bir daha sübut edir ki, Ermənistanda revanşist qüvvələrin böyük dəstəyi yoxdur.
Revanşistlər bu kimi açıqlamalarla öz mövcudluqlarını diqqətə çatdırmaq istəyirlər. Ola bilsin ki, onlar aqressiv bəyanatlarla xaricdəki bəzi dairələrdən, eləcə də erməni diasporundan yeni vəsaitlər qoparmaq niyyətindədirlər.
Bütövlükdə isə, qeyd etdiyim kimi, bu qüvvələr bütün kütlənin deyil, yalnız məhdud dairələrin düşüncəsini əks etdirir”.
Seymur ƏLİYEV