“Ermənilər Azərbaycan torpağına bir də ayaq basmağı heç ağıllarına da gətirməsinlər...”-MÜSAHİBƏ
Ekskluziv
7326
23 Feb 2024 | 18:37

“Ermənilər Azərbaycan torpağına bir də ayaq basmağı heç ağıllarına da gətirməsinlər...”-MÜSAHİBƏ

“1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımızı qovan kimi ermənilər onların evlərini ya  yandırdılar, ya da  özləri yığışıb yaşamağa başladılar. Gərək biz də, Xankəndindəki, Ağdərədəki, Əsgərandakı evlərə azərbaycanlıları mümkün qədər tez yerləşdirək ki, ermənilər onlardan soyusun, əllərini üzsünlər...”
 
Birinci Qarabağ müharibəsində doğma Malıbəyli kəndində könüllü tabor komandiri  kimi savaşmış, kənd sakinlərinin erməni terrorçuların mühasirəsindən itki olmadan çıxarılmasına nail olmuş, 2023-cü il 19-20 sentyabr əməliyyatlarında isə bələdçi zabit kimi Malıbəylinin azad olunmasında bilavasitə iştirak etmiş tanınmış Qarabağ qazisi Azay Kərimovla Moderator.az üçün növbəti söhbətimizdə üzərindən 32 il keçən Xocalı, Malıbəyli, Qaradağlı və s. faciələrin törədilməsində  erməni terrorçularına bilavasitə dəstək vermiş Rusiyanın 366-cı alayının “varisləri” olan “sülhməramlı”ların hələ də torpaqlarımızda qalmasından, son 30-35 ildə bütün bu baş verənlərdən sonra ermənilərin təkrar Azərbaycan ərazisinə qayıdıb yaşamağa cəhd edə bilmələri ehtimalından, Ermənistanla sərhəddə terrorçu “Yerkrapa” üzvlərinin açdığı atəş nətisəcində baş vermiş sonuncu qarşıdurmadan  və s. bəhs etdik.  
 
-Azay bəy,  32 il öncə dinc sakinlərinin düşmən mühasirəsindən çıxarılmasını təşkil etdiyiniz doğma Malıbəyli kimi  Xocalı, Qaradağlı və s. faciələrin törədilməsində də erməni terrorçularına bilavasitə dəstək vermiş Rusiyanın 366-cı alayının “varisləri” olan “sülhməramlı”lar hələ də Qarabağda, Xocalı hava limanı ərazisindədirlər... Bu, bir döyüşçü zabit, Qarabağ qazisi kimi sizə necə təsir edir?
 
-Təbii ki, belə olmasını istəməzdik... Amma elə hesab edirəm ki, Rusiyanın “sülhməramlı” adlanan qoşunları vaxtları çatanda oradan çıxacaqlar. Sadəcə, həmin vaxtadək, yəni 2025-ci ili gözləmək lazımdır... İnanmıram ki, ruslar ondan sonra burada qalsınlar. Bir də ki, qalsalar, Qarabağda nə iş görəcəklər? Erməni də qalmayıb Qarabağda... Bütün hallarda mən siyasətçi olmadığımdan bu haqda uyğun fikir söyləyə bilmərəm... 
 
-Amma son bəyanatlardan da bəllidir, Rusiya çalışır ki, ermənilərin ən azı bir qismi Qarabağa  qaytarılsın və “sülhməramlı”ların orada daha uzun müddət qalmalarına bəhanə yaransın...
 
-Bəli, bəli... Qarabağdan Ermənistan dediyi kimi, 120 min yox, 70 mindən çox erməni köçüb gedib... Bunlar, düzdü, çoxları Azərbaycanın vətəndaşlığını qəbul edilməsi şərtləri ilə razılaşmayıb könüllü gediblər. Amma, necə deyərlər, gözləri arxada qalıb. Yəni o azı 30 il zəbt edib yaşadıqları evlərdə, bağ-bağçalarda... Ona görə də, necə ki, bizlər 30 ildən çox müddətdə heç zaman öz doğma yurdlarımızı, evlərimizi unutmadıq, daim o ocaqlarımıza qayıtmaq üçün əlimizdən nə gəlirsə, etməyə çalışdıq, ermənilər də bütün vasitələrlə əvvəlki şəraiti bərpa edib geri qayıtmağa çalışacaqlar. 1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımızı qovan kimi ermənilər onların evlərini ya  yandırdılar, ya da  özləri yığışıb yaşamağa başladılar. Gərək biz də, Xankəndindəki, Ağdərədəki, Əsgərandakı evlərə azərbaycanlıları mümkün qədər tez yerləşdirək ki, ermənilər onlardan soyusun, əllərini üzsünlər...
 
-Qarabağda böyüyüb boya-başa çatmış, onlarla həm sülh, həm müharibə dövründə ünsiyyətdə olmuş və bu minvalla ermənilərin etnopsixoloji xarakterinə bələd olan biri kimi necə hesab edirsiz, son 30-35 ildə bütün bu baş verənlərdən sonra onlar təkrar Azərbaycan ərazisinə qayıdıb yaşamağa cəhd edə bilərlər? 
 
-Düzü, bir yandan inanmıram ki, onlar Azərbaycana qarşı bütün bu törətdikləri vəhşiliklərdən, faciələrdən sonra bir daha Qarabağa qayıdıb yaşamağa cürət etsinlər. Sadəcə, bir hərbçi kimi açıq deyirəm; elə bir təbliğat aparmaq lazımdır ki, ermənilər Azərbaycan torpaqlarına bir də ayaq basmağı heç ağıllarına da gətirməsinlər...
 
-Bəzən belə fikirlər səslənir ki, ermənilərin Qarabağa geri qayıtması Azərbaycanın xeyrinədir...
 
-Bunun Azərbaycana gələcəkdə növbəti təhlükə yaratmaqdan savayı heç bir xeyiri ola bilməz. Xeyiri o zaman ola bilər ki, Qərbi Azərbaycandan qovulmuş 300 minə yaxın  soydaşımız da qayıdıb öz tarixi yurdlarında yaşasınlar...
 
-Azay bəy, Ermənistanla sərhəddə terrorçu “Yerkrapa” üzvlərinin açdığı atəş nətisəcində baş vermiş sonuncu qarşıdurma haqda nə düşünürsüz?
 
-Bu insident məni çox narahat etdi. Düzdü, şükür Allaha, Azərbaycan tərəfdən itki olmadı, yalnız bir sərhədçi oğulumuz yaralandı – Allah şəfasını versin! Onun da qisasını ordumuz beşqat aldı... Bununla belə, biz sakit, arxayın olmamalıyıq. Ermənistanla aramızdakı belə gərginliklər yaxın 4-5 ilədək səngiməyəcək. Odur ki, bütün gücümüzlə sərhədlərimizi möhkəmləndirməliyik, arxadakı bütün hərbi bazalarımızı gücləndirməliyik. Bir qarış torpaq da nəzarətsiz qalmamalıdır...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər