Bizi sosial şəbəkələrdən izləyin:
“Zeynəb Xanlarova üçün illər öncə şeir yazmışdım. Jurnalist Qafar Əskərzadə bu şeirimi Zeynəb xanıma çatdırmışdı. Mahnı kimi ifa olunmayıb. Zeynəb xanımın uzun illər əvvəl mənə böyük dəstəyi olub. Hazırda da mənə görə çox narahatdır. İllər öncə Fatma Abdullazadəyə mənə görə müraciət etmişdi. Pis vəziyyətdə yaşadığımı, övladımın ikinci qrup əlil olduğunu bildirmişdi. Fatma Abdullazadə də Zeynəb xanımı sevmirdi, onunla yola getmirdi. Xəbər göndərmişdi ki, “Zeynəb mənim işimə qarışmasın. Mən kimə istəsəm ona da təqaüd, fəxri ad, mənzil verdirirəm”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, ötən illərin məşhur müğənnisi Ədilə Əflaki deyib. O daha sonra əlavə edib.
“Zeynəb xanım hər zaman mənə dəstək olub. Mən xeyriyyəçi, milyonçu Ələkbər bəy Nəzərlinin nəvəsiyəm. Zeynəb xanımın anası ilə babam yaxın qohumdur. O bilirdi ki, mən kimin nəvəsiyəm. Zeynəb xanımın anamla o qədər şəkilləri var ki. Köhnə məhəllədə yaşayanda çəkdiriblər. Bir dəfə də bir məmurun yas mərasimində Zeynəb xanımla görüşdüm. Əlimdən tutub məni qabağa çəkdi. Hər zaman sənətimi, əziyyətimi yüksək qiymətləndirib. Bilirdi ki, cəbhə bölgələrinə getmişəm, Almaniyada ilk dəfə efir konserti vermişəm. Bunları görüşəndə mənə özü deyirdi. Məclisdə ona dedim ki, Mahrux Muradova yataq xəstəsidir, dərman almağa da pulu yoxdur. Zeynəb xanım getdi Milli Məclisdə məsələ qaldırdı. 2-3 gün sonra Mahrux Muradovaya təqaüd verdilər. Mahrux Muradova 1 ay o təqaüdü aldı, sonra dünyasını dəyişdi. Zeynəb xanım belə mərd qadındır” deyə sənətkar bildirib.
Ədilə Əflaki şəraitindən, səhhətindən də söz açıb.
“Rəhmətlik millət vəkilimiz Qənirə Paşayeva tez-tez gəlib məni ziyarət edirdi. Mənim ev məsələmə artıq heç kəs baxmır. Qənirə xanım rəhmətə gedəndən sonra mənim mükafatımı da kəsdilər. Hazırda 300 manat pensiyamla dolanıram. 50 il sənətdə can qoymuşam. Onurğa sütunumdan cərrahiyə əməliyyatı olunmuşam. Yataq xəstəsiyəm. 10 gün ərzində artıq gəzə də bilmirəm, ağrılarım çoxalıb, iynə ilə yaşayıram. Fizioterapiya olmağa pulum da yoxdur. 700 manat pul lazımdır. Əl ağacı ilə gəzirəm. Beynimdə, qulaqlarımda partlayış olub. Çox pis vəziyyətdəyəm. Ola bilsin ki, Aygün Bəylərin arxasınca mən dünyadan köçüm. Oğlumun da sol ayağı quruyur. Gör məmurlar nə qədər qudurub ki, Zeynəb xanımın da sözünü saymırlar. Onun arxasınca heç kim danışa bilməz. Hətta Mədəniyyət Nazirliyinə də evlə bağlı müraciət ünvanlanıb. Cavab gəlib ki, “Mədəniyyət Nazirliyi heç kimi evlə təmin etmir”. Babam Ələkbər bəy Nəzərlinin məzarı da uçulub gedir. Nazirlik heç bunu da bərpa etmədi. Babamın məzarı orada, mən də burada məhv olub gedirəm” deyə sənətkar bildirib.