“Azərbaycanın beynəlxalq arenada artan nüfuzu daha da möhkəmlənəcək”  - MÜSAHİBƏ
Ekskluziv
2647
23 Jan 2024 | 16:50

“Azərbaycanın beynəlxalq arenada artan nüfuzu daha da möhkəmlənəcək”  - MÜSAHİBƏ

Prezident İlham Əliyevin hakimiyyət illərində Azərbaycan regional və qlobal səviyyədə, o cümlədən beynəlxalq arenada beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirərək həm bu təşkilatlarda öz nüfuzunu artıb, həm bəzi təşkilatların sədrliyinə yiyələnib, həm də beynəlxalq tədbirlərə ev sahibliyi etməklə beynəlxalq aləmdə yerini möhkəmləndirib. Təbii ki, prezident İlham Əliyevin həm şəxsi əlaqələri, həm də xarici siyasətə qoyulan sərmayə imkan verib ki, Azərbaycan son 20 il ərzində beynəlxalq münasibətlərdə iştirakçı üzv statuslu ölkədən, digər dövlətlərin davranışına təsir göstərən ölkəyə çevrilsin. Bunun bariz nümunəsidir ki, Azərbaycan yalnız regional deyil, həm də qlobal miqyasda qüdrətini bu gün də artırmağa davam edir. 
 
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli mövzuya dair Moderator.az-ın suallarını cavablandırıb.
 
- Ramil bəy, Prezident İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın beynəlxalq arenada fəallığı, beynəlxalq tədbirlərdə iştirakı və ev sahibliyi, eləcə də beynəlxalq təşkilatlara sədrliyi əhəmiyyətinə görə necə xarakterizə etmək olar?
 
- Azərbaycan dövləti öz müstəqilliyini bərpa etdikdən sonra, əsasən 90-cı illərdə dövrün tələbinə uyğun olaraq nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, həmin qurumların üzvü olmaq və beynəlxalq münasibətlər sisteminə inteqrasiya olunmaq Azərbaycanın əsas məqsədi olub. İlham Əliyevin prezidentliyi dövründə, yəni, son 20 il ərzində Azərbaycan nəinki beynəlxalq təşkilatların fəal üzvünə çevrilib, həmçinin beynəlxalq münasibətlər sistemində vacib əhəmiyyət daşıyan beynəlxalq və regional aktora, o cümlədən beynəlxalq münasibətlərdə iştirakçı üzv statuslu ölkədən, digər dövlətlərin davranışına təsir göstərən ölkəyə çevrilib. Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan dünya miqyasında çox güclü mövqelərə sahib olub. Azərbaycanın beynəlxalq aləmdə olan hörməti günbəgün daha da artır. 2011-ci ildə isə ölkəmiz Qoşulmama Hərəkatına üzv olub. Qoşulmama Hərəkatının BMT-dən sonra dünyanın ikinci ən böyük bir təsisatı kimi daha çox institusionallaşmasında, tarixinin ən güclü və nüfuzlu olduğu dövrünün Azərbaycan Prezidenti İlham Əliyevin təşkilata rəhbərlik etdiyi dövrdə yaşayıb. Qoşulmama Hərəkatının yaradılmasının müstəmləkəçiyə qarşı mübarizənin təməl prinsiplərindən və fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan neokolonializmə qarşı mübarizəni də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Ölkəmiz BMT, İslam Konfransı Təşkilatı (İKT), Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), Müstəqil Dövlətlər Birliyi (MDB) və digər beynəlxalq və regional təşkilatların aparıcı üzvünə çevrilib. Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi günlərdə dövlətimiz böhranın aradan qaldırılması məqsədilə ədalətli münasibət, bərabər paylaşım adı ilə təşəbbüs irəli sürdü ki, bunlar da təşkilat üzvləri və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olundu.
 
- Bəs, bu fəallıq Azərbaycana nələr qazandırdı?
 
- İlham Əliyev Azərbaycanı regional stabillik və sülh qarantı kimi dünyaya tanıtdırdı. Həm siyasi, həm də iqtisadi baxımdan, xüsusilə də energetika sektorundakı nailiyyətlərini vurğulayaraq, Azərbaycanı dünya energetika bazarında daha çox nüfuzlu bir ölkə kimi mövqeyə yüksəlib. Prezident İlham Əliyev tərəfindən irəli sürülən 3+3 əməkdaşlıq formatını xüsusilə qeyd etməliyik. Bu əməkdaşlıq formatı regionun inkişafı və bölgədə yaşayan xalqların rifahı üçün olduqca əhəmiyyətlidir. Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2012-2013-cü illər üçün keçirilən seçkilərdə qələbə Azərbaycanı Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə etdi. 
 
- Bu prosesin Azərbaycan siyasətindəki rolu necədir? Yəni, beynəlxalq təşkilatlarla əməkdaşlıq hansı sırada yer alır?
 
- ⁠- İlham Əliyev beynəlxalq müstəvidə ölkəyə qarşı aparılan siyasi və diplomatik təzyiqlərə tab gətirərək, hərbi müstəvidə çox böyük və uğurlu qələbəyə imza atdi. 30 il ərzində işğal altında olan torpaqların azad olunmasında müstəsna rol oynadı. Beynəlxalq hüququn qorunması müstəvisində önəmli təşəbbüs göstərən İlham Əliyev məntiqli və sübuta əsaslanan cavabları ilə xarici düşmənlərimizə layiqincə cavab verdi. 44 günlük Vətən müharibəsi və xüsusilə də 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Bu, suverenliyimizin bərpasını biz artıq vətəndaşların səs vermək hüququ prizmasından da yanaşaraq qeyd edə bilərik ki, ərazilərimiz üzərində bütövlüyümüzün və suverenliyimizin bərpası vətəndaşların Azərbaycanın hər bir qarışında artıq səsvermə hüququnun həyata keçirilməsini təmin edəcək.
 
- Azərbaycan bu uğura necə nail olub? 
 
- Azərbaycanı az vaxtda dünya miqyasında tanınan ölkəyə çevirən prezident İlham Əliyev aktivliyi, çevik və düzgün siyasətilə bir çox ölkələr üçün nümunə oldu. Bütün bunlar, sözsüz ki, xarici siyasətdə əldə edilən çoxşaxəli, gərgin və səmərəli fəaliyyətin nəticəsidir. 
 
- Gələcək perspektivdə bu fəaliyyəti necə dəyərləndirmək olar?
 
- Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin liderliyi ilə uğurla həyata keçirilən xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq arenada artan nüfuzu daha möhkəmlənəcək. Azərbaycanda keçiriləcək “COP-29” beynəlxalq konfransı bütün dünya ölkələrinin diqqət mərkəzindədir. 2024-cü ildə “COP-29” beynəlxalq konfransı, iki həftə ərzində Bakını dünyanın diqqət mərkəzinə çevirəcək. Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınır. Bu konfransdan sonra Azərbaycan dünyada “yaşıl enerji” növlərini yaratmasının və bu enerjinin dünya bazarlarına nəql et-məsi ilə də tanınacaq. Azərbaycan öz ərazilərində, o cümlədən də işğaldan azad edilən ərazilərdə müasir infrastrukturun mövcudluğu və yüksək dərəcədə təhlükəsizliyin təşkilini bir daha sübut edəcək. 
 
Mərahim Nəsib
Link kopyalandı!
Son xəbərlər