"Total yalan zamanı həqiqəti söyləmək ekstremizmdir...”
Rusiya Federasiyasının Smolensk vilayətindəki 3 saylı koloniya rəhbərliyi Rusiya ordusu haqqında “saxta” məlumatlar yaymaqda ittiham olunaraq səkkiz il yarım müddətinə azadlıqdan məhrum edilmiş müxalif rusiyalı siyasətçi İlya Yaşini əlavə profilaktik qeydiyyata alıb.
Moderator.az İsrail mediasında jurnalist İnna Levitskayanın yazısına istinadla xəbər verir ki, bu barədə İ.Yaşin özü “X” şəbəkəsində məlumat paylaşıb.
“Əvvəllər şəxsi işimdə ancaq “rejimin qərəzli pozucusu” maddəsi var idi. İndi mən də “ekstremizmin öyrənilməsinə və yayılmasına meylli” adamam. Bu ifadənin nə demək olduğunu ancaq təxmin edə bilərəm”, - deyə müxalifətçi qeyd edib.
Həbsxana mühafizəçilərinin izah etdiyi kimi, bu status Yaşinin cinayət maddəsinin “siyasi mahiyyəti” ilə, habelə onun əvvəllər “hüquq-mühafizə orqanları tərəfindən ifşa edildiyi” ekstremist əlaqələri ilə bağlıdır.
"Bütün bunlar, əlbəttə ki, olduqca proqnozlaşdırıla biləndir. Klassiklərin yazdığı kimi, "total yalan zamanı həqiqəti söyləmək ekstremizmdir", - siyasətçi qeyd edib.
Yaşin deyib ki, “mərkəzdən uniformalı bir adam” bu yaxınlarda rəsmi xəbərdarlıq oxumaq üçün ona baş çəkib.
"Nə haqqında? Putin haqqında pis danışmağa davam etsəm, "tromb"un- qan laxtasının, damar tıxanmasının çıxa biləcəyi haqqında?" – müxalifətçi qonaqdan soruşdu.
Lakin "formalı adam" əmin edib ki, xəbərdarlıq Yaşinin sosial şəbəkələrdəki materiallarına aiddir, Rusiya qanunlarına görə o, "xarici agent kimi etiketlənməlidir", çünki müxalifətçi 2022-ci ilin iyulunda belələrin siyahısına daxil edilib.
"Ümumiyyətlə, onlar bu xarici agentliklə bağlı bəzi iyrənc şeylər hazırlayırlar, sakitləşmirlər" -deyib Yaşin.
Xatırladaq ki, fevralın 20-də İlya Yaşin Aleksey Navalnının koloniyada öldürüldüyünə əminliyini bildirmişdi. Və o, bunun Rusiya prezidenti Vladimir Putinin işi olduğuna işarə edib.
"O, hərbi cinayətkardır. Navalnı Rusiyada onun əsas rəqibi olub və Kremldə nifrət oyadıb. Putinin həm motivi, həm də imkanı var idi. Əminəm ki, qətli o, sifariş edib", - deyə Yaşin əmin edib.
Sultan Laçın