Bizi sosial şəbəkələrdən izləyin:
“İsrail bizim dar gündə yanımızda olan dostumuz, İran isə tarixi, etnik və mədəni tellərlə bağlı olduğumuz qonşu ölkədir...”
“Bu məsələ bu dəqiqə dünyanı maraqlandıran və narahat edən ən böyük məsələdir. Son 40 ildə İsrail və İran arasında informasiya müharibəsi, qarşılıqlı hədələr və açıq müharibə təhlükələri üstünlük təşkil etmişdir. 2000-ci illərin ortalarında Amerikada Buşun prezidentliyi dönəmində İraq müharibəsinin gedişində İranın nüvə proqramı ilə əlaqədar İsrail-İran qarşıdurması ən yüksək nöqtəyə çatmışdı. İndiyədək İran nüvə alimlərinin öldürülməsi və nüvə obyektlərində partlamalar və onların işinin kiber viruslarla pozulması hallarına görə İran tərəfi İsrail kəşfiyyat orqanlarını ittiham edib. İsrail isə Livandakı və Fələstindəki İsrailə qarşı yönəlmiş silahlı təşkilatların İran tərəfindən maliyyələşdirdiyini və silahlandırdığını deyir. İndiki dönəmdə İsrael İranın Suriyada İsrailə qarşı çox sayda hərbi obyektlər qurduğunu önə çəkir və periodik olaraq İrana məxsus olduğu hesab etdiyi bu nöqtələrə hava zərbələri vurur”.
Bu fikirləri Moderator.az əməkdaşının “Sizcə, İranla İsrail arasında birbaşa genişmiqyaslı savaşın reallaşması nə dərəcədə mümkündür? ” sualını cavablandırarkən beynəlxalq məsələlər üzrə tədqiqatçı alim Elxan Mehdiyev dilə gətirib.
“Son hava zərbəsi də İranın iki generalının ölümünə səbəb olub və bu da İranda qisas dalğasını alovlandırıb. İranın cavab zərbəsinin haradan olacağı bütün beynəlxalq şərhçilərin müzakirə mövzusudur. Amma İranın tarixi davranışı göstərir ki, İran bu cür hallarda tələsik qərarlar vermir. Birbaşa İran –İsrail hərbi qarşıdurmasına getmək də onun beynəlxalq və bölgədəki geniş maraqlarına uyğun gəlmir. Hesab edirəm ki, hər hansı addım atarsa, o da ənənəvi 3-cü tərəf vasitəsi ilə ola bilir.
Nəzəri olaraq baxsaq, bu cür birbaşa genişmiqyaslı savaş baş verərsə, Azərbaycan üçün də çox təhlükəli hal yarada bilər. Nüvə təhlükəsi və bölgədə yarana biləcək xaos Azərbaycanın təhlükəsizliyi üçün təhdiq yarada biləcək ən böyük təhlükədir. Bizi hər iki ölkə ilə möhkəm bağlar birləşdirir. Biz savaşın olmamasını istəyən ölkələrin önündəyik. İsrail bizim dar gündə yanımızda olan dostumuz, İran isə tarixi, etnik və mədəni tellərlə bağlı olduğumuz qonşu ölkədir”, - deyə təhqiqatçı alim vurğulayıb.
Sultan Laçın