Zəruri arayış:
Yuliya (qızlıq soyadı: Abrosimova) 1976-cı ildə Moskvada doğulub. Atası Boris Abrosimov elmi işçi olub. Anası Yüngül Sənaye Nazirliyində sıravi işçi kimi çalışıb. Yuliya 5-ci sinifdə oxuyanda valideynləri boşanıb. Anası ikinci dəfə ailə qurub, atası isə Yuliyanın 18 yaşı olanda vəfat edib.
Yuliya Plexanov adına Rusiya İqtisad Universitetinin beynəlxalq və iqtisadi münasibətlər fakültəsini bitirib. Bir müddət xaricdə təcrübə keçib. Sonra aspiranturaya qəbul olunub.
Alekseylə Yuliya 1998-ci ildə Türkiyədə istirahət zamanı tanış olublar. O vaxt onların 22 yaşı olub. Moskvaya qayıdandan sonra görüşməyə davam edən cütlük o vaxtdan ayrılmayıb. İki il sonra – 2000-ci ilin avqustunda onlar ailə qurublar. Bir il sonra – 2001-ci ildə qızları Darya dünyaya gəlib. 2008-ci ildə isə Navalnıların oğlu – Zaxar doğulub.
Yuliya bir müddət Moskva banklarının birində çalışıb. Sonra Alekseyin doğmaları ilə birlikdə mebel istehsalı biznesi ilə məşğul olub. Qızı dünyaya gələndə biznes fəaliyyətini dayandırıb və həyatını ailəsinə həsr edib.
2007-ci ildən Yuliyanın rəsmi iş yeri, fəaliyyəti yoxdur. Aleksey Navalnı bloqçu və siyasətçi kimi tanınandan sonra Yuliya onun katibəsi-köməkçisi qismində çalışıb.
Yuliya ərinin təşkil etdiyi bütün mitinqlərdə iştirak edib. Navalnı yalnız 2021-ci ildə yox, əvvəlllər də bir neçə dəfə həbs olunub və belə məqamlarda onun bloq səhifəsini həmişə Yuliya idarə edib.
2021-c il yanvarın 17-də Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulanda və sonrakı günlərdə Yuliyanın ərinə göstərdiyi dəstək get-gedə KİV-də və sosial şəbəkələrdə daha çox diqqət və rəğbətlə qeyd olunmaqdadır.
Həmin hadisədən az sonra “Nyu-York Tayms” qəzetinin dərc etdiyi, “Rusiya müxalifətinin birinci xanımı ərinin həbsi ilə diqqət mərkəzinə gəlib” başlıqlı məqalədə Yuliya Navalnaya iradəli, hökmlü qadın kimi xarakterizə edilir, onunla əri həbsdə olan Svetlana Tixanovskaya arasında paralellər aparılıb və Yuliyanın faktiki siyasi liderə çevrilməsinin mümkünlüyünə toxunulub...
S.Laçın