“Arzular heç vaxt tükənmir. Arzular tükənərmi? Arzular tükənəndə insan tükənir. Sənətimlə, işimlə, ən başlıcası ailəm, doğmalarımla bağlı arzularım heç vaxt bitmir. Bir arzun yerinə yetirsə, o biri cücərir. Nə xoş ki, cücərir, nə xoş ki, arzular bir-birini əvəzləyir. Allahıma çox şükürlər olsun ki, heç nədən narazı deyiləm. Şükür etməyi çox sevirəm. Əgər bu yaşıma gəlib çatmışamsa, Allahın bəxş etdiyi gözəl balalarım, nəvələrim varsa, işim varsa, məni sevənlər və mən sevdiyim insanlar varsa nə xoş mənə! Bir insan şükür etməyi bacarırsa, deməli onun ürəyində heç bir nisgilli arzusu yoxdur”.
Bunu Moderator.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən xalq artisti, Gəncə Dövlət Dram teatrının aktrisası Pərvanə Qurbanova deyib. O daha sonra əlavə edib.
“Hazırda “Yuxu kimi” serialında çəkilirəm. Hadisələr artıq sonlanmağa doğru gedir. Yəqin ki, bu mövsüm final olacaq. Serialımız uzun illərdir reytinqlərdə birincidir. Ümumiyyətlə Rövşən İsaxın serialları Azərbaycanda həmişə bir nömrə olub. Yeni serial təkliflərim də var. Öncədən demək istəmirəm. Amma biri var ki, onu dəyərləndirəcəm. İnşallah yaxşı olar” deyə aktrisa bildirib.
Sənətkar bildirib ki, oynadığı heç bir obraza görə tamaşaçıların nifrətini qazanmayıb.
“Şükürlər olsun ki, tamaşaçılarım hələ mənə nifrətlə baxmayıblar. “Yuxu kimi” serialındakı Sərvinaz xanım belə öz ailəsi, balaları üçün hər bir şeyə qadir ola biləcək xanımdır. Yalnız insanların sevgisi ilə qarşılaşmışam. Tamaşaçılar yazırlar ki, seriala sizə görə baxırıq. Gözəllik salonundakı vizajistim deyir ki, “Pərvanə xanım, yeganə məşhursunuz ki, sizi instaqramda paylaşanda yalnız xoş sözlər yazırlar”. Onun dediyini deyirəm, olmayan sözü demərəm”, - deyə aktrisa bildirib.
Xalq artisti həyat yoldaşını erkən itirdiyini, övladlarını təkbaşına böyütdüyünü bildirib.
“Qadın üçün tək olmaq çox çətindir. Mən tək yaşamışam. Gözümün yaşını silib, bir addım o yanda qürurla gəzən, başını dik tutan xanım olmuşam. Bu yəqin ki, mənim xarakterimdən irəli gəlir. Demək olar ki, göz yaşımı heç kəs görməyib. O ağırlığı, nisgili mən yaşamışam. O yükü mənə Allah vermişdisə, mən çəkməli idim. Hər iki övladıma təhsil vermişəm. Allah bəndəsini daşıya biləcəyi yüklə yükləyir. Daşıya bilmədiyi yükü ona heç vaxt yükləməz. Allah yoldaşıma qəni-qəni rəhmət etsin. Mənə o cür övladlar bəxş edib. Qəbri nurla dolsun. Təbii ki, yanımda, balalarının üstündə olsaydı çox yaxşı olardı”, - deyə xalq artisti bildirib.