"Elə yaşamağa çalışacağam ki, sən orada, göylərdə mənə görə qürur duyasan..."
Yuliya Navalnaya uzaqdan əri ilə ürək ağrısı ilə vidalaşıb
Dünən Moskvada Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnının dəfn mərasimi keçirilib. Onun həyat yoldaşı Yuliya Navalnaya Rusiyada olmadığından dəfn mərasimində iştirak edə bilməyib, ona görə də sosial şəbəkələrdə təsirli post dərc edərək əri ilə internet vasitəsilə vidalaşıb.
Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri yazıb.
"Leşa, 26 illik mütləq xoşbəxtlik üçün çox sağ ol. Bəli, hətta son üç ilin xoşbəxtliyi üçün çox sağ ol.
Sevginə görə, hər zaman dəstəyinə görə, hətta həbsxanadan mənə gülüş bəxş etdiyinə görə, həmişə məni düşündüyünə görə çox sağ ol.
Mən sənsiz necə yaşayacağımı bilmirəm, amma elə yaşamağa çalışacağam ki, sən orada, göylərdə mənə görə sevinəsən və mənimlə qürur duyasan.
Mən bunu bacaracağımı bilmirəm, amma buna çalışacağam.
Biz nə zamansa səninlə mütləq görüşəcəyik. Sənə danışmadığım o qədər tarixçələrim var, telefonumun yaddaşında sənin üçün saxladığım nə qədər səfeh və gülməli, düzünü desəm, dəhşətli mahnılar var.
Amma onlar bizim barəmizdədir, mən onları sənin dinləməyini necə də istərdim. Mən sənin bu mahnıları dinləməyini, gülməyini, sonra da məni bağrına basdığını görmək istəyərdim.
Sənə sevgim əbədidir. Ruhun şad olsun".
Yuliya bu postuna həyatının bəzi xoşbəxt və kədərli məqamlarını əks etdirən video əlavə edib.
Aleksey Navalnı Moskvada Borisovo qəbiristanlığında dəfn edilib.
Cənazə Frenk Sinatrın "My Way" ("Mənim yolum") mahnısının sədaları altında torpağa tapşırılıb.
Vida mərasimi zamanı qəbiristanlıqda həmçinin "Terminator-2" filmindən Bred Fidelin final hissəsi səsləndirilib. Leonid Volkov deyib ki, bu, siyasətçinin sevimli filmi olub.
Pravoslav ənənələrinə uyğun olaraq dəfn edilməzdən öncə Navalnının ruhuna Moskvanın cənub-şərqindəki Marinoda "Kədərimi ovut" Ana Allahı ikonası kilsəsində dualar oxunub.
Bu ərəfədə şəhər rəhbərliyi tərəfindən ərazi polislərlə mühasirəyə alınıb, metal hasarlar çəkilib, bütün "fənər sütunlarda" müşahidə kameraları quraşdırılıb və vətəndaşlara hədə-qorxu gəlinib.
Rusiyanın yüksək vəzifəli məmuru "The Moscow Times" qəzetinə deyib ki, xüsusi xidmət orqanları qarşısında "Andrey Saxarovla vidaya analoji olan mənzərəyə yol verməmək" vəzifəsi qoyulub və buna qismən nail olunub, Navalnı ilə vidalaşmağa cəmi bir neçə min adam gəlib.