Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
3937
19 Apr 2024 | 15:38

Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...

 
"Sahəsi 450 kv metr, səkkiz yataq otağı və ətraf ərazisi 5 min kv metrdən ibarət olan "Süzanna" villası 5, 4 milyon avroya alınıb, yeni sahibi onun restavrasiyasına əlavə 3, 5 milyon avro xərcləyib..."
 
Rusiya vətəndaşlarının Fransada daşınmaz əmlakının müsadirəsi bu ölkənin hüquq sisteminin əsaslarını sarsıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin keçmiş həyat yoldaşı Lüdmilanın Fransanın Biskay körfəzi sahillərindəki Anqlet şəhərciyində, Biarrits şəhəri yaxınlığında yerləşən villasına həbs qoyulması ilə bağlı bəyan edib. Məlumatı "topnews.ru" nəşri yayıb.
 
Дмитрий Песков
 
"Bu, özəl mülkiyyətdir, ona görə də özəl mülkiyyətə istənilən qəsd istənilən qanunların pozulmasıdır və apriori olaraq qanunsuzdur", - Peskov deyib.
 
Bu ərəfəfə bəlli olub ki, Lüdmila Putinanın yeni əri, 46 yaşlı biznesmen Artur Oçeretnının adına rəsmiləşdirilən "Süzanna" villası ötən ilin dekabr ayında Paris Prokurorluğu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən aparılan axtarışdan sonra müsadirə edilib.
 
Vladimir və Lüdmila Putinlər 2013-cü ildə boşandıqları barədə elan edib. Lüdmila Putinanın ikinci nikahı barədə rəsmən məlumat verilməyib, lakin jurnalistlər aydınlaşdırıb ki, o, 2016-cı ildən gec olmayaraq ərə gedib. 
 
Aleksey Navalnının komandasının 2022-ci ildə dərc etdiyi araşdırmada deyilib ki, Putinin keçmiş həyat yoldaşı və onun əri Moskva meriyası, "Qazprombank" və digər şirkətlərdən milyonlarla rubl əldə edir, həmçinin Fransa, İsveçrə və İspaniyada mənzillərə və  villalara sahibdir.
 
2023-cü ilin fevralında bəlli olub ki, Lüdmila Oçeretnaya Avropa İttifaqının sanksiyalarından ehtiyat edərək təcili olaraq İspaniyadakı daşınmaz əmlakından yaxa qurtarmaq fikrindədir. 
 
Putinin keçmiş həyat yoldaşı və onun yeni əri Avropa İttifaqının sanksiyaları altına düşməyib. Lakin Oçeretnaya Böyük Britaniyanın "qara siyahısı"ndadır.
 
İlk dəfə Putinin keçmiş həyat yoldaşının Biarritsadakı villası barədə 2017-ci ildə bəlli olub.
 
O zaman Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Tədqiqatı üzrə Mərkəzin jurnalistləri Artur Oçeretnının maliyyəsi barədə tədqiqatın nəticələrini dərc edib.
 
Sənədlərdən bəlli olub ki, ar-deko üslubunda inşa edilmiş villa 2013-cü ilin sonunda əldə edilib. Sahəsi 450 kvadrat metr, səkkiz yataq otağı və ətraf ərazisi 5 min kvadrat metrdən ibarət olan imarət 5, 4 milyon avroya alınıb. 
 
Villanın yeni sahibi binanın restavrasiyasına 3, 5 milyon avro xərcləyərək onun interyeri, damı, bağı və hövuzunu dəyişib.
 
Jurnalistlərin məlumatlarına görə, villa iki ildir ki, boşdur. 2022-ci ilin fevralında, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləsi başlanandan sonra villanın darvazasında ukraynayönümlü yazılar üzə çıxıb.
 
2017-ci ildə yerli sakinlər RFI nəşrinin rus xidmətinə deyib ki, bəzən küçələrdə və yerli bazarda Lüdmila Putinaya rast gəlirlər. 
 
Orada, Biarritsada həm də Rusiya prezidentinin qızının villası var, onu fransız fəalları ələ keçirməyə cəhd edib.
Link kopyalandı!
Son xəbərlər