“Bu, Rusiya tərəfindən Azərbaycana edilən qəribə bir təklifdir: bəlkə səhv salıblar?..”
5263
28 May 2024 | 14:42

“Bu, Rusiya tərəfindən Azərbaycana edilən qəribə bir təklifdir: bəlkə səhv salıblar?..”

“O da var ki, paritet konsulluqların sayı ilə götürülməməlidir. Xarici ölkənin ərazidəki vətəndaşlarının sayı ilə,  başqa sözlə, onlarla görülməsi real görülməli olan işlərlə ölçülməlidir. Qarşı tərəf nəzərə almalıdır ki, Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşlarının sayı da çoxdur...”
 
“Hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələnin müzakirəsi zamanı cəmiyyətdən ünvanlanan sualları, yəni Xankəndində  Rusiyanın  baş konsulluğun açılmasının məqsədi barədə sualları qarşı tərəfə verəcəkdir. Adətən konsulluğun vəzifəsi mənsub olduğu ölkənin vətəndaşları olan xarici ölkələrdə həmin vətəndaşlara xidmətlər göstərməkdir. Ancaq əgər, məsələn, Azərbaycanda yaşayan ruslar, Azərbaycan vətəndaşıdırlarsa, onlara konsulluq yurisdiksiyası düşmür”.
 
Bunu Moderator.az-a açıqlamasında  Rusiyanın Xankəndində şəhərində baş konsulluq açmaq niyyətini rəsmən ifadə etməsi məsələsinə münasibət bildirərkən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib. 
 
“Hər halda bu, Rusiya tərəfindən Azərbaycana edilən qəribə bir təklifdir. Bəlkə səhv salıblar? Moskva hesab edir ki, guya Azərbaycanla bir-birinin ərazisindəki konsulluqların sayı məsələsində disbalans var, paritet pozulub. Yəni Azərbaycanın Rusiyanın iki şəhərində baş konsulluğu olsa da, Rusiyanın ölkəmizin ərazisində yalnız Bakıda səfirliyi və konsulluğu var, baş konsulluğu yoxdur. Amma o da var ki, paritet konsulluqların sayı ilə götürülməməlidir. Xarici ölkənin ərazidəki vətəndaşlarının sayı ilə,  başqa sözlə, onlarla görülməsi real görülməli olan işlərlə ölçülməlidir. Qarşı tərəf nəzərə almalıdır ki, Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşlarının sayı da çoxdur. Son rəsmi məlumatlara görə, şimal qonşumuzun ərazisində  630 mindən çox vətəndaşımız yaşayır. Azərbaycanda isə uzun müddətə yaşayan Rusiya vətəndaşlarının sayı çox azdır. Onların da əksəriyyəti, çox güman ki, Bakıdadır. Bakıda isə bu ölkənin, dediyimiz kimi, səfirlik və konsulluğu daimi fəaliyyət göstərir və onlar viza, pasport, lazımi arayışlar verilməsi və s. məsələri həll edirlər”, -deyə davamında keçmiş XİN rəhbəri bildirib. 
 
“Dövlətlərarası siyasi məsələlərə gəldikdə, bunlar səfirliklərin diplomatları vasitəsilə həyata keçirilir. Azərbaycanın siyasi idarəçiliyi də paytaxtımız Bakıdadır. Əgər xarici ölkə kimi Rusiyanın ölkəmizin regionlarına marağı varsa, onun  Azərbaycandakı səfiri, diplomatları ya özləri ayrıca, ya da Xarici İşlər Nazirliyinin diplomatik korpus üçün təşkil etdiyi turlar vasitəsilə bölgələrimizə, o cümlədən işğaldan azad edilmiş Qarabağa, həmçinin Xankəndinə də səfər edə bilərlər. Hesab edirəm ki, bu mənasız bir məsələdir və baş tutmayacaq”, -deyə sabiq baş diplomat vurğulayıb.
 
Sultan Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər