Ekskluziv
7152
31 Jan 2024 | 16:35

"Səhnədə tamaşa hazırlayanda heç kəsə heç nəyi güzəştə getmirəm..." - MÜSAHİBƏ +FOTO

Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev Moderator.az-ın suallarını cavablandırıb.
 
-Vüsal bəy, artıq iki ildir ki, Mingəçevir Dövlət Dram Teatrında baş rejissor çalışırsınız. Bakı və Moskva teatr mühitinə alışan bir şəxs üçün bölgədə rejissor olmaq necə bir haldır?
 
-Sözün düzü Bakı-Moskva-Mingəçevir... Əsas şərt, vacib olan o yerdə teatrın olmasıdır. Əgər orada normal teatr varsa, mənim üçün teatrın harada mövcud olmağının, harada fəaliyyət göstərməyinin heç bir fərqi yoxdur. Əsas teatrdır... Peşəkar teatr.
 
-Mingəçevirə gedəndə nələri gözə aldınız? Gözləntiləriniz özünü doğrultdu?
 
 
-Sözün düzü hər şey mənə əvvəlcədən aydın idi. Mingəçevir Dövlət Dram Teatrını tanıyırdım, bilirdim. Gözə aldım ki, paytaxtdan uzaqlaşıram. Nəzərə aldım ki, gözdən uzaq, könüldən qıraq olacam. Amma indi internet dövrüdür, sosial şəbəkələr vasitəsilə kifayət qədər üzdə qalmaq olur. Harada olursan-ol. Yetər ki, orada teatr olsun. Nələrisə gözləyirdim. Amma mənimlə bağlı gözləmədiyim şeylər də bu teatrda çox baş verdi. Düşünürəm ki, bunlar da normaldır.
 
-Teatrın inkişafı ilk növbədə kimdən asılıdır?
 
-Teatrın inkişafı ilk növbədə teatrda çalışan peşəkarların teatr sənətinə münasibətindən asılıdır. Bu münasibət düz olmalıdır. Hər bir insanın sənətinə münasibəti düz olarsa, o sənət inkişaf edəcək. Söhbət peşəkarlardan, onların sənətə münasibətindən gedir. Kim? Deyə sual etsək.. Rejissordan asılıdır. Teatrı rejissor, dramaturq, teatrşünas inkişaf etdirir. 
 
-Yaxşı rejissor kimə deyilir?
 
-Rejissor sənətini, stilləri, üslubları dərindən bilən, müasir ədəbiyyatla, dramaturgiya ilə hər gün məşğul olan peşəkar adama rejissor deyirlər. Rejissor yeni ideya daşıyıcısıdır. Rejissor münasibəti olan adamdır. Yaxşı rejissor əsl müəlifdir. 
 
 
-Hər dəfə teatrda tamaşa hazırlayarkən hansı problemlərlə üzləşirsiniz?
 
-Yanvarın 25-də artıq iki il oldu ki, burdayam. İndiyə qədər 20-yə yaxın layihə həyata keçirmişik. Bunların içində tamaşa, dövlət tədbirləri, teatrallaşmış layihələr olub. Onlardan 7-8-i tamaşadır. Tamaşaların içində bir-ikisini nisbətən uğurlu sayıram. İntiqam Soltanla birlikdə Mono tamaşalar, Bədii-Qiraət festivalları təşkil etmişik. Mütləq ki, tamaşa hazırlayanda problemlərlə üzləşirsən. Yeni bir tamaşa texniki və aktyor heyəti üçün onların bilmədiyi bir beynimdə olan ideyadır. Bu ideyanı onlara başa salanda, inandırmağa çalışanda mütləq ki, problemlərlə qarşılaşırsan.
 
-Mingəçevir Dövlət Dram Teatrında həqiqətənmi aktrisa çatışmır?
 
-Teatrda həqiqətən də cavan aktrisa çatışmır. Bunu bu günlərdə müşavirədə teatrımızın direktoru İntiqam Soltan cənab nazirə də dedi. Bunun həlli yolları haqqında da düşünürük. Teatrda studiyayaya cəlb edib, özümüz təhsil verib, səhnəyə çıxaracağıq.
 
 
-Şekspirin “Otello” əsərindəki Byanka qadın obrazını aktyorun ifa etməsi də səs-küysüz qarşılanmadı...
 
-Mən baxdım ki, həmin an teatrdakı aktrisalardan bu rola uyğun kim var? İkincisi də bu mənim versiyamdır. Tamaşanın əvvəlində o niyə belə olur? Sonradan haqq qazandırılır. Siz tamaşaya baxsanız görərsiniz ki, aktyorlar yığışırlar masanın ətrafına. Bu rejissorun variantdır. Masanın üzərində paltarlar var. Onlar başa düşür ki, “Otello” əsərini oynayacaqlar. Bir nəfər aktyor gecikir. Gecikdiyi üçün ona qadın rolu düşür. Gəlib paltarı götürür və tamaşaçıların üzünə baxır, münasibətini bildirir ki, mən gecikmişəm, ona görə də mənə bu rol düşdü. Gedib qrimlənir, həmin rolu oynayır. O qadın kimi yox, kişi kimi oynayır.. Onun aktyor kimi münasibəti var idi bu rola. Əzilib-büzülmürdü, qadın hərəkətləri etmirdi. 
 
-Güzəştə gedən rejissorsunuz?
 
-Müəyyən mənada. Mən səhnədə tamaşa hazırlayanda heç kəsə heç nəyi güzəştə getmirəm. Özümə də hətta. Amma ümumi güzəştə gedən adamam. Səhnə qanunları necə tələb edirsə, o qanunlardan başqa hər şeyi güzəştə gedə bilərəm. 
 
 
-Nədənsə Mingəçevir Dövlət Dram Teatrının adı əvvəllər mətbuatda arzuolunmaz xəbərlərlə bağlı çəkilirdi. Elə siz də teatra yeni gələndə adları ştatda olan amma özləri görünməyən 12-yə yaxın aktyorun teatra gəlməsini tələb etmişdiniz. Bundan sonra həmin aktyorların sizə münasibəti necə oldu?
 
-Mən də sizin kimi mətbuatdan və sosial şəbəkədən bu teatr haqda olan xoşagəlməz halları eşidirdim. Biz iki il müddətində teatrımızın direktoru İntiqam Soltanla birlikdə çox gözəl yaradıcı mühit yaratmışıq. Artıq özünüz də şahidsiniz ki, teatrın adı xoşagəlməz mövzularda halllanmır. Yaxşı mənada, yaxşı tamaşalarla adı çəkilir. Dediyiniz kimi idi, hansısa işçilər öz ştatlarında deyildilər. Biz bunu da aradan qaldırdıq. Onların mənə münasibəti də gözəldir. Məni başa düşdülər. Biz izah etdik ki, siz öz yerinizdə olmalısınız. İşləyən işləyir, işləməyən çıxıb getdi. Bu məsələ öz həllini tapdı.
 
 
-Vüsal bəy, hazırda hansı tamaşanın məşq prossesində iştirak edirsiniz?
 
-Bir müddət bundan əvvəl bir tamaşa təhvil vermişəm. Hələ bu dəqiqə özüm “Hacı Qara” əsəri üzərində işləyirəm. Amma bu pyes hələ repertuara daxil deyil, rol bölgüsü də olmayıb, məşq də edilməyib. İsmayıl İmanın “Astara bağları” pyesi var. O pyes üzərində də stolarxasında işləyirəm. Onu da hələ teatr heyəti ilə bölüşməmişəm.
 
​​​​​​
Link kopyalandı!
Son xəbərlər