"Hökumətlər İsraili cinayətlər törətməkdən çəkindirmək üçün onunla bütün iqtisadi münasibətlərə və qarşılıqlı əlaqələrə son qoymalıdır..."
Bu gün İranda İran İslam İnqilabının 45-ci ildönümü qeyd edilir. Minlərlə iranlı bayraq, hava şarları, inqilabi və dini şüarlar yazılan plakatlarla bəzədilmiş əsas küçə və meydanlara yürüş edib.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" informasiya agentliyi məlumat yayıb.
Tehranda insan kütlələri İran bayrağını yelləndirib, İran üçün ənənəvi olan "Amerikaya ölüm" və "İsrailə ölüm" şüarları səsləndirib.
Məlumatda deyilir ki, nümayişçilər ABŞ və İsrail bayraqlarını yandırıb ki, bu da hökumətyönlü mitinqlərdə istifadə edilən adi praktikadır.
Yürüşlər İran paytaxtının bir neçə yerlərindən start götürərək Azadi meydanında birləşib. Dövlət televiziyası bir çox şəhər və qəsəbələrdə insan kütləsini nümayiş etdirərək, bütün ölkə boyunca mitinqlərdə milyonlarla insanın iştirak etdiyini iddia edib.
"Azadi" meydanında "Qasım Süleymani" və "Səcil" ballistik raketlər, "Simorq" peyk daşıyıcısı və müxtəlif növ dronlar nümayiş etdirilməklə hərbi parad keçirilib.
Nümayişçilər silahlar fonunda selfi çəkdirib. Bayram tədbirləri zamanı desantçı əllərində Fələstin bayrağını nümayiş etdirərək təyyarədən tullanıb.
Tehranda keçirilən təntənələrdə İranın bir çox yüksək vəzifəli məmurları, o cümlədən prezident İbrahim Rəisi iştirak edib.
O, "Azadi" meydanında kütləyə müraciət edərək nitq söyləyib və Birləşmiş Millətlər Təşkilatına İsrailin sionist rejimini təşkilatdan qovmağa çağırış edib.
Fələstin problemini bəşəriyyətin başlıca prioriteti adlandıran İran prezidenti bəyan edib ki, hökumətlər İsraili cinayətlər törətməkdən çəkindirmək üçün onunla bütün iqtisadi münasibətlərə və qarşılıqlı əlaqələrə son qoymalıdır.
"BMT qanunlarına riayət etməyən və onun qətnamələrimə etinasız yanaşan istənilən ölkə təşkilatın tərkibindən xaric edilməlidir", - Rəisi bəyan edib.
O, əlavə edib ki, Qəzza bölgəsinin bombardman edilməsinə imkan daxilində tez bir zamanda son qoyulmalıdır, nümayişçilər cavabında "İsrailə ölüm!" süarları səsləndirib.