Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
12310
27 Jan 2024 | 10:53

“Zaxarova Rəsulzadəyə də dil uzatdı...-Yəqin, arxayındır ki, Azərbaycandakı “5-ci kalon”...”

“XİN dünən ona dərhal yerindəcə cavab verməli idi ki, sən və yaxud sənin nazirin Lavrov-Kələntaryan kimsiniz ki, müstəqil(!) Azərbaycan Respublikası Prezidentinin Şərqdə ilk demokratik dövlətin qurucusu, Azərbaycan demokratik dövlətçiliyinin banisinin yubileyinin keçirilməsi haqda imzaladığı sərəncama dil uzadırsınız?..”
 
-FİKİR SAVAŞI...-
 
Xəbər verildiyi kimi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü, əslində Kremlin Cənubi Qafqaz üzrə canişini Mariya Zaxarova artıq o qədər həddini aşıb ki, dünən keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına da “mız” qoyub...
 
Guya məsələyə münasibət bildirməyə bu xanımı hansısa erməni jurnalistin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı provokativ sualı vadar edib.
 
Yəni üzdə görünən bu olub ki, erməni jurnalist Zaxarovaya Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladığını xatırladıb və bildirib ki, ADR qurucusu “Böyük Vətən” müharibəsi illərində nasistlərin lideri Adolt Hitlerlə SSRİ-yə qarşı “əməkdaşlıq edib” və Azərbaycan legionunun yaradılmasından “iştirak edib”.
 
Cavabında isə M. Zaxarova belə deyib:
 
“Biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq...” 
 
Sözsüz ki, bütün avtoritar, totalitar ölkələrdə olduğu kimi, Rusiyada da heç bir jurnalist öncədən razılaşdırılmadan dövlət, hökumət rəsmisinə sual verə bilmədiyindən Zaxarovanın Rəsulzadə ilə bağlı Azərbaycana söz atması da əvvəlcədən qurulmuş ssenari olub... 
 
Və bu, açıq-açığına müstəqil(!) Azərbaycan dövlətinin daxili işlərinə  müdaxilə etməkdir. Azərbaycan XİN dünən Zaxarovaya dərhal yerindəcə cavab verməli idi ki, sən və yaxud sənin nazirin Lavrov-Kələntəryan kimsiniz ki, müstəqil(!) Azərbaycan Prezidentinin Şərqdə ilk demokratik dövlətin qurucusu, Azərbaycan demokratik dövlətçiliyinin banisinin yubileyinin keçirilməsi haqda imzaladığı sərəncama dil uzadırsınız?..
 
Əvvəla, Rəsulzadə faşistlərlə  birbaşa siyasi-ideoloji əməkdaşlıq etməyib, o, sadəcə, Almaniyadakı azərbaycanlı əsirlərin azad edilməsinə nail olmaq məqsədi ilə Hitlerlə görüşüb. İkincisi də, söhbət faşistlikdən gedirsə, faşistin böyüyü XVIII əsrdən bəri keçimiş sovet məkanındakı digər xalqlar kimi Azərbaycan torpaqlarını da işğal edən, onları bölən, bölüşdürən, Azərbaycan xalqını alət topluma çevirdiyi ermənilər vasitəsilə soyqırımlara, repressiyalara, deportasiyalara məruz qoyan, elə Rəsulzadənin qurduğu müstəqil dövlətimizi 1920-ci ildə işğal edən, bu gün də Ukrayna xalqına qarşı amansız işğalı, soyqırımı davam edən Rusiya imperiyasının keçmiş və indiki rəhbərləridir...
O halda biz Rusiyaya qarşı iddia irəli sürə bilmərikmi ki, nəyə görə Azərbaycanı işğal etmiş, xalqımızı qətliamlara, repressiyalara, deportasiyalara məruz qoyanların başında duran Leninin cəsədini mavzoleydə saxlayırsız, heykəllərini uçurmursuz, bütün dünyanın diktator kimi tanıdığı Stalinə yeni-yeni heykəllər ucaldırsız?.. Və s. və i.a.
 
Bilirsiz, bunlara dinmədikcə çox irəli gedirlər. İndi, müttəfiqlik sazişi imzalamışıq, Qarabağı erməni(!) işğalından tam azad etməyimizə susublar deyə, boynumuza minməlidirlər?!. Guya susmayıb, nə edəcəkdilər ki?..
 
Belə baxıram, bir az da dinməsək və Allah eləməmiş, Rusiya Ukraynanı tamamilə çökürtməyə başlasa, Zaxarova tələb etməyə başlayacaq ki, Azərbaycanda media və sosial şəbəkələrdə Rusiya dövlətini, onun ordusunu işğalçı, Putini, diktator, faşist adlandıran vətəndaşlara, xüsusən də jurnalistlərə, ictimai fəallara qarşı cinayət işi açılsın, onlar həbs edilsin və hətta Rusiyaya ekstradisiya edilsin!..
 
Görünür, Zaxarova da, elə onun ağası Kələntəryan-Lavrov da Azərbaycanın daxili, xarici işlərinə müdaxilə etməkdə, bəzən Azərbaycanın əvəzinə danışmaqda və s. Azərbaycanın Rusiyanın əyalətinə çevirməyə çalışan “5-ci kalon”una güvənirlər... Yəqin, həm də hesab edirlər ki, həmin imperiya inventarları tezliklə dövlətimizi Rəsulzadənin 140 illiyi haqqındakı Prezident sərəncamını ləğv etməyə nail olacaq və bununla bağlı tədbirlərin keçirilməməsinə nail olacaq üstəlik, bundan sonra bütün respublika üzrə Məhəmməd Əminə qarşı qarayaxma kampaniyaları başlayacaq və sovet dövründə, Stalin dönəmində olduğu kimi onu Azərbaycanın “1 nömrəli xalq düşməni” elan edəcəklər... Amma düşünürük ki, əbəs yerə ümidlənirlər... Çünki Azərbaycan xalqı artıq bu “5-ci kalon”un harada və kimlərdən ibarət olduğunu yaxşı bilir, çağdaş günümüzün Əliheydər Qarayevlərini də gözəl tanıyır və 1920-ci ildə olduğu kimi meydanı belələrinə buraxmayacaq...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər