Azay Quliyev:
5102
05 Mar 2024 | 21:56

Azay Quliyev: "Dünya erməniliyi hələ uzun müddət bizi rahat buraxmayacaq" - MÜSAHİBƏ

Azərbaycan Vətən müharibəsindən sonra dünya erməniləri, eləcə də onlara havadarlıq edən güclərlə savaşır. Kimi Ermənistanı silahlandıraraq onu yeni hərbi təxribatlara sürükləyir, kimi hər fürsətdə ölkəmizə qarşı bəyanat səsləndirir, kimi də qərar və qətnamə qəbul edir. Bir sözlə, vaxtilə "Azərbaycan" deyəndə ayağa durmayanlar indi ayaqda durublar. 

Bütün bunların qarşısında Azərbaycan nə edir, necə tab gətirir və ya necə mübarizə aparır? 
 
Mövzu ətrafında Milli Məclisin deputatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (ATƏT PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Moderator.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:
 
- Azay müəllim, son zamanlar mətbuatda az-az görünürsünüz
 
-Düşünürəm ki, hər şeyin qədərində olması daha gözəldir, o cümlədən mətbuatda görünməyin. Mənim mətbuatla bağlı heç bir şikayətim yoxdur. 
 
-Siz hazırda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, eyni zamanda İctimai birlik və dini qurumlar komitəsinin üzvüsünüz. Hazırda bu komitədə hansı planlar var? İşlər necə gedir, hansı layihələrin icrası gözlənilir?
 
-Hər iki komitə çox aktivdir. Xüsusilə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi. Demək olar ki, hər həftə bizim iclaslarımız keçirilir. Komitələrin kifayət qədər zəngin iş qrafiki var. İctimaiyyətə də görülən işlər barədə mütəmadi məlumatlar verilir. 
 
-Belə bir fikir var ki, Ədliyyə Nazirliyinə aid olan məhkəmə sisteminin bir hissəsini Ali Məhkəməyə verirlər. Bu haqda nə deyə bilərsiz?
 
- Baş verən dəyişiklərə məhkəmə-hüquq sistemində davam edən islahatların tərkib hissəsi kimi baxmaq lazımdır. Həm Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri, həm də adliyyə naziri yeni, gənc, islahatları aparmaq bacarığında olan peşəkar kadrlardır. Həm İnam Kərimov, həm də Fərid Əhmədovun müvafiq olaraq bu vəzifələrə təyin olunması əminəm ki, qarşıda duran vəzifələrin icrası baxımından gözəl bir tandem yaradacaq. Düşünürəm ki, hər iki qurum məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsində böyük işlər görəcək. Bu cür mürəkkəb sahədə konkret nəticələrə nail olmaq üçün onlara bir az vaxt tanımaq lazımdır. 
 
-ATƏT PA-da Azərbaycan nümayəndə  heyətinin rəhbərsiniz. Təəssüflər olsun ki, Avropada ölkəmizə qarşı ikili standart hələ də davam edir, bizim uğurlarımızı gözləri götürmür. Bu qərəz nə vaxta qədər davam edəcək?
 
-Bizə qarşı qərəz hər zaman olub. Amma Vətən müharibəsindən sonra bu qərəz və siyasi riyakarlıq ikiqat çoxaldı. Səbəb də odur ki, Azərbaycan qlobal güclərin müqavimətinə baxmayaraq, torpaqlarını işğaldan azad etdi, suverenliyini tam şəkildə bərpa etdi. Bu da həmin qurumları, xüsusilə Fransa kimi ölkələri narahat etməyə başladı və ölkəmizə qarşı yeni təzyiq dalğasına rəvac verildi.
 
İkinci səbəb isə ondan ibarətdir ki, Azərbaycan Vətən müharibəsindən sonra bölgədə, regionda yeni geosiyasi vəziyyət yaratdı, güc balansını xeyrinə dəyişdi, Türkiyə ilə birlikdə bölgənin əsas söz sahibinə çevrildi. Azərbaycan bu gün bütün parametləri ilə dünyada orta gücə çevrilib, qlobal siyasi və təhlükəsilik gündəliyinin formalaşmasına təsir etmək qüdrətinə malikdir. Bu tendensiyanın qarşısını almaq üçün bizə qarşı informasiya müharibəsini, “qarayaxma” və “gözdənsalma” kampaniyalarını daha da şiddətləndiriblər. 
 
Üçüncü səbəb də budur ki, Fransa-Hindistan-Ermənistan-Yunanıstan dördlüyü Cənubi Qafqazda yenidən münaqişə, xaos yaratmaq və bu yolla bölgəyə daxil olaraq Rusiyanı regiondan sıxışdırmağa çalışırlar. Bunun üçün Ermənistan silahlandırılır, Azərbaycanı isə hədəf seçilir. Hətta istisana deyil ki, yaxın gələcəkdə Fransanın təhriki ilə Ermənistan hərbi təxribata əl atsın və qlobal medianın gücündən istifadə edilərək bu təxribatın məsuliyyəti Azərbaycanın üzərinə qoyulsun. Biz bu kimi ssenarilərə və real təhdidlərə hər zaman hazır olmalıyıq. 
Azərbaycana qarşı Avropa Parlamentinin və AŞPA-nın qəbul etdiyi qərar və qətnamələrə bu baxmdan qiymət vermək lazımdır. Ancaq əminəm ki, Azərbaycan və onun Lideri çox güclü və bu cür təxribatlara dayanıqlıdır. Biz bu sınaqlardan dəfələrlə uğurla çıxmışıq. Müharibə dövründə bizim qarşımızı ala bilmədilərsə, öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdiksə, bundan sonra da bu cür təzyiqlərə tap gətirəcək və öz milli maraqlarımızı sonuna qədər qoruyacağıq. 
 
 
-Bəzən müxtəlif yöndə hədə-qorxu gəlməyə çalışırlar, əsas da Avropa tərəfdən görürük. Bu hədəqorxularən arxasında nə gizlənir?
 
-Hədə-qorxunun məqsədi odur ki, biz öz haqlı mövqeyimizdən və legitim maraqlarımızdan geri çəkilək, təzyiqlərə boyun əyək. Hansı ölkə güclüdür, hansı ölkənin Liderinin əzmi, qüdrəti və siyasi iradəsi var, onlar heç bir təzyiqə və hədələrə boyun əymirlər, sona qədər mübarizə aparırlar və milli maraqlarını qoruya bilirlər. Azərbaycan bunun ən yaxşı nümunəsidir.
 
-Siz ATƏT Parlament Assembleyasında və Parlamentlərarası əlaqələrlər qruplarında üzvsünüz, yetəri qədər təcrübəyə maliksiniz. Almanya və ya Fransanın deputatlarıyla təmasda olursunuzmu?
 
-Bildiyiniz kimi, Fransanın ölkəmizə qarşı sərgilədiyi dağıdıcı və düşmən siyasətinə etiraz əlaməti olaraq Milli Məclisin Fransa Milli Assambleyası ilə birgə işçi qrupu fəaliyyətini dayandırıb. Bildiyim qədərilə hazırda Fransa deputatları ilə nə ikitərfli, nə də çoxtərəfli müstəvidə heç bir təmas yoxdur. ATƏT PA-da da vəziyyət eynidir, bizim nümayəndə heyəti fransızların ölkəmizə qarşı etdiyi publik çıxaşlara sərt reaksiya verir və Fransanın iç üzünü, real mahiyyətini ifşa etməyə davam edirik. 
Digər ölkələrlə, o cümlədən Almanya ilə münasibətlərimiz fərqlidir və onlarla qarşılıqlı anlaşma, fikir mübadiləsi aparmaq üçün potensial imkanlar mövcuddur. ATƏT PA çərçivəsində bütün həmkarlarımızla açıq və qapalı görüşlərdə onları və bizi maraqlandıran bir çox məsələləri açıq müzakirə edirik. Önəmli odur ki, Almaniya və digər ölkələrlə konstruktiv dialoq və əməkdaşlıq imkanları, kanalları hər zaman açıq olsun. Təəssüflər olsun ki, fransız-erməni bacılarının təbliğat maşınının Azərbaycan haqqında yaydıqları bir çox yalanlar xarici ölkələrdəki həmkarlarımıza təsirsiz ötüşmür. Onlarla danışanda bəziləri siyasi və informasiya manipulyasiyalarının toruna düşdüklərinin fərqinə varırlar. Bəziləri isə bizi dinləmək istəmir, çünki onlar artıq Azərbaycana qarşı “propaqanda maşını”nın tərkib hissəsidirlər.
 
Lakin bütün bu haqsızlığa və qərəzə baxmayaraq, biz hamı ilə işləyirik və işləməliyik. Bu gün buna çox ehtiyac var və Azərbaycan Milli Məclisinin rəhbərliyi başda olmaqla millət vəkilləri parlament diplomatiyasının bütün imkanlarından milli maraqlarmızı qorumağa və cənab Prezidentin müəyyən etdiyi xarici siyasət prioritetlərinə uyğun hər kəslə əməkdaşlıq etməyə çalışır.
 
-Yalan məlumatlarla bağlı çalışırsınız onlara izah edəsiniz ki, həqiqətən də bu yazılan qərəzli fikirlər iftiradır. Yaxın gələcəkdə onların fikiri dəyişəcəkmi? Bu prosesin sonu necə tamamlancaq? 
 
-Biz unutmamalıyıq ki, Azərbaycanın əldə etdiyi tarixi qələbənin dəyəri, onun siyasi, tarixi və mənəvi arealı o qədər böyükdür ki, dünya erməniliyi, qərb və Avropa bizi uzun müddət rahat buraxmayacaq. Söhbət özünü xristian dinini ilk qəbul edən xalq kimi dünyaya sırıyan ermənilərin 200 illik “miatsum” idealogiyasını, erməni seperatizmini və faşizmini darmadağın edən ölkədən, xalqdan və onun liderindən gedir. Bu faktı hamı, o cümlədən bu gün bizə hücum edənlər də yaxşı anlayır. Ona görə də hücum və təzyiqlərin tezliklə kəsiləcəyini düşünmək bir az sadəlövhlük olardı. Ancaq bununla yanaşı, əminəm ki, bir müddət keçdikdən sonra haqqımızda deyilənlərin yalan və böhtan olduğunu anlayanların sayı daha çox olacaq. Digər tərəfdən dövlətlərarası münasibətlərdə emosiyaların yox, qarşılıqlı maraqların əsas götürüldüyünü, Azərbaycanın geosiyasi gücünü, qitələri birləşdirən coğrafi və logistik imkanlarını, təbii enerji və iqtisadi potensialını nəzərə alsaq, təzyiq dalğasının müxtəlif mərhələrdə dəyişkən olacağını söyləmək mümkündür.
 
-Hazırda Qarabağda mühüm işlər gedir. Köç prosesinin daha da sürətlənməsi haqda nə deyə bilərsiniz? 
 
-Böyük qayıdış o qədər ağır bir prosesdir ki, burada tələskənliyə yol vermək olmaz. Nəzərə almalıyıq ki, biz təkcə Qarabağı və Şərqi Zənəzuru sıfırdan, dağıntılar altından çıxarıb yenidən qurmuruq, biz ilk növbədə daha təhlükəli olan “səssiz düşmən”lə, mina terroru ilə mübarizə aparırıq. Qarşımızda bir milyondan çox mina ilə çirklənmiş ərazilərin təmizlənməsi kimi çox çətin və təcrübəmizdə ilk dəfə rastlaşdığımız çox böyük bir maneə var. Hər şeydən öncə bu maneəni keçməli və yenidən qurulan ərazilərə dönəcək vətəndaşlarımızın təhlükəsizliyini təmin etməliyik.
 
Xalqımız gözəl bilir ki, son 3 ildə cənab Prezidentin gündəlik rəhbərliyi və qayğısı ilə Azərbaycan bu istiqamətdə çox böyük uğurlara imza atıb. İnanılmaz dərəcədə və yüksək keyfiyyətlə infrastruktur layihələri həyata keçirilir, yeni yollar, körpülər, tunellər, kommunikasiya xətləri çəkilir. Artıq bir neçə şəhər və kəndlərimizə 6 mindən çox keçmiş məcburi köçkün soydaşlarımız qayıdıb. Cənab Prezidentin elan etdiyi kimi, 2026-ci ilə qədər daha 140 min nəfər keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdacaq. Ən asas məsələni, torpaqlarımızın işğaldan azad edilməsi kimi mürəkkəb bir işi həll etmişik. Əminəm ki, “Böyük Qayıdış Proqramı” bundan sonra daha sürətlə icra olunacaq.
Link kopyalandı!
Son xəbərlər