Bizi sosial şəbəkələrdən izləyin:
28 may Azərbaycan tarixinin ən şanlı günlərindən biridir. Xalqımızın böyük və bütöv, həm də qədim dövlətçilik tarixi var. Azərbaycan dövlətçiliyi zaman-zaman xarici qəsbkarlar tərəfindən hücumlara məruz qalıb, lakin dövlətçiliyimizi qoruyub saxlamışıq. 1918-ci il mayın 28-də isə uzun sürən mübarizədən sonra Şərqdə ilk yeni tipli dövlət - Azərbaycan Xalq Cümhuriyyəti yaranıb.

Bu gün ilk respublikamızın yarandığı gündən 106 il keçir. Bu münasibətlə Azad Vətən Partiyasının üzvləri Bakıdakı Cümhuriyyət abidəsini ziyarət ediblər.
Abidənin önünə gül dəstələri düzən AzVP sədri Akif Nağı respublikanın yaradılmasında fəallıq göstərmiş görkəmli dövlət xadimlərinin xidmətlərindən, qədim və müstəqilliyini yenidən bərpa etmiş dövlətin qarşısına çıxan çətinliklərin dəf edilməsindən danışıb, xalqımızı bu gözəl tarix münasibətilə təbrik edib.
Mərasimdə çıxış edən partiya üzvlərindən Əkbər Rüstəmov, Firudin Məmmədov, Məmməd Mərzili, Sovet Əsədov, Firuzə Əsədullayeva, Rafiq Quliyev və başqaları bayram münasibətilə xalqımızı təbrik edib, torpaqlarımızın azadlığı uğrunda fədakar mübarizə aparmış və qalib gəlmiş Ordumuza, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildiriblər.
AzVP-nin Mətbuat xidməti
28 may 2024-cü il