“Rusiya Ukraynanı tam işğal edərsə, Azərbaycanın taleyi necə olacaq?..”-İstiqlalçı deputat cavab verir
Ekskluziv
3574
08 Apr 2024 | 13:37

“Rusiya Ukraynanı tam işğal edərsə, Azərbaycanın taleyi necə olacaq?..”-İstiqlalçı deputat cavab verir

“Rusiya qısa müddətdə döyüş meydanında ciddi uğurlar əldə edə bilməsə, Ukraynanın xeyrinə olan bu dönüş baş verəcək…”
 
ABŞ-nin  son vaxtlar Ukraynaya genişmiqyaslı maliyyə dəstəyi düyünə düşüb və Ukraynanın həm hərbi, həm də siyasi rəhbərliyi açıq şəkildə bildirir ki, ciddi yardım bərpa olunmazsa, Rusiyanın savaşda qalib gəlmək ehtimalı çox böyükdür. Bəs əgər belə olarsa, yəni Rusiya Ukraynanı tam şəkildə məğlub edib ələ keçirərsə, digər postsovet ölkələrinin, o cümlədən Azərbaycanın taleyi necə olacaq?
Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:
 
“Əvvəla, bizim taleyimiz başqalarından asılı olmamalıdır, öncə özümüzdən asılı olmalıdır. Ukraynaya yardım isə hazırda düyünə düşsə də, yaxın vaxtlarda bərpa olunacaq. Həmin yardım bərpa olunandan sonra müharibənin xarakteri daha da dəyişəcək. Frontal müharibə Rusiya üçün ən əlverişli bir vasitədir. Bu ölkə tarixboyu bütün savaşlarında canlı qüvvənin çoxluğu və həmin qüvvənin kütləvi itkilərini nəzərə almadan insan resurslarını döyüşlərə buraxmaq hesabına çox vaxt planlarına həyata keçirə bilib. Amma hazırda Ukrayna cəbhəsində Rusiya ordusunun elə böyük bir irəliləyişi yoxdur. Eyni zamanda müharibənin xarakteri dəyişməkdədir. Ukrayna artıq uzaq məsafələrə uça bilən pilotsuz uçuş aparatlarıyla Rusiyanın dərinliklərində yerləşən enerji mərkəzlərinə və strateji hərbi zavodlarına zərbə vurmaq taktikasını seçib və buna da xeyli dərəcədə nail olur. Təbii ki, Ukraynanın insan resursları Rusiyanınkı ilə müayisə oluna bilməsə də, iqtisadi, maliyyə və hərbi texniki yardımlar artdıqca cəbhədə kəskin dönüş ola bilər. Yəni Rusiya qısa müddətdə döyüş meydanında ciddi uğurlar əldə edə bilməsə, Ukraynanın xeyrinə olan bu dönüş baş verəcək. Hazırda Rusiya Xarkov və Odessanı işğal etmək üçün çalışır. Qara dənizə tam nəzarət etməkdən ötrü Odessa ruslar üçün çox vacib bir strateji məntəqədir. Lakin mən də belə hesab edirəm ki, Rusiya bu şəhərlərin işğalına nail ola bilməyəcək və nəticədə savaş meydanında kəskin dönüş baş verəcək və Rusiyanı tükəndirmək siyasəti davam etdiriləcək...”
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər