“Papaq bizim qədim baş örtüyümüzdür, bunu unutmaq olmaz”-ÖZƏL+FOTO
5183
05 Feb 2024 | 08:51

“Papaq bizim qədim baş örtüyümüzdür, bunu unutmaq olmaz”-ÖZƏL+FOTO

“Bu günki gündə papağa, papaqçılığa tələbat, həvəs azdır. Bir neçə il əvvəl ayda 50 papaq tikirdimsə, indi 25 papaq tikirəm. Hazırda 3 şagirdim var, oğlum da papaqçıdır. Amma iş yaxşı olanda 6-7 şagirdim olurdu. Belə başa düşürəm ki, papağa marağım azalması həm də insanların maddi vəziyyətinin aşağı olması ilə bağlıdır. Çox insan köhnə papağını yamatdırmağa gətirir. Yenisini almaq istəyənlər azdır. Mənim elə müştərilərim var idi ki, yaxşı, bahalı papaqlar alırdılar. Son vaxtlar gəlib deyirlər ki, “Sədi usta, münasib qiymətə olanını ver”. Həm də bu gün başına papaq qoyanlar azalıb. Çox insan müasir papaqlardan istifadə edir. Papaq bizim qədim baş örtüyümüzdür, bunu unutmaq olmaz”
 
Bunu Moderator.az-a açıqlamasında 30 ildən çoxdur ki, papaqçı işləyən Sədi Xalayev deyib. O daha sonra əlavə edib.

 
“Papaq tikmək üçün müxtəlif növ dərilərdən istifadə edirik. Bu dərilər “qaragül” adlanır. Birinci növ “əntik-gümüşü”, ikinci növ “qəhveyi-sur”, 3-cü “boz-gümüşü”, 4-cü növ isə qara rəngli dəridir. Ən münasib qiymətə olan dəri də qara rənglidir. Qara rəngli papaqların qiyməti 60-100 manat arası dəyişir. Qəhvəyi, boz-gümüş rəngli papaqların qiyməti 150-200 manat arasıdır. “Əntik-gümüşü” rəngli papaqların qiyməti isə 350-400 manat arasıdır. Papaqların materialı da bahalaşıb. Bəlkə də alıcılıq qabiliyyətinin aşağı düşməsi də qiymətin baha olmasındadır. Bəzən elə olur ki, papaq bir dəridən yox, iki rəng dəridən tikilir. Belə olan halda papağın qiyməti də yüksək olur” deyə papaqçı deyib.
 
Papaqçı bildirib ki, bir çox tanınmış, ictimai-siyasi xadimlər üçün papaq tikdirib.
 
Sədi Xalayev bildirib ki, papaqlarının satışının təşkil olunmasına ehtiyac var.
“ABAD-la işləyirəm, onlar mənim papaqlarımın satışını təmin edirlər. Amma son vaxtlar onlarda da satış azalıb. 4 ay bundan əvvəl 10 ədəd papaq vermişəm, hələ də satılmayıb. Ondan əvvəlkilər də heç satılmayıb. İş çox zəifləyib. Sərgilər olsaydı işlərim yolunda gedərdi, vəziyyətim yaxşılaşardı. Ümid edirəm ki, bu sahədəki böhranlı vəziyyət tezliklə aradan qalxacaq və xalqımız milli dəyəri, qeyrət rəmzi olan buxara papaqlardan daha çox istifadə edəcək” deyə papaqçı bildirib.
 
Link kopyalandı!
Son xəbərlər