“Laçına köçən soydaşlarımıza evlər “Dövlət Qaçqınkom”-un tərtib etdiyi siyahı əsasında verilir…”
Ekskluziv
2318
26 Jan 2024 | 20:17

“Laçına köçən soydaşlarımıza evlər “Dövlət Qaçqınkom”-un tərtib etdiyi siyahı əsasında verilir…”

“Şəhərdə ictimai nəqliyyatla bağlı layihə də artıq təsdiqlənib... Gözləyirik ki, yaxın vaxtlarda fəaliyyətə başlayacaq...”
 
30 illik işğal dövründən sonra cəmi bir il 6 aydır ki, sürətli quruculuq, bərpa işləri gedən Laçın şəhərində, sözsüz ki, müəyyən problemlər də yaranır,  sakinlərin narazı qaldığı məqamlar da olur... Şəhərdəki bərpa, yenidənqurma, quruculuq, abadlıq işlərinin gedişi, artıq yeni evlərə köçürülmüş və köçürülməsi nəzərdə tutulan keçmiş məcburi köçkünləri narahat edən bəzi məqamlar, sakinlərin işlə təmin olunması  və s. mövzularda Moderator.az əməkdaşının suallarını “Laçın Abadlıq Xidməti” ASC-nin direktoru Nəsimi Əsədov cavablandırıb...
-Nəsimi müəllim, Laçın şəhərində yenidənqurma, bərpa və tikinti işləri necə gedir?  İşlərin hansı mərhələsi yekunlaşıb və daha hansı işlər nəzərdə tutulub?
 
-“Laçın Abadlıq Xidməti”, demək olar ki, 2022-ci ilin sentyabrından fəaliyyətə başlayıb. İki ay ərzində əmək resurslarının səfərbərliyi prosesi gedib. Ondan sonra  - təxminən noyabr ayından artıq tikinti işlərinə start verilib. Bərpa-quruculuq işlərinin birinci mərhələsini, yəni Laçın şəhərində bərpaya yararlı evlərin istifadəyə verilməsini, demək olar ki, bitirmişik. Şəhərdə təmir-bərpa işləri başlamamışdan öncə Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi bütün dağılmış və ya tamamilə dağıdılmamış, işğal dövründə ermənilərin yaşamış olduğu binalara və qeyri-yaşayış obyektlərinə baxış keçirmişlər. FHN-in rəyinə əsasən bərpaya yararlı binaların siyahısı tərtib olunmuş və ilkin mərhələdə həmin yaşayış evlərin bərpası nəzərdə tutulmuşdu. Bu günədək 620-yə yaxın belə evdə bərpa işləri görülüb tamamlanıb. 9 çoxmənzilli yaşayış binasında bərpa işləri davam edir. Onlardan ikisində əsas işlər tamamlandığına görə sakinlər mənzillərlə təmin edilib. Laçın şəhəri üzrə bütün kommunikasiya xətləri, yəni su, qaz, elektrik, rabitə, kanalizasiya xətlərininyeraltı çəkilişi həyata keçirilib. Bu da şəhərin turistik baxımdan da daha da gözəl görünməsinə şərait yaradır… 
 
Deyilən işlərlə yanaşı, şəhərdə ümumi abadlıq, təmizlik, yaşıllaşdırma işləri də davam edir. Yaxın müddətdə biz Laçında tikinti işlərinin ikinci mərhələsinin başlanmasını gözləyirik. Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən ilk növbədə şəhid  və qazi ailələri və ən ağır şəraitdə, yataqxanalarda, yarımçıq binalarda və s. yaşayan soydaşlarımızın siyahıları hazırlanır. Həmin siyahılar hazır olduqdan sonra Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəliyinə veriləcək və oradan da onların əsasında ikinci mərhələdə tikintini başlamaq üçün bizə təqdim ediləcək. Həmin evlər artıq sıfırdan, yəni tamamilə yenidən tikiləcək. Belə ki, ilk baxışdan yaşayış üçün yararlı kimi görünən, ancaq FHN tərəfindən yaşayış üçün yararsız olması haqda rəy verilmiş evlər və binalar da söküləcək və onların yerində “Qaçqınkom”un verdiyi ailə tərkibinə uyğun müasir və standart evlər tikiləcək…
-Məlumatınız yoxdur ki, yəqin, Laçın şəhərinin işğalınadək neçə illər burada işləmiş və rəsmən şəhərdə qeydiyyatda olmuş vətəndaşlar da gələcəkdə evlə təmin ediləcək?
 
-Bilirsiz, bu məsələyə bizim cavab vermək səlahiyyətimiz yoxdur. Bu suala “Dövlət Qaçqınkom” daha aydın cavab verər…
 
- Sakinlərin artıq köçdüyü bütün evlər yanacaqla, istiliklə təmin edilibmi?
 
-2023-cü ilin sonuna yaxın Laçın şəhərinə təbii qaz verilişi təmin edildi. Və o vaxtadək evlərin isti su ilə təmin olunması üçün “Ariston” tipli qızışdırıcılar quraşdırılmışdı. Lakin  qış öncəsi şəhərdəki yaşayış olan evlərin, demək olar ki, 98 faizi qazla və “kombi” istilik sistemi ilə təmin olunub. Hətta bir neçə nəfər  yaxınlaşıb ki, evimizdə həddindən artıq istidir, hərarəti endirmək lazımdır… 
 
-Şəhərdə əhalinin ərzaq təchizatı ilə bağlı hansısa problem yoxdur ki? 
 
-Xeyr. Hazırda Laçında “Araz” supermarketindən əlavə bir neçə market  fəaliyyət göstərir. Daha bir neçə marketin açılması gözlənilir. Onlarda da bütün əsas gündəlik ərzaq və digər malların satışı təmin edilir…
 
-Ancaq, deyəsən, təsərrüfat, elektrik malları ilə təminatla bağlı çətinlik var?
 
-Bəli, bu sahədə müvəqqəti çətinlik var. Lakin bu yaxınlarda təsərrüfat, elektrik və xırdavat malları satışı ilə məşğul olacaq iki mərtəbəli bir mağaza istifadəyə verilməlidir…
-Laçında ərzaq məhsullarının qiymətləri necədir? Biz yalnız “Araz” supermarketinə baş çəkə bildik…
 
-Bəli, “Araz” supermarket bu yaxınlarda istifadəyə verilib. Orada da, digər dükanlarda da ərzaqlar, bildiyimə görə elə paytaxtdakı qiymətlərə bərabər - uyğun qiymətlərə satılır. Ticarətin qaydası belədir ki, əhalinin sayı artdıqca və alternativ satış obyektləri olduqca qiymətlər öz-özünə tənzimlənəcək…
 
-İctimai nəqliyyatın təmin olunması işləri nə yerdədir?
 
-Laçın şəhərində ictimai nəqliyyatla bağlı layihə artıq təsdiqlənib; marşrutlar, dayanacaqların yerləri, nəqliyyyatın hərəkət intervalları da müəyyənləşdirilib. Ancaq, görünür, müəyyən problemlərlə bağlı həmin layihənin icrası ləngiyir. Biz bir neçə dəfə Prezidentin Laçın üzrə xüsusi nümayəndəliyinə də müraciət etmişik. Cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Bakıdakı müvafiq qurumlarla danışıqlar aparılır. Gözləyirik ki, yaxın vaxtlarda Laçın şəhərində əhalinin rahat hərəkətini təmin edəcək ictimai nəqliyyat fəaliyyətə başlayacaq…
 
-Şəhərdə işğal dövründə dağıntılara məruz qalmış qəbiristanlıqların durumu  necədir? 
 
- Artıq məlumat verildiyi kimi,  bilavasitə “Bakı Abadlıq Xidməti” şirkəti tərəfindən şəhərdəki əsas, köhnə qəbiristanlıq müasir qanun və qaydalara uyğun bərpa edilib. Dağıdılmış məzar daşları həmin şirkətin öz vəsaiti hesabına yenilənib. Laçın şəhəri yaxınlığındakı Qarıkaha ərazisindəki köhnə qəbiristanlıq da bizim işçilər tərəfindən kol-kosdan və s. tamamilə təmizlənib… 
 
Yeni qəbiristanlıq üçün yer ayrılması üçün Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov tərəfindən artıq tapşırıq verilib. Bunun üçün bizim şirkətin nümayəndələri ilə birgə əraziyə baxış keçirmişik. Alternativ bir məkan seçilib.  Yaxın vaxtlarda da bununla bağlı digər işlərə başlanılacaq… 
 
-Yeri gəlmişkən, Laçın şəhərinin köhnə qəbiristanlığında bir neçə qəbirin yenidənqurma işləri və ya yol çəkilişi zamanı dağıdılması haqda sosial şəbəkələrdə də xeyli müzakirələr getdi. Həmin hadisə haqda konkret məlumatınız varmı?
 
-Xeyr, yayılan məlumatlar yanlışdır. Laçın qəbiristanlığında yenidənqurma və bərpa işləri zamanı heç bir məzar dağıdılmayıb. Əksinə, dediyim kimi, “Bakı Abadlıq Xidməti” şirkəti öz vəsaiti hesabına orada ermənilər tərəfindən baş və sinə daşları dağıdılmış xeyli məzarı bərpa edib. Məsələ orasındadır ki, həmin məzarlığın içərisinə hələ işğaldan öncəki dövrdə də dəfn zamanı cənazəni və eləcə də məzar daşlarını rahat daşımaq üçün təxminən 20 metrədək məsafədə yol daxil olub. İşğal dövründə isə ermənilər mərmər daşları asanlıqla götürüb aparmaq üçün həmin yolu bir az da irəli çəkərək azərbaycanlı qəbirlərini dağıdıblar.  Və bu da belə təəssürat yaradıb ki, guya Laçın işğaldan azad edildikdən sonra orada yol çəkilişi zamanı məzarlar dağıdılıb.  Onu da deyim ki, bu haqda Laçın rayon ağsaqqallarından Qəzənfər Hüseynov da şəhər sakinləri kimi, qəbiristanlığa da bələd olan bir şəxs olaraq bir neçə telekanalda və sosial şəbəkədə danışaraq ətraflı izahat verib və bildirib ki, orada deyilən hadisə baş verməyib... 
 
-Bizə hətta atalarının məzarı dağıdıldığı deyilən iki şəxsin ad-soyadları da məlum olub:  Laçın sakinləri Səlimov Azər Müslüm oğlu və Nəcəfov Rauf Malik oğlu. Adı çəkilən şəxslər sizə bu məsələ ilə bağlı müraciət edibmi?..
 
-Xeyr, bizə həmin şəxslərin müraciəti olmayıb... Amma bir dəfə bir laçınlı müraciət etdi ki, atamın məzarını tapa bilmirəm. O, hesab edirdi ki, bərpa işləri zamanı qəbiristanlığın ətrafına çəkilən istinad divarının guya xeyli içəri keçməsi səbəbindən o, atasının qəbrini tapa bilmir. Biz Laçın rayonunun keçmiş baş memarı, hazırda isə Laçının yenidən qurulması prosesində məsləhətçi memar kimi fəaliyyət göstərən Azər Məmmədovdan bu məsələni araşdırmasını xahiş etdik. Azər müəllim məzarlığa getdi və aydınlaşdırdı ki, belə şey baş verməyib, çox güman ki, həmin şəxsin atasının məzarı ermənilər tərəfindən dağıdılıb. O, xatırlatdı ki, mən özüm Laçın şəhəri Azərbaycanın nəzarətinə keçəndən bəri yalnız 3 dəfə qəbiristanlığa gedib axtarandan sonra müəyyən əlamətlərinə əsasən öz atamın məzarını tapa bilmişəm...
-Belə məlumatlar da səslənir ki, kimlərinsə evlərinin qalıqları, divarları tamamilə buldozerə verilərək yerlərindən yol çəkilib...
 
-Bilirsiz, işğal dövründə ermənilər istədikləri evləri dağıdıblar, istədikləri yerdən yollar çəkiblər. Konkret Laçının bərpası dövründə də ermənilərin çəkdiyi həmin ara yollar hansısa evə gedən yol kimi bərpa olunub,  işğal vaxtı dağıdılmış ev yeri isə həmin yol sahəsinə düşüb. Ancaq bizə vətəndaşlar tərəfindən konkret belə müraciətlər olunanda bildiririk ki, sizin evinizin tikilməsi haqda qərar veriləndə öz yerində tikiləcək və digər qonşunun yolu əvvəlki yerindən çəkiləcək...
-Nəsimi müəllim, kimlərinsə ev yerinin  başqasına verilməsi halları ilə bağlı sizə konkret müraciət olubmu?
 
(Davamı var)
 
Sultan Laçın
 
Bakı-Laçın-Şuşa-Bakı
 
Link kopyalandı!
Son xəbərlər