Qazaxın 4 kəndi işğaldan azad edildi: Bölgədə yeni dövr
Ekskluziv
4815
24 May 2024 | 23:32

Qazaxın 4 kəndi işğaldan azad edildi: Bölgədə yeni dövr

Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri bu gün rəsmən Azərbaycana geri qaytarıldı.
 
Bu razılaşma Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib.
 
Ekspert Üzeyir Cəfərov bildirib ki, 24 may tarixindən iki ölkə arasındakı razılaşmaya uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Ermənistan Sərhəd Xidməti Tavuş rayonunun Kiranc kəndi yaxınlığında yerləşdirilib: "Ermənistan Respublikası bu prosesi bir qədər ləngitsə də, bütün bunlara baxmayaraq, Qazaxın 4 kəndi Azərbaycan Respublikasının  Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb və Ali Baş Komandan İlham Əliyevə mövqeylərimizin nəzarətə götürülməsinə dair məruzə edilib. Strateji əhəmiyyətə malik olan ərazilər bir çox iqtisadi layihələrimizin keçəcəyi xətlərin üzərindədir, eləcə də Gürcüstan və Ermənistan ilə mühüm sərhəd bölgəsində yerləşir. Həmin kəndlər 1990-cı illərdə, ordumuzun tam formalaşmadığı zamanda düşmən və onun havadarları tərəfindən davamlı hücumlara məruz qalmış və Azərbaycana qərb bölgəsindən təyziq göstərmək üçün buradan istifadə etmişdilər. Şükürlər olsun ki, həmin kəndlər Azərbaycan Respublikasının nəzarətinə qayıdıb və əminəm ki, 1990-cı illərdə olan hadisələr bir daha təkrarlanmayacaq". 
 
Ekspert qeyd edib ki, hazırda Dövlət Sərhəd Xidməti müasir silahlarla təchiz olunub, Müdafiə Nazirliyi ilə birgə fəaliyyət göstərən qoşunlarımız həm də döyüş təcrübəsi keçmiş xüsusi hərbiçilərdən ibarətdir: "Onlar vətəndaşlarımızın həmin istiqamətlərdə təhlükəsizliyini təmin etməklə yanaşı, həm də iqtisadi layihələrin qorunması üçün də çalışacaqlar".
 
Nihat Tahirov
Bakı Dövlət Universitetinin 4 - cü kurs tələbəsi
Link kopyalandı!
Son xəbərlər