“Laçında sakinlərin iş problemi necə həll edilir?..”-MÜSAHİBƏ
Ekskluziv
6350
29 Jan 2024 | 20:10

“Laçında sakinlərin iş problemi necə həll edilir?..”-MÜSAHİBƏ

Nəsimi Əsədov: "Bir nömrəli vəzifəmiz Laçın sakinlərinin işlə təmin olunmasıdır…"
 
 
"Belə şikayətlər də eşidilir ki, hansısa sakinlərin evləri işğaldan öncəki evinin ölçüsündən çox kiçik və ailə üzvlərinin sayına uyğun olmayaraq tikilir…" 
 
"Həkərinin sahilindəki restoranlarda balıq tapıb yeyə bilmədik..."
 
30 illik işğal dövründən sonra cəmi bir il 6 aydır ki, sürətli quruculuq, bərpa işləri gedən Laçın şəhərində, sözsüz ki, müəyyən problemlər də yaranır,  sakinlərin narazı qaldığı məqamlar da olur. 
Şəhərdəki bərpa, yenidənqurma, quruculuq, abadlıq işlərinin gedişi, artıq yeni evlərə köçürülmüş və köçürülməsi nəzərdə tutulan keçmiş məcburi köçkünləri narahat edən bəzi məqamlar, sakinlərin işlə təmin olunması  və s. barədə Moderator.az əməkdaşının suallarını “Laçın Abadlıq Xidməti” ASC-nin direktoru Nəsimi Əsədov cavablandırıb...
(Əvvəli burada: )
 
-Nəsimi müəllim, Laçın şəhərindəki evlərin bərpası və sakinlərin yerləşdirilməsi zamanı kiminsə ev yerinin  başqasına verilməsi halları ilə bağlı sizə konkret müraciət olubmu?
 
-Xeyr, bizə belə müraciətlər olmayıb. Sadəcə, hansısa ərazidən müəyyən dövlət layihəsi üzrə yol keçə və yaxud tikinti işləri aparıla bilər, yəni oradakı evlər plana düşə bilər. Məsələn, mənim Laçındakı öz ata evim qonşuluqdakı digər 18 evlə bərabər dövlət layihəsi icra edilən əraziyə düşüb. Belə ki, orada böyük bir park layihəsi icra edilir və içərisində erməni vandalizmini əks etdirən muzey tikilir. Həmin muzeydə işğal vaxtı dağıdılmış bir neçə ev olduğu kimi saxlanılacaq... Yəni belə olan halda artıq sakinlərin evlərinin öz yerində bərpası mümkün olmur. Lakin bu halda həmin sakinlər şəhərin digər yerlərində tikiləcək evlərlə təmin olunacaq... 
-Bəzən belə şikayətlər də eşidilir ki, hansısa sakinlərin evləri işğaldan öncəki evinin ölçüsündən çox kiçik və ailə üzvlərinin sayına uyğun olmayaraq tikilir… 
 
-Öncə dediyimiz kimi, Laçın şəhərində evlər FHN-nin rəyi və Əmlak Komitəsinin verdiyi ölçülər əsasında bərpa olunur. Əgər evlər işğaldan öncəki ölçüsünə uyğun qalıbsa, həmin ölçüdə də bərpa olunur. Bəzən bəzi sakinlər deyir ki, bizim işğaldan əvvəl evim daha böyük olub, əlavə otağımız olub. Düzdü, əgər hansısa ailənin tərkibi genişlənibsə, bu, Əmlak Komitəsi "Dövlət Qaçqınkom" tərəfindən nəzərə alınır və o zaman həmin ailə üçün əlavə otaqlar da tikilir.  Amma yaxın gələcəkdə artıq tamamilə dağıdılmış evlərin tikintisinə gəldikdə, burada “Dövlət Qaçqınkom”un verdiyi siyahı əsasında hər bir ailənin tərkibi məlum olduğundan otaqların sayı da ona uyğun tikiləcək. Hesab edirəm ki, o zaman artıq heç bir sakin tərəfindən ciddi narazılıq olmayacaq…
 
-Laçında bina tipli mehmanxanaların tikintisi nəzərdə tutulubmu?
 
-Bəli,  Laçında bina tipli otellərin tikintisi nəzərdə tutulub. Ancaq bizə rəhbər qurumlardan konkret tapşırıq gəlməyib. Bildiyimə görə, yaxın  vaxtlarda belə mehmanxanaların tikintisi başlanmalıdır. Hazırda şəhərin mərkəzindəki keçmiş ikimərtəbəli mehmanxana binası və  digər ikimərtəbəli binalardan biri hotel kimi bərpa olunur. Söhbət işğaladək Qarıkahası ərazisində peşə məktəbi üçün nəzərdə tutulmuş və tikintisi yarımçıq qalmış binadan gedir. Həmin bina müasir formada restavrasiya olunub tikilərək mehmanxana kimi istifadəyə veriləcək… 
 
-Ekologiyaya aid də bir sual verəcəyik.  Bəlkə sizin məlumatınız ola; deyirlər ki, Həkərinin şəhərin aşağı hissəsindən keçən hissəsində balıq tapılmır. Dünən axşamçağı istədik bulvar ərazisinə yaxın restoranlardan birində 32 ildən sonra Laçın balığı yeyək, dedilər ki, çayın bu hissəsində balıq yoxdu deyə, biz də balıq xörəkləri hazırlaya bilmirik. Halbuki işğaldan əvvəlki dövrlərdə yay-qış həmişə Həkərinin yanındakı yeməkxanalarda balıq yemək olurdu…
 
-Düzü, bizim sahəyə aid olmadığından bu suala dəqiq cavab verə bilmərik. Ola bilər, çayda  balıqların azlığı qış ayları olmasıyla bağlıdır. Yeni qurulmuş “Həkəri” balıqçılıq müəssisəsində kənardan gətirilmiş növlərlə yanaşı, yerli farel balıqlarının da  çoxaldılması da nəzərdə tutulub… Həkərinin aşağı hissəsində balığın olmaması həm də onunla bağlı ola bilər ki, işğal dövründə ermənilər indi yeni salınan Sus kəndinin yaxınlığında su anbarı tikib və həmin qurğu hələlik olduğu kimi qalıb. Bu səbəbdən balıqlar əsasən Həkərinin yuxarı hissəsində və həmin anbarın daxilində qalır…
 
-Bildiyimizə görə, Laçında məskunlaşmış əhalinin işlə təmin olunması istiqamətində də çalışırsız?
-Bəli, hazırda qarşımızda duran bir nömrəli vəzifə və məsələlərdən biri Laçın şəhərinə köçürülmüş vətəndaşların iş yerləri ilə təmin olunmasıdır. Bununla bağlı “Bakı Abadlıq Xidməti” tərəfindən evlərin bərpası və tikintisi ilə yanaşı, iş yerlərinin yaradılması vəzifəsini də həyata keçirir. Və bu istiqamətdə əsas işlərdən biri şəhərin kənar hissəsində aqroparkın yaradılması oldu. Orada 46 müəssisənin istifadəyə verilməsi nəzərdə tutulub ki, bu isə ümumilikdə 1200-ə yaxın iş yeri deməkdir.  Bu, böyük bir layihədir. Artıq bir neçə müəssisəmiz ötən ildən işə düşüb və  Laçın sakinləri orada işə qəbul olunublar. Yeni il ərəfəsində də daha iki yeni müəssisə işə düşdü: xalçaçılıq emalatxanası və keramik qabların istehsalı sexi. Yeni -2024-cü ilin ilk ayında isə breket istehsalı, dam örtüklərinin istehsalı, yuyucu vasitələrin istehsalı müəssisələri işə başlayıb.  Bu günlərdə ayaqqabı fabriki də işə düşməlidir. Bulvara yaxın ərazidə də tikiş sexinin açılması və 35 xanımın işlə təmin edilməsi nəzərdə tutulub. Bir sözlə, biz tikinti və bərpa işləri ilə yanaşı, şəhər sakinlərinin işlə təmin olunması və onların rifah halını yüksəldilməsi üçün də əlimizdən gələni edirik...
-Nəsimi müəllim, sizin öz işlərinizdə, yəni şəhərin bərpa-quruculuq işlərində hansı çətinliklər var?  Yəqin ki, əsas çətinliklər keçmişdə qalıb?
 
-Bəli, demək olar ki, əsas çətinlikləri keçmişik.  Və Allahın bu gününə şükürlər olsun ki, Laçın şəhərində yaşayıb-işləyirik. Heç bir çətinlik bizi qorxutmur…  Hamımızın on illərlə ürəyində olan arzusu, istəyi cənab Prezidentin rəhbərliyi altında ağlagəlməyən bir məqamda həyata keçirildi və torpaqlarımız işğaldan tam azad olundu. Fəxr edirəm ki,  44 günlük savaş dövründə özüm də bir zabit kimi iştirak etmişəm...
10 noyabr bəyanatı əsasında yaranmış atəşkəs zamanı Laçın şəhərinin hələ də düşmən nəzarətində qalması bizləri çox narahat edirdi. Bəzən hətta insanlarda bir az bədbinlik yaranırdı ki, Laçın, eləcə də Xocalı, Xankəndi  və s. nə vaxtadək düşmənlərimizin əlində qalacaq. Ancaq sonda hamı gördü ki, Ali Baş Komandanın siyasəti məhz bütün torpaqlarımızın, o cümlədən Laçının azad edilməsi istiqamətində olub. Və iki il gec olsa da, əlavə itki, şəhid vermədən, siyasi-diplomatik yolla artıq Laçın şəhəri də birbaşa Azərbaycan dövlətinin yurisdiksiyasına keçdi. Ötən ilin sentyabrında heç kəsin gözləmədiyi bir halda cəmi bir sutkalıq lokal əməliyyat nəticəsində Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və s. məntəqələrimizin də azad olunması Laçında məskunlaşan keçmiş məcburi köçkünlərin gələcəyə inamını daha da artırdı. Və bizlər də daha böyük inam və həvəslə şəhərimizdəki quruculuq, abadlıq işlərini davam etdirməyə başladıq. Bu gün doğma Laçınımızda yaşayıb-işləməyimizdən böyük sevinc və  qürur ola bilməz… Dediyim kimi, heç bir çətinlik qorxmadıq və qorxmuruq. Və ən əsas çətinliklər arxada qaldı… Dönüb  keçmiş 1 il 4 ayda yaşadıqlarımıza baxdıqda həmin çətinliklər artıq ötmüş bir yuxu kimi görünür… İlk vaxtlar kamp şəklində vaqonlarda yaşayıb-işləməyə məcbur idik.  Bəzən səhər tezdən oyanıb əl-üzümüzü yumağa su tapmadığımız, elektrik enerjisinin, istiliyin olmadığı vaxtlar da olub… 
-İşə başladığınız ilk günlər Laçında elektrik enerjisi təminatı yəqin, çox zəif idi…
 
-Bəli, şəhərin çox cüzi bir hissəsində, əsasən indiki Bayraq meydanında hazırda bizim ofisimiz yerləşdiyi “poçt” deyilən məkanadək küçə işıqlanması var idi. Məhz elektrik, su, istilik problemləri səbəbindən Laçının bərpası üçün işçi qüvvəsinin səfərbər olunması da iki ayadək sürdü. Və Allaha şükür ki, bu gün artıq həmin çətinliklər yoxdur. İndi bəzən hansı bir qəza səbəbindən işıqların 10-15 dəqiqə ərzində yanmaması insanlarda təəccüb hissi yaradır… 
 
Sultan Laçın
 
Bakı-Laçın-Şuşa-Bakı
 
 
Link kopyalandı!
Son xəbərlər