Ekskluziv
2415
20 Jan 2024 | 17:57

"Xalq QULAQ sisteminin dirçəldilməsini istəyir" - Rusiya Dövlət Dumasının deputatı

 
"Mən Vətənimizə burada, daxildə ziyan vuranların Kolımada külüng vurmasını istəyirəm..."
 
"Bu üzdəniraq deputat həm də Putinə etimad göstərməyən rusiyalıların 20 faizini məhv etməyi təklif edib..."
 
Rusiya parlamenti aşağı palatasının "Vahid Rusiya" partiyasından olan deputatı general Andrey Qurulyov hesab edir ki, "dövlətə qarşı çıxanlar"ın hamısı üçün QULAQ sistemini (İslah-Əmək Düşərgələri Baş İdarəsi-red.) dirçəltmək lazımdır.
 
Moderator.az xəbər verir ki, o, bu barədə "Tsarqrad" telekanalının efirində bəyan edib.
 
Vahid Rusiyadan olan deputat QULAQ sistemini dirçəltmək istəyir. O, "dövlətə qarşı çıxanlar" üçün Stalinin düşərgələr sisteminə dönməyi lazım bilib.
 
"Mənə deyirlər ki, sən yenidən QULAQ yaratmaq istəyirsən". Düzünü deyim, mən bunu istəyirəm ki, bu gün Vətənimizə burada, daxildə ziyan vuranların Kolıma rayonunda külüng vurmasını istəyirəm. Bu, həqiqətdir. Həm də bunu tək mən yox, xalq da istəyir", - deputat əmindir.
 
Bu üzdəniraq rusiyalı deputat yadfikirlilərə qarşı dəfələrlə radikal, bəzən isə qəribə mübarizə metodlarına çağırışlar edib.
 
Belə ki, 2023-cü ilin fevralında o, bəyan edib ki, 1913-cü ildə dünyasını dəyişən Lesya Ukrainkanı xarici agent elan etmək lazımdır
 
2023-cü ilin aprelində Qurulyov açıq mətnlə Stalin repressiyalarını dirçəltməyə çağırış edib. 
 
Oktyabr ayında o, prezident Vladimir Putinə etimad göstərməyən rusiyalıların 20 faizini məhv etməyi təklif edib. 
 
Dekabrın ortalarında o, yazıçı Boris Akunini fiziki cəhətdən aradan götürməyi təklif edib.
 
Sankt-Peterburqdan olan deputat Boris Vişnevski Qurulyovun sözlərinin ekstremizmə görə yoxlanılmasını təklif edib. 
 
Lakin polis və prokurorluq deputatın fikirlərində şübhəli heç nə aşkar etməyib.
 
Dövlət Dumasının etika üzrə komissiyasının rəhbəri Valentina Tereşkova Qurulyova dəstək verərək, onun öz fikrini və şəxsi mövqeyini ifadə etmək hüququ olduğunu iddia edib.
Link kopyalandı!
Son xəbərlər