Rusiya erməniləri Qarabağa qaytarır
Ekskluziv
3775
11 Feb 2024 | 12:18

Rusiya erməniləri Qarabağa qaytarır

Bəlkə də yazının başlığına sual işarəsi qoymaqla qəti fikir söyləməkdən çəkindiyimizi və bu qənaətə gəlmək üçün hələ şübhəli və tam aydın olmayan məqamların olduğunu ifadə etmiş olardıq. Amma, Kremlin postsovet məkanında apardığı indiki siyasətə az-çox şahidlik etdiyimizdən, Rusiya imperiyasının bölgəmizlə bağlı uzaq, yaxın tarixinə bələd olduğumuzdan, sayıq olmağımız naminə, hətta qınağa dolmağımız üçün sual işarəsinə ehtiyacın olmadığı məqsədəuyğun hesab edilməlidir. 
 
Dünən 10 fevralda Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin Moskvada, Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Kopırkin isə İrəvanda eyni məzmunlu bəyanatlarla çıxış ediblər. Hər iki məmur bildirib ki, “Rusiya Qarabağ ermənilərinin təhlükəsiz şəkildə geri qayıtması üçün kömək etməyə hazırdır. Bu baxımdan, bunu etmək istəyənlərin hüquqlarını və təhlükəsizliyini lazımi qaydada təmin etməklə, geri qayıtmasına şərait yaradılması vacibdir. Biz bu prosesə hər cür yardım göstərməyə hazırıq, o cümlədən iştirakı böyük əhəmiyyət kəsb edən Rusiya sülhməramlı kontingenti vasitəsilə". 
 
Rusiyanın səlahiyyətli məmurlarının dediklərini təhlil etməzdən əvvəl bir məsələyə diqqət edək. Bu bəyanatları vermək üçün 10 fevral tarixi təsadüfi seçilməyib. Rusiya prezidenti Vladimir Putin, ümumiyyətlə Kreml, siyasətdə simvolikalardan istifadə etməyi sevir və qarşı tərəfə rəmzlər vasitəsilə mesaj vermiş olurlar. Məhz, 1828-ci il fevralın 10-da Təbriz yaxınlığındakı Türkmənçay kəndində şahzadə Abbas Mirzə ilə general Paskeviç arasında 16 maddəlik Türkmənçay müqaviləsi imzalanmış və bu müqavilədə 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsi də təsdiq edilməklə yanaşı, İrəvan və Naxçıvan xanlıqlarının da Rusiya imperiyasına birləşdirildiyi elan edilib. İndi də sinxron şəkildə Moskva və İrəvanda verilən bəyanatların bu günə təsadüf etməsi göstərir ki, Rusiya Cənubi Qafqazda təsirini, gücünü saxlamaq üçün yenidən Qarabağ kartı üzərindən qızışdırıcı siyasətə başlayır və bunu gizlətmir. 
 
M.Qaluzin bu geridönmə prosesinə Qarabağda qalan Rusiya sülhməramlı kontingenti vasitəsilə “hər cür yardım göstərməyə hazır olduqlarını” deməklə, Ermənistan rəhbərliyinə və separatçı rejimi təmsil edənlərə açıq sifariş vermiş olur ki, Qarabağ ermənilərinin qayıtmasını istəyirsinizsə hərəkətə keçmək lazımdır. “Hər cür yardım” içərisində təbii ki, hərbi yardım da nəzərdə tutulur və sülhməramlı kontingentin ən yaxşı vasitə olduğunu da Qaluzin gizlətmir. Ermənistanın Baş naziri də “Paşinyan Qarabağı təhvil verdi” töhmətindən qurtarmaq və məsuliyyəti də onların üzərinə atmaq üçün açıq, gizli təbliğata başlaya bilər. Separatçı rejimin tör-töküntüləri də “Rusiya qarantdır” deyib, səfir Kopırkinin köçkünlərlə görüşünü təşkil edər, Kopırkin yağlı vədlər verib 44 günlük müharibədən sonra Ermənistana qaçanları avtobuslarla geri qaytardıqları kimi, bir neçə min erməninin Qarabağa qayıdışına şərait yarada bilər. Bu vəziyyət sülhməramlı kontingentinin 2025-ci ilin noyabrında Azərbaycanı tərk etməmək üçün Rusiyanın əlində bəhanə olacaq. Bu işdə Qərbin də Rusiya ilə əlbir olacağı şübhə yaratmır. Azərbaycan etiraz edərsə, Avropa İttifaqının təzyiqlərini dövriyyəyə buraxılacağı  ilə şantaj edəcəkləri istisna deyil.
 
2023-cü ilin sentyabrında ermənilərin kütləvi köçü Rusiya üçün gözlənilməz oldu, amma Qarabağda erməni qalmasa da, hərbi kontingent bölgəni tərk etmədi. Necə ki, Rusiya Türkmənçay müqaviləsindən sonra İran ermənilərini Qarabağa köçürüb onlardan hər zaman Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmişdi, indi də erməni olmadan “parçala hökm sür” siyasətinin yürümədiyini görüb, yenidən erməniləri Qarabağa qaytarmağı planlaşdırır. 
 
Rusiya bu istiqamətdə real hərəkətə keçmək üçün konkret addımlar atmağa cəhd edərsə, Qərbi azərbaycanlıların  da geri qayıtması şərt olaraq irəli sürülməlidir. Ümumiyyətlə, Azərbaycan rəsmi olaraq Qaluzin və Kopırkinin qeyd olunan bəyanatlarına kəskin cavab verməli, bir daha “Qarabağın daxili işimiz”olduğunu bildirməlidir. Qarabağ erməniləri geri qayıtmaq istərsə, onların təhlükəsizliyini yalnız Azərbaycan həyata keçirəcək, kiminsə hərbi kontingenti bizim ərazimizdə təminatçı rolunda çıxış edə bilməz.
 
İlham İsmayıl
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər