“Pəhriz məqsədilə oruc tutmazlar, Ramazan tək cismin ac qalması deyil, eyni zamanda ruhun saflaşmasıdır” - FOTO + ÖZƏL + VİDEO
Ekskluziv
7900
11 Mar 2024 | 12:16

“Pəhriz məqsədilə oruc tutmazlar, Ramazan tək cismin ac qalması deyil, eyni zamanda ruhun saflaşmasıdır” - FOTO + ÖZƏL + VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü, İçəri Şəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Moderator.az-ın suallarını cavablandırıb.
 
-Surxay bəy, Ramazan ayının ilk günüdür. Sizi bu mübarək ay münasibəti ilə ürəkdən təbrik edirik.
 
-Allahın salamı, rəhməti və əfvi olsun hər kəsə! Artıq Qafqaz Müsəlmanları İdarəsinin, Şamaxı Astrofizika rəsədxanasının verdiyi məlumata görə mart ayının 11-i Ramazan ayının birinci gününə təsadüf edir. Adından da göründüyü kimi Ramazan sözünün mənası yanmaq və yandırmaq deməkdir. 11 ay etdiyimiz günahları məhz bir ayda yandırırıq. 11 ayın sultanı Ramazan yeganə aydır ki, Qurani-Kərimdə adı səslənir. Quran, sağlamlıq, bərəkət, afiyət olan bir aydır. Ramazan ayı tək cismin ac qalması deyil, eyni zamanda ruhun saflaşması və paklaşmasıdır. Ramazan ayının əvvəli mərhəmətdir, ortası əfv, bağışlamaqdır, sonu isə cəhənnəm atəşindən qurtulmaqdır. Ramazan ayı böyüklərə ehtiram, kiçiklərə hörmət, yetimlər, əlsiz-ayaqsız, kimsəsizlərə yardım etmək anlamındadır. Hətta hədislərdə qeyd olunur ki, kim Ramazan ayında iftar edən şəxsə bir xurma verərsə, Allah onun günahlarını bağışlayar. Ramazan fürsət ayıdır ki, qul Allah dərgahında bağışlanır. Oruc tutan adam bir ay boyunca acların, ehtiyacı olan insanların qayğısına qalır. İmam Əli (s) belə bir hədisi var: “Özü tox olub, qonşusu ac olan bizdən deyil”. İnsan əgər ac qalarsa, ehtiyaclı insanların halına yanar, qayğısına qalar. Ömrü Ramazan olanın, axirəti bayram olar.
 
 
-Kimlər oruc tuta bilməz?
 
-Qurani-Kərimdə buyurulur ki, əgər sizlərdən biri səfərdə olduğunuz zaman, xəstə olduğunuz zaman oruc tutmayacaqsınız. İslam dini zor dini deyil. Ağır şəkər xəstələri var ki, oruc tutmaq üçün həkimə müraciət etməli, onun tövsiyyəsinə əməl etməlidirlər. İnsan Ramazan ayında eqosunu kənara qoymalıdır. Əgər bədənində xəstəliklər varsa, icazəli deyilsə bu insanın oruc tutması düzgün deyil. Bu günah sayılır. 
 
-Bəs oruc tuta bilməyənlər nə etməlidir?
 
-Onların gündəlik yediyi qida nə qədərdirsə, təsəvvür edin, əgər gündə 3 manatlıq yeyirsə, o miqdarda fidyə olaraq ehtiyacı olan insanlara verəcək. Ramazandan sonra isə, əgər bədəni sağalarsa mütləq şəkildə oruc tutmalıdır. Digər tərəfdən əgər bir ana övladına süd verirsə, oruc tutanda uşaq süddən və qidadan məhrum olacaqsa, həmin şəxsin oruc tutması icazəli deyil.
 
-Ramazanda toy etmək olarmı?
 
-Əgər toy sahibi insanları iftar vaxtına dəvət edəcəksə, o zaman icazəlidir. Əks halda günah toy sahibinin üzərinə düşür. Ona görə də bu kimi məsələlər həm ciddi, həm də aktualdır. Süfrədəki nemətlər də halal olmalıdır.
 
-Pəhriz saxlamaq, artıq çəkilərdən xilas olmaq niyyəti ilə oruc tutmaq olar?
 
-Bu oruc deyil. Sadəcə olaraq cismin arıqlamasıdır. Ruha heç bir təsiri yoxdur. Ramazan ayında bütün əməllər “Qürbətən illəllah” olmalıdır. Allaha yaxınlaşmaq məqsədilə olmalıdır. Pəhriz məqsədilə tutulan oruc, oruc hesab olunmur.
 
-Oruc niyə xurma ilə açılır?
 
-Əslində bu tibbi məsələdir. Peyğəmbər (s.ə.s) orucunu həmişə isti su, xurma ilə açarmış. Xurma özü bütün dərdlərin dərmanıdır. Bir neçə saat ərzində insan ac qalır, xurma ilə əgər iftarı açırsa, bədəninin gücü, müqaviməti çoxalır. Belə bir höm yoxdur ki, mütləq orucu xurma ilə açmalısan. 
 
 
-Oruc tutanların daha gec yaşlanmaları ilə bağlı məlumatlar var...
 
-Oruc tutanlar və ibadət edənlər sağlamlığa fikir verir. Peyğəmbərimizin də (s.ə.s) hədisi var ki, oruc tutun ki, sağlam olasınız. Allah təala buyurur ki, “bu mənim ayımdır, kim bu ayda mənə qonaq gəlirsə, onun mükafatını verəcəm”. Dinə hörmət edən, sitayiş edən inanclı insanlar təbii ki, qidasına, yeməyinə, yuxusuna diqqət edirlər. Ona görə də uzunömürlü olurlar.  
 
-Oruc tutmayan şəxslər iftar süfrələrində iştirak edə bilər?
 
-Təbii ki, iştirak edə bilərlər. Burada heç bir nöqsan ola bilməz. Ramazan bərabərlik ayıdır. Orada ayır-seçkilik etmək olmaz. Bir süfrədə otururlarsa oruc tutmayan da özünü oruc tutan kimi aparmalıdır. Bunu islam bəyənir. Hamı o süfrədə iştirak etsə, onun savabı var. 
 
-Ramazan ayının sonunda fitrə zəkatı verilir. Bu kimlərə verilməlidir?
 
-Fitrə zəkatı islamda vacib olan hökmlərdəndir. Bu Ramazan bayramına təsadüf edilir. Ramazan axşamı verilir. Hər kəs adambaşına 8-10 manat civarında götürsək və ya 3 kilo buğda, arpa, xurma, kişmiş, düyü ilə hesablanır. 3 kilo düyünün miqdarında fitrə verilməlidir. Bəzən elə xurmalar var ki, 1 kilosu 25 manatdır. Aşağı həddi 8-10 manat civarındadır. Fitrəni ailə başçısı, ailə üzvlərinin sayına uyğun çıxarılır. Yaxşı olar ki, bayram səhəri zəkat ehtiyacı olanlara verilsin ki, onlar da bayram gününü qeyd etsinlər.
Link kopyalandı!
Son xəbərlər