Erməni bankir: “Mənim cəzamın azaldılması barədə heç bir xahişim yoxdur. Sizdən yalnız onu xahiş edirəm ki, məhkəmənin qətnaməsində qeyd edəsiniz ki, o, ixtiyarında olan dövlət vəsaitini bilə-bilə erməni qardaşlarına paylamışdır. Yazın ki, millətimin yolunda hər hansı cəzanı çəkmək mənə xoşdur...”
Sovet dövründə yaşamış orta yaşlı oxucularımızın yaxşı yadında olar ki, paytaxtımızda 1990-cı ilədək təxminən yarım milyona yaxın erməni yaşayıb. Özü də şad-xürrəm kef içində... Onların daha sıx yaşadığı məkanlardan biri də, o vaxtkı Lenin, indiki Nəsimi rayonu ərazisindəki “ermənikənd” adlanan böyük bir məhəllə idi. O məhəllə son illər sökülmüş “Nəsimi bazarı” deyilən bazarın ətrafında idi. O vaxt həmin bazar da “ermənikənd bazarı” adlanırdı... Hətta 20-40-ci illərdə bir müddət bu ərazi “Şaumyan adına qəsəbə” də adlanıb”..
Azərbaycanın müstəqilliyinin bərpası dönəmində aktiv fəaliyyət göstərmiş tanınmış ictimai-siyasi xadim, oxucularımıza maraqlı müsahibə, açıqlama və yazılarıyla tanış olan sabiq deputat, rəhmətlik Maksim Musayevin atası, sovet dövründə 10 il Ermənistan Ali Soveti sədrinin birinci müavini kimi çalışmış, görkəmli sovet – Azərbaycan dövlət xadimi Talıb Musayev özünün 2008-ci ildə nəşr edilən “Ermənilər və faciələrimiz” kitabının “Daşnak ermənilər sonradan necə bolşevik maskası taxdılar” başlıqlı bölməsində Azərbaycan paytaxtının “orta göbəyi”ndə “ermənikənd” məhəlləsinin qondarılması haqda maraqlı faktlardan da bəhs edir.
Aktuallığını nəzərə alaraq həmin materialı Moderator.az oxucularının nəzərinə çatdırırıq:
“Oxucuların, yəqin, yaxşı yadındadır ki, 1990-cı ilə qədər Bakıda böyük bir kvartal(məhəllə-S.L.) “ermənikənd” adlanırdı. Lakin heç kəs fikirləşmir ki, 1911-1913-cü illərdə birdən-birə Bakı şəhərinin ortasında böyük bir erməni qəsəbəsi necə yaranıb...
Əslində bu qəsəbəni yaradan bir erməni olmuşdur. Belə ki, 1910-1911-ci illərdə Bakıda neft satışı və neft istehsalının inkişafını artırıb Rusiyanı neft məhsullarıyla təmin etmək məqsədi ilə tələb olunan miqdarda fəhlə-mütəxəssis kontingenti cəlb etmək üçün Çar imperiya dövləti tərəfindən Bakıda bir bank şəbəkəsi yaradıldı. Həmin şəbəkəyə 1 milyon rubl kredit vermək qərara alındı. Bu kredit Bakı kəndlərindən, eləcə də Azərbaycanın müxtəlif rayonlarından gələn vətəndaşlara verilməli idi ki, onlar Bakıda evlər tikib yaşasınlar və neft buruqlarında işləsinlər. Bəhs edilən bank şəbəkəsinin direktorluğuna isə bir erməni təyin edilmişdi. O da dövlətin nəzərdə tutduğu 1 milyon rubl kredit əvəzinə dövriyyəyə 3 milyon rubl kredit buraxmışdı. Kredit verilən vətəndaşların 90 faizindən çoxu isə ermənilər idi. Bu minvalla ermənilər hər yerdən qaçıb Bakıya doluşmağa başladılar...
İcazə verilmiş limitdən iki dəfə artıq dövlət pulunu icazəsiz payladığı üçün sonralar o erməni bank direktorunun işi məhkəməyə verilmişdi. Məhkəmənin gedişində onu ağır cəza gözləyirdi. Sonda ondan soruşublar ki, sizi ağır cəza gözləyir, bəs məhkəmədən son söz kimi nə xahiş-tələb edirsiniz. Cavabında erməni bankir belə deyir:
“Mənim cəzamın azaldılması barədə heç bir xahişim yoxdur. Sizdən yalnız onu xahiş edirəm ki, məhkəmənin qətnaməsində qeyd edəsiniz ki, o, ixtiyarında olan dövlət vəsaitini bilə-bilə erməni qardaşlarına paylamışdır. Yazın ki, millətimin yolunda hər hansı cəzanı çəkmək mənə xoşdur. Ona görə də mənə nə qədər cəza tələb olunursa, onu da verin...”
Beləliklə də, rusu aldadıb pulunu alan erməninin hesabına Bakıda qondarma “ermənikənd” yarandı. Elə təxminən həmin vaxtlar Gəncədə də “vtaroy çast”- “ikinci hissə” adlanan erməni qəsəbəsi yaradılmışdı...”
Təqdim etdi:
Sultan Laçın