Ekskluziv
2077
23 Jan 2024 | 20:14

"Fələstin dövləti yaradılmayınca ərəb və müsəlman dünyasında qəzəb və qəddarlıq artacaq" - Lavrov

"Bu qəzəb təkrarlanacaq, getdikcə daha çox nəsillər özlərini rədd edilmiş və aldadılmış hiss edəcək..."
 
BMT Təhlükəsizlik Şurasının bugünkü iclasından öncə Rusiya XİN rəhbəri İran, Türkiyə və Livan həmkarları ilə görüşüb
 
Fələstin dövləti yaradılmayınca, ərəb və müsəlman dünyasında zaman-zaman daha çox qəddarlıq baş verəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov "CBC" telekanalına müsahibəsində bəyan edib.
 
"Bu, peyğəmbərlik deyil, amma mən əminəm ki, ədalət olmayınca, Fələstin dövləti yaradılmayınca, getdikcə, zaman-zaman Fələstində və ya ərəb və müsəlman dünyasının başqa bir hissəsində qəddarlıq artacaq", - nazir deyib.
 
Lavrov həmçinin vurğulayıb ki, "7 oktyabr barbarlığına" haqq qazandırmaq olmaz.
 
"Bu qəzəb təkrarlanacaq, getdikcə daha çox nəsillər özlərini rədd edilmiş, aldadılmış hiss edəcək", - Rusiyanın baş diplomatı deyib.
 
BMT Təhlükəsizlik Şurasının bugünkü iclasından öncə Sergey Lavrov Nyu-Yorkda özünün İran, Türkiyə və Livan həmkarları ilə görüşündə Yaxın Şərqlə bağlı ən kəskin mövzuları müzakirə edib. İkitərəfli görüşlərdə əsas diqqət əsasən Qəzza bölgəsinə, Siriyaya və Qırmızı dənizdə gərgin vəziyyətə yönəlib.
 
Rusiya XİN bəyan edib ki, Lavrov və İranın XİN rəhbəri Əmir Abdullahiyan Qəzzada tezliklə atəşin dayandırılması və mülki əhaliyə humanitar yardımın göstərilməsinin zəruriliyi ilə bağlı yekdil fikrə gəlib.
 
"Qırmızı dəniz akvatoriyasında gərgin vəziyyət və onun ABŞ və onunla birgə bir sıra dövlətlərin Yəmənə qarşı məsuliyyətsiz güc aksiyaları nəticəsində daha da kəskinləşməsindən ümumi narahatlıq ifadə edilib", - məlumatda deyilir.
 
Xəbər verildiyi kimi, ABŞ və Böyük Britaniya Yəmən husilərinə Qırmızı dənizdə gəmilərə hücumlarla bağlı əlavə zərbələr endirib.
 
"Tərəflər Rusiya-İran münasibətləri və BMT Nizamnaməsinin əsas prinsipləri, o cümlədən daxili işlərə müdaxilə etməmək, bir-birinin suverenliyi və ərazi bütövlüyünə tam qarşılıqlı hörmət prinsiplərinə sədaqətini bir daha təsdiq edib", - Rusiya XİN qeyd edib.
 
Livanın XİN rəhbəri Abdulla Bu Həbiblə görüşündə Lavrov Yaxın Şərq regionu ölkələrinin atəşkəsin dərhal dayandırılması üzrə kollektiv səylərinin vacibliyindən danışıb. Lavrov Livanın Fələstin-İsrail münaqişəsinə cəlb edilməsinin yolverilməzliyini vurğulayıb.
 
"Söhbət zamanı Lavrov Fələstin-İsrail münaqişəsinin eskalasiyasına və regionun digər dövlətləri, o cümlədən Livanın bu münaqişəyə cəlb edilməsinin yolverilməzliyini vurğulayıb. Bununla əlaqədar olaraq Qəzzada atəşin dərhal dayandırılması və kəskin humanitar problemlərin həllinə yönələn kollektiv səylərin vacibliyi qeyd edilib".
 
Qeyd edilib ki, Rusiyanın Livan Respublikasının suverenliyi, birliyi və ərazi bütövlüyünə dəstək göstərilməsi mövqeyi dəyişməz qalır.
 
Lavrovun Türkiyənin XİN rəhbəri Hakan Fidanla görüşündə energetika məsələləri, habelə "qarşıdakı ikitərəfli təmaslar" müzakirə edilib.
 
"Kəskin regional problemlərin, ilk öncə Qəzza bölgəsi, Suriya, bütövlükdə Yaxın Şərqdə və Qara dəniz zonasında, habelə Cənubi Qafqazda problemlərin həllinin axtarılmasında ölkələrimizin atdıqları addımların koordinasiya edilməsinin vacibliyi vurğulanıb", - məlumatda deyiir.
 
Xəbər verildiyi kimi, bundan öncə Lavrov 2023-cü ilin yekunlarına həsr edilən mətbuat konfransında həm İsraildə festival iştirakçılarına hücumu, həm də İsrail rəsmi şəxslərinin fələstinlilər haqqında bəyanatlarını çirkin adlandırıb.
Link kopyalandı!
Son xəbərlər