Bir neçə gün öncə qazimiz Bəhlul Əliyevin rep söylədiyi görüntülər sosial şəbəkələrdə paylaşıldı və böyük marağa səbəb oldu. Videonu minlərlə insan bəyəndi, yüzlərlə insan sevgi və rəğbət ifadə olunan şərhlər bildirdi.
Tufan ləqəbi ilə tanınan qazimiz Bəhlul Əliyev Moderator.az saytına müsahibə verib.
“Mən - Əliyev Bəhlul Faiq oğlu İsmayıllı rayonundanam. 2001-ci ildə 18 yaşım tamam olub, hərbi xidmətə çağırılmışam. Hərbi xidmətdə Füzuli bölgəsində olmuşam. 2002-ci il dekabrın 31-i düşmən tərəfindən pozulan atəşkəs nəticəsində aldığım güllə yarasından yaralanmışam və hazırda I qrup Qarabağ əliliyəm. Bu sözü həmişə deyirəm: “Hansısa bədən üzvümüzü qurban etməyi özümüz də istəməmişik, bəlkə. Çünki o qədər zəif deyilik ki, gedək can verək. Can alıb, Vətəni qorumaq bizim borcumuzdur. Canımızın yarısını vermişik, bütöv canımız da Vətənə qurbandır.”
Tufan ləqəbli Bəhlul Əliyev deyir ki, artıq 16 ildir ki, rep yazır və səsləndirir. Bir növ, rep yazmaq onun təsəlli vasitəsinə çevrilib.
“Repə 2008-ci ildə atam rəhmətə gedəndən sonra başlamışam. Əslində, uşaqlıqdan şeir yazırdım. Reabilitasiya mərkəzində bir uşaq vardı, gördüm ki, rep yazmağa çalışır. O yazmağa çalışarkən, bir də baxdım gördüm ki, mən bütün həyat hekayəmi repə tökmüşəm. İlk repimin adı “Şükr elə” oldu. Yazdım, orda olan hər kəsə dinlətdim, gördüm ki, hamı göz yaşına qərq olub. Ondan sonra davamlı yazmağa başladım. 2011-2012-ci illərdə ATV kanalında “Tanıdım səni” adlı bir layihə vardı, ona qatıldım. Sanki, təsəllimi repdə tapdım.”
Qazimiz bildirdi ki, bu gün əkiz qızları İrşadla Zərifənin ilk yaşları tamam olur. Onun qızları ilə bağlı şükürü sonsuz, arzuları çoxdur.
“Bu gün əkizlərim Dilşadla Zərifənin bir yaşı tamam olur. Mən çevrilib geriyə baxanda görürəm ki, çox uğurlarım var. Amma ən böyük uğurum mənim qızlarımdır. Onları verənə şükür. Allah bütün balaları qorusun, içində də mənim balalarım. Olmayanlara da qismət olsun. Allah mənə qızlarımın gözəl günlərini yaşatsın.”
Vətən uğrunda canının yarısını qurban vermiş bir igid üçün Vətənin bütöv halını görmək, Zəfəri yaşamaq xoşbəxtliyin özüdür. O, bu günə qədər qazandıqlarını və itirdiklərini xatırladı, sonda yenə də “yarım qalanlar bütöv Vətən uğrundadır” deyib, şükür etdi.

“Bizim həmişə ürəyimiz yanırdı Vətənimiz düşmən tapdağındadır deyə. Bu günlər üçün çox oğullar canından keçdi. Vətən bütöv olsun deyə, öz bütövlüyünü, sağlamlığını itirən oğlanlar və onların yetişdirən ailələr var. Ağır atletika ilə məşğul olmuşam. Sağlamlar arasında da, əlillər arasında da ikinciliklərim, üçüncülüklərim olub. Respublika çempionu olmuşam. Rep sahəsində də bu gün müəyyən qədər tanınıram. Adım Bəhluldur, ləqəbim Tufan. Çox şey qazanmışam. Amma itirdiyim iki ayağımla həm də gənckən gəncliyimi itirmişəm, 47 yaşlı ata itirmişəm. O, mən yaralanandan sonra dözmədi, infarkt keçirdi və dünyasını dəyişdi. Amma yenə də deyirəm ki, bu günümüzə şükür. Allahın verdiyinə də, aldığına da min şükür. Biz Vətənə yarımızı vermişik, canımız da qurbandır. Allah xalqımı, ordumu, yurdumu qorusun.”
Moderator.az