“Qiyamət Günündə hesablaşarıq!..”
“Hər kəs öz əməlinə və niyyətinə görə məsuliyyət daşıyacaq. Həqiqətən,Qiyamət saatı mütləq gələcəkdir…”
“Uca Allah xəbərdarlıq edir ki, zülm edənlər zülmə məruz qalanın duasından qorxsunlar. Axı O, Məndən soruşacaq, Mən də Ona cavab verəcəyəm”. Məzlumun duası ilə onun qəbulu arasında heç bir maneə yoxdur…”
Müsəlmanlar arasında zəif və müdafiəsiz olanlar digər, daha firavan möminlər üçün dəstək və qayğı obyekti olmalı olduğu halda, əksinə, haqsızlıq və zülmün qurbanı olurlar. Allah-Taala bir çox ayələrində zalımları haqq yola yönəltmədiyini bildirir. Başqasını alçaltmaq, təhqir etmək, onlara zərər, bəla yetirmək ən böyük günahlardandır. Qoy məzlumlar ümidsiz olmasın, zalımlar rahatlanmasın. Həqiqətən, o gün gələcək ki, birincilər sevinəcək, ikincilər isə ifşa ediləcək və zəlil olacaqlar. Və "heç bir ruh incidilməyəcək".
Xoş niyyətlərlə...
Qüdsi- hədisdə Allah-Taala buyurur:
“Ey bəndələrim, həqiqətən, Mən özümə zülm etməyi haram etdim və onu sizin aranızda da haram etdim- bir-birinizə zülm etməyin!”
Var olan hər şeyi yaradan Uca Allah. O, kainat, təbiət insanlar üçün qanun-qaydalar qoyur, O, Əsas və yeganə Hakimdir. Allah-Təala Tək İlahdır və O, heç kəs qarşısında cavabdeh deyildir; İmam Şafiinin dediyi kimi, O, əməllərindən soruşulmayandır. Və Mütləq qüdrətinə baxmayaraq, Uca Allah zülmü Özünə haram (!) etdi! Ədalətsizlik - başqa bir insana və onun hüquqlarına hörmətsizlik; onun şərəfini, canını, malını, ailəsini alçaltmaq, təhqir etmək və ya qiymətləndirməməkdir. Ədalətin əsas prinsipi belədir: “Özünə qarşı edilməsini istəmədiyini başqalarına etmə”…
Ehtiyaclarını bilən insan ədaləti haqsızlıqdan asanlıqla ayıra bilir. Haqsızlıq edənlərin, özünü haqlı hesab edənlərin mövqeyi təhlükəlidir. Onlar inadla səhv etdiklərini görməkdən imtina edir. Səhvlərinizi dərk edib etiraf etmək cəsarət, dürüstlük tələb edir və bu, müəyyən qədər öz dərdinizlə, ağrınızla üz-üzə qalmaqdır. Bu, insanın bədəninə batmış bir tikanı çıxararkən yaşadığı ağrıya bənzəyir… Amma çoxları qanın qalan hissəsini də yoluxdurmaqla və öz fitnə-fəsadların davam etdirməklə bununla yaşamağa hazırdır. Onlar təkcə öz bədbəxtliklərini ağırlaşdırmır, həm də başqalarına əziyyət verirlər. Çoxlarının hətta müdafiə bəhanələri var. Guya ki, bu, tikan deyil, dərinin bir hissəsidir, ona görə də onu çıxarmaq lazım deyil... Və ya "alimlər sübut ediblər ki, bədəndə tikanın olması immunitet sistemini gücləndirir"… Sayıqlama, cəfəngiyyatdır… Cəfəngiyyat həm də “Belə olmalıdır" deyə başqalarına guya yaxşı niyyətlə əziyyət verən əxlaqi, fiziki və ya psixoloji zalımların xeyir məqsədləridir. Digərləri isə öz haqsızlıqlarıyla o qədər azrıblar ki, ən müqəddəs şeyə - dinə də əl uzadırlar. Hədisləri, ayələri və ya alimlərin kəlamlarını özlərinə uyğun şərh edərək, öz zülmlərini, fitnə-fəsadlarını onlarla izah edirlər. Halbuki zəhərlənən bir insan üçün ona hansı qabdan, büllur qədəhdən və ya taxta qabdan içki verməyinizin mənası olmadığı kimi, haqsızlıq etdiyiniz insana həmin haqsızlığın hansı ideyalarla əsaslandırılması bir o qədər əhəmiyyət kəsb etməyəcək…
Cəzasız qalmaq illüziyası...
Ola bilsin ki, qurbanı bunun zəruri olduğuna, ətrafındakıları isə bunun faydalı olduğuna əmin etmək mümkündür. Lakin qəlblərimizdəkilərini bizdən daha yaxşı bilən, Hər Şeyi Bilən Uca Allahdan öz ruhumuzu gizlədə bilmərik. Hər kəs öz əməlinə və niyyətinə görə məsuliyyət daşıyacaq. Həqiqətən,Qiyamət saatı mütləq gələcəkdir…
“O saat (qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın. (Və ya: Mən onu az qala Özümdən belə gizlədirəm; və ya: Mən onu Özümdən başqa hamıdan gizlədirəm. Yaxud: Mən onu zorla gizlədirəm, çünki qiyamətin yaxınlaşması hər addımda özünü müxtəlif əlamətlərlə büruzə verir) [1].
Haqq-Taalanın sözü həqiqətdir. Və ona əsasən, hər bir insan öz əməlinə və sözlərinə görə cavabdeh olacaq. Bu dünyada deyilsə, o biri dünyada...
Ənəs ibn Malik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu:
«Allah Öz bəndəsi üçün yaxşılıq istədikdə artıq bu dünyada ona əzab verər. Əgər bəndəsinə pislik istəsə, cəzasını Qiyamət gününə qədər təxirə salar.”[2]
Bu dünyada zalımlar özlərini nisbətən dinc hiss edə bilərlər. Axı, onların (tayfa, sosial və ya ailə) mövqeyi, nüfuzu, gücü, ictimai rəyi, maddi imkanları rifahları ilə mükafatları arasında dayana bilər. Axı, belə bir ədalətsizlik növü də mövcuddur ki, onun əsasında müəyyən bir kateqoriya şəxslərin hüquqları pozula bilər. Məsələn, qadınlar, uşaqlar, yetimlər, boşanmış insanlar və s. Bəzən bu cür ədalətsizliyə ənənə və ya adət də deyilir. Amma sabah bizi kor edən bütün bu bütlər yıxılacaq,öz mahiyyətimizlə üz-üzə görüşəcəyik…
Qiyamət Gününün ədaləti...
Ədalət - Qiyamət günü Uca Yaradan tərəfindən bərqərar olacaq həqiqətdir. Muhəmməd Peyğəmbər (s) buyurmuşdur: “Həqiqətən, Allah Qiyamət günü buynuzsuz mal-qaranın haqqını buynuzlu heyvanlardan alacaqdır.” Yəni, ikinci, buynuzlu heyvanın vurduğu buynuzsuz heyvan ona cavab verə biləcək. Bədənin orqanları bizim lehimizə və ya əleyhimizə şahidlik edəcəklər. Yer üzündə nə etdiyimiz barədə danışacaqlar. Quran ona diqqət yetirən, oxuyan və öyrənənlər üçün şəfaətçi olacaqdır. Hər bir xırda detal nəzərə alınacaq.
“Kim zərrə qədər yaxşılıq etsə, onun əvəzini, hər kim zərrə qədər pislik etsə, onun əvəzini görəcək və onun əvəzini alacaqdır.” [3]
Zalımlar üçün...
Bir zamanlar Peyğəmbər (sallallahu aleyhi və səlləm) Allah onun əshabından soruşdu: “Kimin yoxsul olduğunu bilirsinizmi? Cavab verdilər: “Allahın Rəsulu, bu, o kəsdir ki, nə dirhəmi, nə dinarı, nə də malı var”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) cavabında buyurdu: “Ümmətimdən olan yoxsul o kəsdir ki, Qiyamət günü namazlarıyla, oruclarıyla, zəkatlarıyla gələr, lakin bununla yanaşı, kimisə söyüb, kimisə şərləyib, başqasının malına haqsız olaraq sahib çıxıb. Beləsi yaxşı işlərinin mükafatlarından zülm etdiyi kəslərə verəcəkdir. Əgər əməllərinin əvəzini vermədən savabları qurtararsa, günahları onun üzərinə yüklənəcək və o, cəhənnəmə atılacaqdır.”[4]
Həmçinin başqa bir hədisdə buyurulur ki, Qiyamət günündə əməlləri gətirilər və adam soruşar: “Bəs mənim yaxşılıqlarım haradadır?” Ona belə cavab verərlər: “Zülm etdiyin, aldatdığın, təhqir etdiyin, böhtan atdığın, incitdiyin şəxslərin əməl kitablarına köçürülüb”. Öz pis əməlləriylə dolu kitabını görən insan deyər: “Ya Rəbbim, mən heç vaxt bu günahları etməmişəm”. Amma ona deyilər ki, bu, onun zülm etdiyi, təhqir etdiyi, söydüyü, lənətlədiyi, aldatdığı, münasibəti yaxşı olmayan insanların əməlləridir. Pisliyiniz sizə qarşı dönməzdən əvvəl (və bu, mütləq baş verəcək) tövbə etməyə tələsin, bağışlanma diləyin və yaxşılıq etməklə pisliyin əvəzini çıxın. O gün gəlib çatana qədər ki, zalımlara etdiklərinə görə üzr istəmək heç bir fayda verməyəcək. Onlara lənət olsun və ən pis məskən qismət olsun...”[5]
Xatırlayın ki, Əbu əd-Dərda, Allah ondan razı olsun, ölümündən əvvəl dəvəsindən belə, bağışlanma diləmiş və demişdi: “Ey dəvəm, Qiyamət Günü mənimlə mübahisə etmə, axı mən sənin belinə daşıya bilməyəcəyin bir yük qoymadım.”
Uca Allah xəbərdarlıq edir ki, zülm edənlər zülmə məruz qalanın duasından qorxsunlar. Axı O, Məndən soruşacaq, Mən də Ona cavab verəcəyəm”. Məzlumun duası ilə onun qəbulu arasında heç bir maneə yoxdur…
Zülmə məruz qalanlara…
Çox vaxt edilən haqsızlıq pislik zəncirinin ilkin halqasına çevrilir. Necə deyərlər, edilən əməllərdən oxşar əməllər doğur. Ən çox görülən misal budur ki, işdə haqsızlığa məruz qalan bir adam bunun əvəzini evdəkilərdən çıxa, günahsız uşaqların və ya arvadının üzərinə yüklənə bilər. Yaxud başqasının ədalətsizliyinə məruz qalan digər bir şəxs icazə verilən həddən kənar qisas tədbirləri görə bilər. Belə bir “əks-hücum”, əlbəttə ki, nəinki vəziyyəti daha da gərginləşdirir, həm də məzlumların Uca Yaradan qarşısında vəziyyətini pisləşdirə bilər…
Vəziyyəti daha da pisləşdirməmək üçün bir neçə məsləhət:
Təkəbbür göstərməyin…
Təkəbbür bizi düşündürür ki, bizə qarşı belə münasibət bağışlanmazdır. Peyğəmbərlər, elçilər, saleh insanlar ən ləyaqətsiz insanların əli ilə zülm və işgəncələrə məruz qaldılar. Lakin onlar təvazökar idilər və hətta özlərinə zülm edənlər üçün bağışlanma da dilədilər. Nəyə görə biz sınaqdan keçirilə bilməyəcəyimizi düşünürük?..
Səbir…
Şəraitin təzyiqinə baxmayaraq, icazə verilən hədlər daxilində, Allahın rizası çərçivəsində qalmaq üçün səbir lazımdır. “Allahdan qorxun!” və ya “Həqiqətən, mən oruc tuturam!” deməklə özünü saxlamaqdansa, yumruqla və ya sözlə döyüşə girmək daha asandır. Ancaq ədalətsizliyi dayandırmağın başqa ağlabatan yolu olmadığı halda imanı və yaxşılığı qoruyub saxlamağa imkan verən məhz səbirdir…
İman…
“Həqiqətən, iman gətirənlər Allaha və Onun Elçisinə iman gətirənlərdir, onlar özlərinə pislik edənlərə belə yaxşılıq edənlərdir, onları məhrum edənləri və onları inkar edənləri belə bağışlayanlardır, onlara xəyanət edənə belə güvən, onlar onları xar edənə belə hörmət edənlərdir.”[6]
Namusa və malına haqsızlıq edilsə belə, imanını qoru. Çünki ikisini də bərpa etmək olar, amma imanı... Qaytarmaq mümkün olarmı? Yaxşılıq edənlərə və qəlbləri qırılanlara yaxın olan Uca Allahın nemətini itirməkdən qorxun. Daha yaxşı nəticəyə inanın və hətta heyvanlar arasında da ədalətin bərpa olunacağı Qiyamət Gününə ümid edin. Sizə vəd edilən mükafata laqeyd yanaşmayın. Qoy inciklik sizə mənəvi tənəzzül əvəzinə yeni faydalar gətirsin…
Mənbələr:
[1] Quran, 20:15
[2] Tirmizi, ibn Macə
[3] Quran, 99:7-8
[4] Mulim, İmam Əhməd
[5] Quran, 40: 52
[6] Hədisi- Qüdsi
Asya Qagiyeva,
Psixoloq-məsləhətçi, "transaksiya təhlili" istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının (ATAA) üzvü.
Moderator.az üçün tərcümə etdi: Sultan Laçın