Qarabağda qazanılan Zəfər işğal günlərini arxa plana keçirməliydi və belə də oldu. Bu gün Kəlbəcərin işğal gününü qeyd etməsək də, bu tarix heç zaman unudulmayacaq.
Kəlbəcər rayonunun deputatı Aqil Məmmədov Moderator.az-a müsahibəsində o illəri xatırlatdı. Bildirdi ki, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu qeyd-şərtsiz tərk edib və bu gün Kəlbəcər öz sahiblərinin yolunu gözləyir.
- Bu gün 27 ildən çox düşmən tapdağı altında qalan Kəlbəcərin işğalından 31 il ötür. İşğal olunan torpaqlarımız düşməndən azad olunsa da, torpaqlarımızın işğal günləri acı bir tarixdir ki, biz bu tarixi unutmamalıyıq.
- 1993-cü ildə Kəlbəcərimiz Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. O işğaldan artıq 31 ildir ötür. Həmin zaman İkinci Qarabağ müharibəsinə qədər hər gün Kəlbəcərin işğal günü qeyd olunub, bu gün də qeyd olunur. Amma 2020-ci ilə qədər biz arzularla, xəyallarla yaşayırdıq ki, o gün olsun ki, Kəlbəcərimizin işğal gününü işğaldan azad olunmuş Kəlbəcərimizdə qeyd edək. Çox şükür olsun ki, o arzumuz bu gün reallaşıb. Ali Baş Komandanımızın göstərişi ilə nəinki Kəlbəcərimiz, işğal altında olan digər torpaqlarımız da bu gün azaddır.
- Kəlbəcər 5 il düşmən mühasirəsində qalıb. O beş il necə müqavimət göstərib?
- Bilirsiniz ki, Kəlbəcər rayonunun ərazisi rayonlar arasında ən böyük ərazilərdən biridir. 1936 kvadratkilometr ərazisi olan Kəlbəcər rayonu həqiqətən təbiətinin zənginliyinə görə cənnət diyarıdır. Həm meşənin zəngiliyinə, həm yeraltı-yerüstü zənginliyi, bitki örtüyü, orada yaşan heyvanların müxtəlif növlərinə görə. Kəlbəcər unudulası, yaddan çıxası bölgə deyil.
O ki qaldı sualınıza, Kəlbəcərin coğrafi möqeyinə görə onu asanlıqla işğal etmək mümkün deyildi. Amma Ermənistan silahlı qüvvələri 1988-ci ildən Azərbaycanın ərazilərinə qarşı işğalçı siyasət yeridərək 1993-cü il aprel ayının 2-də Kəlbəcəri işğal edib. Bu, bilirsiniz nə deməkdir? Hər zaman Azərbaycan xalqına, dövlətinə qarşı düşmən mövqedə dayanan, əsrlərlə tarixi torpaqlarımızı ələ keçirməyə səy göstərən ermənilər Sovet imperiyasının rəhbərliyində təmsil olunan havadarlarının köməyi ilə 1988-ci ildə Dağlıq Qarabağda separatçı hərəkata başladı. İlk olaraq, Ermənistanda yaşayan həmvətənlərimizin öz dədə-baba torpaqlarından qovulması ilə başlanan bu proses ikinci mərhələdə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların işğalı ilə davam etdirildi. Həmin illərdə ermənilərin min bir təxribat törətməsinə-yollarda pusqular quraraq dinc əhalini gülləbaran etməsinə, Ağdam-Kəlbəcər elektrik xəttini partladıb rayonu işıqsız qoymasına, Yevlax-Kəlbəcər magistral yolunu bağlamasına baxmayaraq, yerli əhali torpaqlarını qoruyurdu.
1993-cü ilin fevralında Kəlbəcər artıq mühasirədə idi. Düşmən işğal olunan ərazini genişləndirmək və Azərbaycana Xocalı qətliamından da daha dəhşətli və ölümcül zərbə vurmaq istəyirdi. Əgər düşmən öz niyyətini reallaşdıraraq 60 minlik Kəlbəcər əhalisini ələ keçirsəydi, daha dəhşətli qətliama məruz qalacaqdıq. Azərbaycan Ordusunun 701 saylı hərbi hissəsi Kəlbəcər könüllüləri ilə birlikdə misilsiz qəhrəmanlığı ilə düşmənin bu niyyətini pozdu. Düşmən martın 26-da müdafiə qüvvəsi çatışmayan Kəlbəcəri işğal etmək üçün 6 alaydan ibarət olan qüvvə ilə 6 istiqamətdən: Ağdərədən 3, Laçından 1, Ermənistan-Azərbaycan dövlət sərhədindən 2 istiqamətdən hücuma keçdi. Ermənistan-Azərbaycan dövlət sərhədindən edilən hücum onu sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı genişmiqyaslı işğal siyasətini həyata keçirən Ermənistandır və söhbət yalnız Dağlıq Qarabağın işğalından getmir. Həmin ağır dəqiqələrdə Kəlbəcər əhalisinin köməyinə qonşu Laçın rayonunun dəhlizi uğrunda döyüşən 701 saylı briqada özünü çatdırdı. Əgər düşmənin 6 alayı ancaq Laçın rayonundan hücuma keçsəydi, döyüş təcrübəsi olan 701-ci motoatıcı briqadanın əsas qüvvələri ilə rastlaşıb çoxlu itkilər verər və Kəlbəcər işğala məruz qalmayacaqdı.
1992-ci ilin may ayında AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi ilə ölkədə yaranan hakimiyyətsizlik, xaos, özbaşınalıqlar sərhəd zonalarında, o cümlədən, Kəlbəcərdə bütün müdafiə planlarını alt-üst etdi, hərc-mərcliyin bünövrəsini qoydu. O zamankı rəhbərlik Kəlbəcərin müdafiəsini təşkil etmək adı ilə, əslində, rayonun müdafiə sistemini dağıtmağa başladı. Orduda siyasiləşmə, yerli döyüşçülərin, könüllülərin rayonun müdafiəsindən uzaqlaşdırılması əhalinin döyüş əzmini sarsıtdı. Beş il düşmənlə mərdliklə vuruşan, bütün əzab-əziyyətə sinə gərən rayon əhalisi çıxılmaz vəziyyətdə qaldı. Bu arada isə Kəlbəcərin işğalına qədər Ağdaban faciəsi baş verdi. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi. 67 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri sayılır. Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insani işgəncələr verilməsi, insanların doğma yurdundan didərgin salınması, XX əsrin ən qanlı terrorlarından biri - günahsız qocaların, körpə və qadınların güllələnməsi, əsirlərin başının dərisinin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi, tarixi memarlıq və mədəniyyət abidələrinin dağıdılması, müqəddəs ziyarətgah və qəbiristanlıqların təhqir və məhv edilməsi, klassik Azərbaycan şeirinin ustadı Aşıq Qurbanın və Aşıq Şəmşirin əlyazmalarının yandırılıb talan edilməsi, erməni separatçılarının dünya ictimaiyyətinin gözü qabağında gerçəkləşdirdiyi etnik təmizləmə siyasətinin davamı idi.
- Bəs beynəlxalq qurumlar bu məsələyə niyə susqunluq nümayiş etdirdilər?
- Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin Təhlükəsizlik Şurasının digər 3 qətnaməsi kimi, bu qətnamə də yerinə yetirilmədi. 30 Ermənistan bu qətnaməyə məhəl qoymadı. Burda acınacaqlı hal ondan ibarətdir ki, bu qurum da digər qurumlar kimi Ermənistanın bu işğalçı siyasətinə reaksiya vermədilər. Təbii ki, Ermənistan da bundan sui- istifadə etdi. Necə ki, İkinci Qarabağ müharibəsindəki bəyanata görə öz silahlı qüvvələrini oradan geri çəkmədi, qeyri-qanuni şəkildə vətəndaşlarını oraya yerləşdirdi. Kəlbəcərdə də ermənlərin məskunlaşması siyasəti yeridildi. Kəlbəcərin yeraltı, yerüstü sərvəti talan edilməyə başlandı. Amma yenə də beynəlxalq qurumlar bütün bunları görməzdən gəldi.
- Amma bu gün Kəlbəcər azaddır.
- Bəli, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız azad olundu. Şəhidlərimizin qanı yerdə qalmadı. Amma biz qalib ölkənin qalib vətəndaşı olsaq da heç vaxt Azərbaycanın başına gəitirilən hadisələri unutmamalıyıq. Nəinki Kəlbəcəri digər işğaldan azad olunmuş bölgələrimiz o işğal günləri o vəhşilikləri unutmamalıyıq. Eyni zamanda, bu günləri hər il daha yüksək səviyyədə qeyd etməliyik ki, bunlar dünya ictimaiyyətinin yaddaşından silinməsin. Bu gün böyüyən gənc nəslin yaddaşından silinməsin, onlar öz ata-babalarının başına gətirilənlərdən xəbərdar olsunlar.
Onu da qeyd edim ki, Azərbaycan Prezidenti Kəlbəcər işğaldan azad olunduqdan sonra yenidənqurma ilə bağlı sərəncam imzaladı. Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Azərbaycanın zəfər tarixi Kəlbəcərin hər guşəsində qeyd ediləcək. Bu bir tarixdir. Bizim acı tariximiz olsa da, zəfər tariximizi əks etdirən guşələr olacaq ki, turistlər, vətəndaşlar orada erməni faşistlərinin xalqımızın başına gətirilən müsibətlərdən hali olsunlar.
Xəyalə Rəis
Moderator.az